“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

 

​​20 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair  təqdimat keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 ​“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2023-cü ildə də davam etdirilib.

​Əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

 ​Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.

 Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış ediblər.

 ​Birinci hissədə 2023-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2023-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

 ​Mərkəz icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

 

1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2-ci yer: Dövlət Miqrasiya Xidməti

3-cü yer: Ədliyyə Nazirliyi

 

​Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

 

1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti

2-ci yer: Binəqədi Rayon İcra Hakimiyyəti

3-cü yer: Yasamal Rayon İcra Hakimiyyəti

 

​Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar:

 

1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

2-ci yer: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

3-cü yer: “Azəriqaz” İstehsalat Birliyi

 

​İkinci hissədə dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.

 

​Tədbir sual-cavab hissəsi ilə davam etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.