Avstriyadakı soydaşlarımızdan “Qarabağ”a dəstək

 

Ağdamın “Qarabağ” Futbol Klubunun əsas heyəti Avstriyada təlim-məşq toplanışı çərçivəsində bir sıra yoldaşlıq görüşləri keçirib. Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən komanda Ukraynanın “Metalist Xarkov”, Niderlandın “Tvente” və Avstriyanın “Red Bull Salzburg” klubları ilə qarşılaşıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlummata görə, Avstriyada yaşayan soydaşlarımız, o cümlədən Avstriya Azərbaycanlıları Cəmiyyəti və digər diaspor təşkilatlarının üzvləri təlim-məşq toplanışı, eləcə də oyunlar zamanı “Qarabağ”ı tək buraxmayıb. Stadion tribunalarında dalğalanan Azərbaycan bayraqları, səsləndirilən şüarlar həm “Qarabağ”ın oyunçuları, həm də yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu mənzərə Azərbaycan diasporunun milli həmrəyliyini, vətənə bağlılığını bir daha nümayiş etdirib.

Soydaşlarımız “Qarabağ” komandasının əzəli və əbədi torpaqlarımızın simvollarından birinə çevrildiyini və adını layiqli şəkildə daşıdığını bildiriblər.

Komandanın baş məşqçisi Qurban Qurbanov göstərilən diqqət və dəstəyə görə Avstriyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına, xüsusilə Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Zalsburq Azərbaycan Evinə təşəkkür edib. “Qarabağ”ın bütün üzvlərinin imzaladığı rəsmi formalar adıçəkilən təşkilatlara hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.