İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Şəhidlər Xiyabanında Vətən Müharibəsinin Oğuz şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqcusu Məhəbbət Vaqif oğlu Paşayevin anadan olmasının 26-cı ildönümü münasibəti ilə xatirəsi anılıb.
Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon İcra Hakmiyyətinin Şöbə müdiri və əməkdaşları, şəhid ailələri, Oğuz şəhər Nail İbrahimli adına 3 N-li məktəb-litseyin kollektivi, Oğuz bələdiyyəsinin , Gənclər İdman sektorunun əməkdaşları, din xadimləri, mədəniyyət işciləri, rayon ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsində xüsusi şücaət göstərərək döyüşüb qəhrəmancasına şəhadətə yüksəlmiş şəhid Məhəbbət Paşayevin doğum günü ilə əlaqədar şəhidin Oğuz Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, şəhid məzarları önünə gül-çiçək dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ünvana gedilərək ailə üzvləri ziyarət edilib.
Məhəbbət Vaqif oğlu Paşayev 05 avqust 1999-cu ildə Şəki rayonu Bolludərə kəndində anadan olmuşdur. 2006-cı ildə ailəsi ilə Oğuz şəhərinə köçmüş və 3 nömrəli məktəb-liseydə təhsil almışdır. 26 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmış, Goran, Ağcakənd, Ballıqaya bölgəsində xidmət keçmişdir. Əsgəri xidmətdə olarkən komandanlıq tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif olunmuşdur.
2020-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır. Sentyabrın 27-də başlayan düşmən təxribatlarının qarşısının alınması, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə qatılmışdır. Məhəbbət müharibənin ilk günlərində cəbhənin yarılmasında fəal iştirak etmiş və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə sentyabrın 29-da qəhrəmancasına şəhid olmuşdur.
Bir gün sonra, sentyabrın 30-da Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda ”, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə”, 05.11.2021– ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə “ medalları ilə təltif olunmuşdur.
Şəhid Məhəbbət Paşayevin adı əbədiləşdirilərək Oğuz şəhərindəki küçələrdən birinə verilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)