Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1991-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Qubadlı rayonunun Cibikli kəndi mütəmadi hücumlara məruz qalırdı. Erməni silahlı birləşmələri qəfil hücumlarla yerli sakinləri qorxudaraq doğma yurdlarını tərk etməyə məcbur etməyə çalışırdılar. Bu gərgin dövrdə Sovet zabiti, ukraynalı leytenant Oleq Babakın komandanlıq etdiyi rota Yuxarı Cibikli kəndində yerləşdirilmişdi. Sovet ordusunun bu bölməsi dinc əhalinin təhlükəsizliyini təmin etmək və mümkün silahlı toqquşmaların qarşısını almaq vəzifəsini icra edirdi.
Lakin erməni yaraqlılarının növbəti təxribatı nəticəsində iki kənd sakini itkin düşdü, kənd isə ağır atəşə tutuldu. Məsələ barədə dərhal xəbərdar edilən leytenant Oleq Babak vəziyyəti yerində qiymətləndirmək və mülki əhalini qorumaq üçün kəndə yollandı. Lakin erməni yaraqlıları Sovet əsgərlərinə də atəş açmağa başladı. Döyüş başlayanda Babak kəndin sahə müvəkkili və iki serjantla birlikdə əhalinin müdafiəsinə qalxdı. Sakinlər arasında yaralananların sayı artdıqca, leytenant Babak serjantlara yaralıları dərhal kənddən çıxarmağı əmr etdi. O, döyüş meydanında tək qalaraq iki saata yaxın erməni silahlılarına qarşı qəhrəmanlıqla mübarizə apardı.
Babak geri çəkilmək əvəzinə, mühasirədə qalan Cibikli kənd sakinlərinin təhlükəsizliyini təmin etmək üçün düşmənlə üzbəüz dayandı. O, Sovet zabiti olduğunu bildirərək atəşin dayandırılmasını tələb etdi. Lakin erməni yaraqlıları onu mühasirəyə aldı. Bu an Babak keçmiş döyüş yoldaşı olan bir erməni döyüşçüsünü gördü və ondan xilas olub-olmayacağını soruşdu. Cavab isə amansız oldu: "Sən mənim millətimin nümayəndələrini öldürmüsən, səni necə diri saxlamaq olar?" Qeyri-bərabər döyüşdə təkbaşına 30-a yaxın düşməni zərərsizləşdirən Babak arxadan açılan xain güllə ilə şəhid edildi.
Həmin döyüş zamanı cəmi 24 yaşı olan Babakın xidməti bitməyə və vətəninə qayıdıb nişanlısı ilə ailə qurmağa bir ay qalırdı. Lakin o, şərəf və vicdanı naminə son nəfəsinə qədər döyüş meydanında qaldı.
Babakın qəhrəmanlığı təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında böyük hörmətlə xatırlanır. Onun fədakarlığına görə 1991-ci ilin 17 sentyabrında ona Sovet İttifaqı Qəhrəmanı adı verildi və Lenin ordeni ilə təltif olundu. Və o, bununla həm də tarixə düşdü. Bu mükafat SSRİ tarixində verilən sonuncu mükafat oldu.
SSRİ-nin dağılmasından sonra belə, Babakın adı unudulmadı. Moskva vilayətinin Puşkin rayonundakı parkda onun abidəsi açıldı, doğma kəndindəki məktəb və Moskva yaxınlığındakı küçələrdən biri onun adını daşıdı.
Qubadlı əhalisi Babakı böyük hörmətlə xatırlayır. O, Cibikli kəndinə gəldiyi gündən yerli əhali ilə dostlaşmış, Azərbaycan dilini öyrənməyə çalışmış və uşaqlarla ünsiyyət qurmaqdan xüsusi zövq almışdı. Kənd sakinləri onu "Babək" deyə çağırırdılar, çünki o, tarixi qəhrəman Babəkin cəsarətini xatırladırdı. Babakın nəşi çətinliklə də olsa, ermənilərdən geri alındı və böyük ehtiramla vətəninə göndərildi.
Onun xatirəsi bu gün də Azərbaycan xalqının və keçmiş Sovet hərbçilərinin yaddaşında qəhrəmanlıq nümunəsi kimi yaşayır. Qəhrəmanlığın milliyyət tanımadığını sübut edən Oleq Babak Azərbaycanın haqq mübarizəsində canını fəda edən əcnəbi bir igid kimi daim ehtiramla anılacaq.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)