Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün həmişə qonaq-qaralı, tədbirli, görüşlü olan “Ədibin Evi”ndə növbəti bir tədbir - “Rəqəmsal mühitdə qadın hekayələri” adlı müzakirə keçirildi. Mətbuat və ədəbi dairələrin nümayəndələri, eləcə də blogerlərin iştirak etdiyi, ASAN Radio və TV-nin direktoru, tanınmış aparıcı Emin Musəvinin moderatorluğu ilə keçən tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 25 noyabr -10 dekabr tarixlərində təşkil edilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində baş tuturdu.
Mövzu ilə bağlı iştirakçılarla fikirlərini Əməkdar jurnalist Flora Xəlilzadə və ADA Universitetinin media eksperti Lalə Kişiyeva bölüşdülər.
Flora Xəlilzadə Mir Cəlal ocağının ona çox əziz olduğunu dilə gətirərək vaxtilə ona dərs deyən görkəmli Azərbaycan yazıçısı, tənqidçisi və pedaqoqunu gender bərabərliyinə qatqı verməkdə nümunə gəitrdi, onun həm əsərlərində tərənnüm etdiyi, həm də özünün yaşadığı və tələbələrinə təlqin etdiyi dəyərlərindən danışdı, dedi ki, Mir Cəlal müəllim qız tələbələrinə daim qayğı ilə yanaşır, bizi oğlan qrup yoldaşlarımıza bir növ tapşırardı, hamımıza bərabər imkanlar yaratmağa çalışardı.
Əlbəttə ki, gender bərabərliyi yolunda elə bunlar cəsarətli cəhdlər hesab oluna bilər.
Flora xanım həm də qadın hüquqsuzluğu ilə mübarizədə bədii ədəbiyyatın görkəmli rolunu da qeyd etdi, bunu “Əlfi Qasımovun “Adilənin taleyi” romanından gətirdiyi müqayisəli təhlillə diqqətə çatdırdı. Həm də vurğuladı ki, medianın gender stereotiplərinin yaradılması və ya dəyişdirilməsində, eləcə də gənc nəslin formalaşmasında əvəzsiz rolu var.
Lalə Kişiyeva gender nəzəriyyələrinə əsaslanaraq cəmiyyətdə dəyişən meyillər, burada informasiya texnologiyalarının rolundan bəhs etdi. Tədqiqatlara əsasən Azərbaycanda qadınlarla bağlı onlayn mühitdə ictimai münasibətdə pozitiv dəyişiklikləri qeyd edən media eksperti qadınlar barədə “uğur hekayələrinin” sayının artdığını bildirdi və bu işıqlandırmanın davamlı olmasının vacibliyini qeyd etdi. Beynəlxalq təcrübəyə, habelə dərs dediyi ADA universiteti tələbələrinə yönəli müşahidələrinə istinadən natiq bildirdi ki, fərdlər müxtəlif olduğu kimi dünyagörüşləri də müxtəlifdir, eləcə də mühit fərqləri də nəzərəçarpandır. Bu səbəbdən də qadın xoşbəxtliyi tam subyektiv amillərə söykənir.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehralıyeva gender bərabərsizliyi anlamına ümumi baxışla qiymət verdi, xüsusən gənc nəslin təlim-tərbiyəsinə önəm verilməsinə diqqət çəkdi, ailə institutunun təkmil olmasının faydalarına toxundu, sosial mediadakı bəzən olduqca gərəksiz mövzuların trenddə olması gerçəkliyində rəhbərlik etdiyi qurumun bu sayaq tədbirlərlə cəmiyyətin diqqətini cəlb etmək istəklərini dilə gətirdi.
Yazıçı-publisist Aqşin Yenisey Fransa təcrübəsi ilə hətta demkratik ölkələrdə belə qadına qarşı şiddətin olması faktlarını bu məsələni şərq-qərb qarşıdurması kimi qələmə verməyin uğursuzluğuna isbat olaraq gətirdi, eyni zamanda qadın azadlığının çağdaş postfeminizm dövründən sonrakı daha radikal dönəmə adlaya biləcəyi, qadınların daha kişilərlə bərabərləşməyi deyil, onları ötüb keçmək istəmələri ilə yeni şəraitə qədəm qoyacağı ehtimalını dilə gətirdi.
“Rəqəmsal mühitdə qadın hekayələri” adlı müzakirə interaktiv şəkildə davam edərək müasir Azərbaycan ədəbi və media mühitinə təsir edən amilləri nəzərdən keçirdi. Fikir bildirən hər kəs mövzu ilə bağlı narahatçılığını dilə gətirsə də sonda həm də nikbin olduğunu, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inamını da izhar etdi.
İştirakçılar və dinləyicilər daha sonra isti çay və şirniyyat masası arxasında ünsiyyəti davam etdirdilər.
Bəli, rəqəmsal mühitdə qadın hekayələri müxtəlifdir. Yetər ki, bu müxtəliflikdə qara deyil, al-əlvan rənglər daha üstün olsunlar.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


