YAP Mərkəzi Aparatında “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının nümayəndələri ilə görüş keçirilib

Fevralın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yaradılmış “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının nümayəndələrini qəbul edib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına koalisiyadan məlumat verilib. 

 

Koalisiyanın həmtəsisçiləri – “D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı, həmçinin ekspertlər – sosioloq Əhməd Qəşəmoğlu və politoloq Adəm İsmayıl Bakuvi fevralın 7-də keçiriləcək prezident seçkilərinə ölkəmizdə və beynəlxalq müstəvidə böyük maraq olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, koalisiya prezident seçkiləri kampaniyasının gedişini paytaxtla yanaşı, bölgələrdə də yaxından izləyir. Sonra koalisiya tərəfindən indiyədək görülmüş işlər və yekun hesabat tərtib olunana qədər nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

 

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərinin Azərbaycan xalqı və dövləti üçün çox mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Seçki kampaniyasının uğurla davam etdiyini söyləyən Tahir Budaqov vurğulayıb ki, ölkəmizdə seçkilərin azad, şəffaf və demokratik qaydada keçirilməsi üçün bütün şərait mövcuddur.

 

Daha sonra koalisiya nümayəndələrininin  sualları cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.