İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Qarabağ uğrunda döyüşlərdə igidlik və qəhrəmanlıq göstərmiş, müqəddəs şəhidlik məqamına ucalmış şəhid və qazilərin sırasında oğuzlu müəllimlər də olmuşdur. Onları yad etmək, xatirələrini yaşatmaq hamımızın borcudur. Gəlin, onları bir daha yad edək.
I Qarabağ müharibəsində rayonumuzun müəllimlərindən Ə.Salamov (Sincan), Ş.Abdullayev (Bucaq), X.Məmmədov (Yaqublu), Ç.Həsənov və R.Nəsrullayev (Yemişənli), X.Babayev (Oğuz 1 saylı), M.Məmmədov (Zərrab), Y.Məmmədov (Şirvanlı), S.Əsgərov (Böyük Söyüdlü), İ.Rəhimov (Qumlaq), S.Səmədov (Baş Daşağıl), Y.Növruzov (Daşüz), F.Məhyəddinov (Oğuz 2 saylı) və digər müəllimlərimiz erməni işğalçılarına qarşı göstərdikləri igidliklərlə öz şagirdlərinə qəhrəmanlıq nümunəsi göstərmişlər.
I Qarabağ müharibəsində Qumlaq kənd orta məktəbinin hərbi rəhbəri İntizam Rəhimov isə uca şəhidlik zirvəsinə yüksəlmişdir.
ŞƏHİD MÜƏLLİMİMİZ – İNTİZAM ƏHMƏD oğlu RƏHİMOV
Baş leytenant İntizam Rəhimov 1959-cu ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuşdur.1966-1976-cı illərdə həmin məktəbdə oxumuşdur. 1978- 1980-ci illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. İ. Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitunun hərbi hazırlıq fakultəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakultəni bitirmişdir.1987-ci ildə Oğuz rayon Padar kənd orta məktəbində, daha sonra isə Tayıflı kənd orta məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləmişdir.
Qarabağ müharibəsi başlayanda, 1992-ci ilin 14 iyununda İntizam müəllim könüllü olaraq vətənin müdafiəsinə yollanmışdır. 1992-ci il iyul ayının 5-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Vətən uğrunda canından keçmiş İntizam Rəhimovun adı əbədiləşdirilmiş, oxuduğu Qumlaq kənd tam orta məktəbi və Oğuz şəhərindəki küçələrdən biri İntizam Rəhimovun adını daşıyır.
***
II Qarabağ müharibəsində isə müəllimlərimizdən R.Lətifov (Sincan), C.Kamallı (Qarabaldır), E.Kərimov (Bucaq), T.Fərəcov (Sincan) və digərləri öz sələflərinin qəhrəmanlıq ənənələrini davam etdirmiş, yeni tarix - Zəfər tarixi yazmışlar.
Bu döyüşlərdə Sincan kənd tam orta məktəbinin direktor müavini Rəvan Lətifov qəhrəmancasına şəhid olmuşdur.
ŞƏHİD MÜƏLLİMİMİZ – RƏVAN ÖMÜR oğlu LƏTİFOV
Lətifov Rəvan Ömür oğlu 1991-ci il avqustun 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. O, 1997-ci ildə V.İbrahimov adına Xaçmaz kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olaraq "Təhsilin təşkili və idarə olunması" ixtisasına yiyələnmişdir. 2014-cü ildən Oğuz rayon Ə.Abdulhüseyn adına Sincan kənd tam orta məktəbində "Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə" müavin vəzifəsində fəaliyyətə başlamışdır.
29 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün hərbi xidmətə çağırılmışdir. Manqa komandiri olmuş, döyüşlərdə hər zaman öndə vuruşmuşdur
Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş, sonra Şuşa uğrunda gedən döyüşlərə qatılaraq qəhrəmancasına şəhid olmuşdur. 16 noyabr 2020-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Sonda onu da qeyd etməyi lazım bilirik ki, Qarabağ müharibəsinin şəhid və qazilərinin hamısı vətənpərvər Oğuz müəllimlərinin yetirmələridirlər. Onların hər biri bizim üçün əziz, doğma və unudulmazdır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlıq və uzun ömür diləyirik.
“Ədəbiyyat və incəsənət”
(23.10.2025)