“Nikol Paşinyanın açıqlaması Ermənistanın hərbi reallığını göstərir” – CƏLİL XƏLİLOV Featured

 

 

“Nikol Paşinyanın məlum yanaşması tamamilə mövcud reallıqları əks etdirir” – bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov bildirib.

 

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür. Cəlil Xəlilov  hesab edir ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı və maddi-texniki bazası daha da güclənib: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bugünkü Azərbaycan Ordusu Vətən müharibəsindəki ordu deyil. Hazırkı Azərbaycan Ordusu həmin dövrdən qat-qat güclü və qüdrətlidir. Bu isə onu göstərir ki, Azərbaycanla Ermənistan arasında güc balansı zaman keçdikcə daha da artır və Ermənistanın bu nisbəti dəyişməsi mümkünsüzdür”.

O, əlavə edib ki, Paşinyanın açıqlaması həm hərbi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır: “Bu bəyanat həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb. Ermənistan rəhbərliyi açıq şəkildə göstərmək istəyir ki, ölkənin Azərbaycanla yenidən hərbi müstəvidə qarşılaşmaq niyyəti və potensialı yoxdur. Eyni zamanda, bu yanaşma revanşist qüvvələrə də konkret mesajdır. Onların arzuları ilə reallıq arasında böyük fərq var və bu niyyətlər heç vaxt gerçəkləşməyəcək.”

Cəlil Xəlilovun sözlərinə görə, Paşinyanın çıxışı regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və bölgədəki mövcud reallığı ifadə edir.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.