Zübeydə Məmmədova, Sumqayıt MKS Uşaq bölməsinin böyük multimedia mütəxəssisi. “Ədəbiyyat və incəsənət” üçün
Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli tam orta məktəbdə “Sevgimiz kitab olsun” adlı tədbir keçirildi. Tədbirin təşkilində Sumqayıt MKS Uşaq bölməsi də yaxından iştirak etdi.
Moderator, yazıçı –dramaturq Hafiz Ataxanlı kitab bağışlama gününün yaranma ideyasından, kitabın şəxsiyyətin formalaşmasında rolundan danışdı, məktəb kollektivinin hər zaman kreativ layihələri gerçəkləşdirməsini vurğuladı və qonaqları təqdim etdi.
Yazıçı-publisist, ssenarist, əməkdar jurnalist Eyruz Məmmədov uşaq vaxtlarından bu günə kimi kitabxanalarla davam edən dostluğunu xatırlatdı, intellektli, zəkalı Azərbaycan gəncliyi üçün kitabların töhfəsindən söz açdı və son illər yazdığı kitabları məktəbin kitabxanasına hədiyyə etdi.
AYB Sumqayıt bölməsiin sədri, şair-publisist Gülnarə Cəmaləddin çıxışını məktəblilərlə bədii mütaliə, poeziya mövzusunda polemikada qurdu.
Sumqayıt MKS Uşaq bölməsinin müdiri, 25 nömrəli məktəbin məzunu Yeganə Hüseynova bildirdi ki, o, adı məktəbə verilmiş Anar Şükürovla bir sinifdə oxuyub və Anarın da mütaliə sevgisindən söhbət açdı.
Sonra məktəbin direktoru Ayna Fleydanlı və tədbirin təşkilatçısıTəranə Hüseynova belə tədbirlərin keçirilməsinin şagirdlərin yaddaşında gözəl iz buraxdığını bildirdi. Tədbirin sonunda məktəb şagirdləri bir – birinə kitab hədiyyə etdilər və mütaliə etdikdən sonra bu kitabları öz aralarında dəyişəcəklərinə söz verdilər.
“Ədəbiyyat və incəsənət”
(15.02.2025)