Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirinin müavini Huda Əl Həşimi "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Qonaq 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət”in təşkil edəcəyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Görüş zamanı 22 noyabr 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun implementasiyası istiqamətində həyata keçirilmiş və nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Qonağa həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)