Somalidə “ASAN xidmət” təcrübəsi tətbiq ediləcək

 

12 fevral 2025-ci il tarixində Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, agentliyin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Hazırda Azərbaycanın intellektual brendinin 20-dən çox ölkəyə ixrac edildiyi  diqqətə çatdırılıb.

Qonaq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Həmçinin o, “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yüksək peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirib. Somali Prezidenti Azərbaycan təcrübəsi əsasında ölkəsində dövlət xidmətləri mexanizminin yenilənməsinə və bununla bağlı verilən dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.  

Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

Bu gün Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.