“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə keçirilən 3-cü “YAŞAT” idman düşərgəsi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
4 gün ərzində davam edən düşərgə Abşeron Olimpiya İdman Kompleksində həyata keçirilib.
Layihədə cənub bölgəsində - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Astara, Lerik, Yardımlıda yaşayan 6-12 yaş aralığındakı 30-a yaxın şəhid övladı iştirak edib.
Düşərgənin 3-cü günü iştirakçılar Dənizkənarı Milli Park ərazisində yerləşən qədim dənizçilik ənənələrinə malik “Suraxanı” gəmi-muzeyini ziyarət edib, ekspozisiyalar haqqında məlumatlandırılıblar. Nahar tədbirindən sonra onlar müxtəlif növ canlıların qorunduğu Bakı Zooloji Parkında maraqlı vaxt keçirib, Azərbaycanın nadir faunası haqqında məlumat əldə ediblər. Ardınca atçılıq mərkəzinə ekskursiya təşkil olunub. Uşaqlar nadir at cinsləri ilə tanış olub, at sürüb və göldə qayıqla gəzintiyə qatılıblar. Şəhidimiz Elvin Əzizovun övladı Ayxanın doğum günü qeyd olunub.
Gün gimnastika, boks və cüdo idman növləri üzrə ustad dərsləri ilə davam edib. Ardınca təşkil olunan kino saatında da uşaqların əyləncəsi təmin olunub.
Düşərgənin 4-cü günü keçirilən bağlanış mərasimində layihənin baş sponsoru olan “Azərkontrakt” tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Layihənin məqsədi region gənclərinin Bakı şəhəri ilə tanışlığı, onların fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkilidir.
Layihənin baş sponsoru : “Azərkontrakt” ASC
Layihənin dəstəkçiləri : “Suraxanı”gəmi-muzeyi, “Bakı Zooloji Parkı”
Layihənin media dəstəkçisi : ASAN TV & Radio
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)