Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın görkəmli ziyalıları sırasında bir ad da var: Teymur Bünyadov. Dünən onun anım günü idi.
"Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə aprelin 8-i akademik Teymur Bünyadovun vəfat etməsinin 2-ci ildönümü ilə əlaqədar olaraq İkinci Fəxri Xiyabanda məzarı ziyarət olundu. Anım tədbirində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri və Teymur Bünyadovun ailə üzvləri iştirak edirdilər.
Yağışlı hava şəraitinə baxmayaraq qədirbilən insanlar onun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad etdilər.
Çıxışçılar Teymur Bünyadovun əvəzsiz ziyalı, dəyərli qazaxlı olduğunu qürur və iftixarla dilə gətirdilər. Qazaxda qızğın döyüşlər gedən zaman Teymur Bünyadovun Vətənin bütövlüyü uğrunda bir ziyalı kimi fədakarlığı yad olundu.
İlham Pirməmmədov onun dövlətə, xalqa xidmətlərini bu cür xatırladı: "Teymur müəllim sözün əsl mənasında dəyərli ziyalı idi. Azərbaycan Milli Məclisinə II çağırış millət vəkili seçildi. Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri idi. O daim dövlətin, dövlətçiliyin yanında dayandı. Gənclərin təhsil almasında, savadlı yetişməsində əlindən gələn köməkliyi əsirgəmirdi. "Qazax" Xeyriyyə İctimai Birliyi Ağsaqqallar şurasının sədri idi. Teymur müəllimi görəndə elə bilirdim ki, arxamda böyük bir dağ var. Onun ən əvəzolunmaz xüsusiyyətlərindən biri də o idi ki, hər zaman bizə nəsihət edərdi ki, gənclər oxusun, savadlı olsun, elmli olsunlar, o zaman düşmən üzərində qələbə çalmaq asan olacaq. Dəyərli ziyalı, müdrik el ağsaqqalı kimi əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır".
Teymur Bünyadovun ailəsi adından kürəkəni, tarix elmləri namizədi, dossent Əsgər Əhməd çıxış edərək tədbir iştirakçılarına Teymur Bünyadovun xatirəsini əziz tutduqları üçün təşəkkür və minnətdarlıqlarını bildirdi.
Ziyarətçilər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Aslan Aslanovun, millət vəkili Qənirə Paşayevanın, keçmiş Təhsil Naziri Qurban Əliyevin, Azərbaycanın dövlət xadimi Lidiya Rəsulovanın və ictimai-siyasi xadim, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun da məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla yad etdilər.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(09.04.2024)