Uqandalı nazir “ASAN xidmət”də

 

Ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN”dan verilən məlumata görə, qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Görüş zamanı Uqandada “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış Xidmət Mərkəzlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edilib.

Uqandalı nazir ölkəsindəki Xidmət Mərkəzlərinin fəaliyyəti nəticəsində vətəndaş məmnunluğunun artdığını qeyd edərək Azərbaycan tərəfinə göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb. Həmçinin o,  vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını təmin edən Səyyar ASAN xidmət təcrübəsinin də Uqandada tətbiqində maraqlı olduğunu bildirib.

Xatırladaq ki, hazırda Uqandada “ASAN xidmət” təcrübəsi əsasında 6 mərkəz fəaliyyət göstərir.

Nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar da ətraflı məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.