İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Öz qayğıkeşliyi, mehribanlığı, xeyirxahlığı ilə Oğuz camaatının xatirəsində əbədi yaşayan insanlardan biri də uzun müddət rayonun Padar kəndində işləmiş Sabir həkimdir.
Mürsəlov Sabir Şeyx Məhəmməd oğlu 1938-ci ildə Qax rayonunun Malax kəndində anadan olub. 10 yaşı olanda anası, 15 yaşı olanda isə din xadimi olan atası dünyasını dəyişib.
Orta məktəbi bitirdikdə pasport almaq üçün Qax şəhərinə gəlir. Həmin dövrdə pasport almaq çox çətin olduğundan, balaca Sabir ümidini üzüb, bağdakı oturacaqda oturaraq, fikrə dalmışdı. Birdən yanında təxminən 10 yaşlarında uşağın dayandığını görür. Uşaq ondan niyə qəmgin olduğunu soruşur və səbəbini bildikdə, Sabiri xəstəxanada həkim işləyən anasının yanına aparır və ondan xahiş edib ki, bu oğlanın pasport almasına kömək etsin. Beləliklə, Sabir Mürsəlov sənədlərini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verir və qəbul olur. Lakin sonralar ixtisasını dəyişmək qərarına gəlir, Azərbaycan Tibb İnsitutuna qəbul olur.
Yaxınlarının danışdığına görə, yetimliklə böyüyən Sabir universitetə yamaqlı paltarda gedirmiş. Qrup yoldaşlarından imkanlı ailədən olan bir qız ona təzə paltar, kostyum alıb gətirsə də, qüruruna sığışdırıb, qəbul etmir. Özü gecə növbəsində işə düzəlir və dolanışığını təmin edir.
1967-ci ildə Tibb insititunu bitirən Sabir həkim, Oğuz (Vartaşen) rayonunun Padar kəndinə təyinat alır. Çox keçmir ki, öz savadı, qayğıkeşliyi, əməlisalehliyi, mehribanlığı ilə tək Padarın deyil, ətraf kəndlərin əhalisinin də sevimlisinə çevrilir.
Özü maddi çətinliklər içərisində böyüyən, tez-tez zarafatla "Yetimdən ev olmaz, küldən təpə",- deyən Sabir həkim imkansız ailələrdən olanların dərman xərclərini də özü ödəyərdi.
Sabir həkim həm də şair təbiətli insan idi; gözəl şeirlər yazırdı. Müasirlərindən yazıçı Gəray Fəzli, Şair Qəmşad Rza, Sərdar Əsədlə dostluq edirdi. Sağlığında “Torağay nəğməsi” adlı şeirlər kitabı çap olunub.
Sabir həkim öz qohumu, alman dili müəlliməsi Solmaz xanımla ailə qurub. Altı övladı olub.
Sabir həkim xəstələrə ata nəvazışı ilə yaxınlaşır, sadə qayda ilə çox dəqiq diaqnozlar qoyur və müalicə edirdi. Öğlu Ümıdin Azərbaycanın Pedoqoji İnstitunun üçüncü kursunda oxuyarkən faciəli vəfatı, Sabir həkimin belini bükür. Bir neçə il sonra həkim xəstələnir. Yaxın kəndlərin camaatı yığışıb həkimi müalicəyə göndərmək üçün pul toplamaq istəyirlər. Çünki, Sabir həkim bir elin loğmanı, sadəqəlbli məsləhətçisi, hamının sevimlisi idi. O ev yox idi ki, Sabir həkim öz şəfalı əlləri, bilik, bacarığı ilə xəstəsini müalicə etməmiş olsun. Sabir həkim el oba insanlarının onu müalicəyə göndərmək üçün çırpındığını görür və onlara etiraz edir. Öz xəstəliyinin əlacının olmadığını bildirir. Az keçmir ki, xəstəlik sadəqəlbli loğmanı güçdən salır.
2007-ci ildə 68 yaşında dünyasını dəyişən Sabir həkimin qəbri Padar kəndində, xatirəsi isə bütün oğuzluların qəlbindədir.
Sonda Sabir həkimin “Torağay nəğməsi” adlı şeirlər kitabından iki şeri oxucularımızın diqqətinə təqdim edirik.
Torağaylar danışır
Vəsiyyət eyləyirdi,
Balasına Torağay.
Danışırdı ömrünü,
Yana-yana Torağay.
Balası çox soruşdu:
Mənə qoyub getdiyin,
Sərvət hanı, var hanı?
Söz incitdi ananı.
Susdu ana Torağay,
Əsdi dili, dodağı.
Əyilib asta-asta,
Dimdiklədi torpağı...
Müəllim
Nurlu şüa kimi, gümüş şel kimi,
Fikrindən yoluma gur işıq düşüb.
O qədər başına fırlanmışam ki,
Sənin saçların da dolaşıq düşüb.
Saçların düşərdi bəzən üzünə,
Sənin ki, qapqara saçların vardı.
Düzü niyə danım, sənin saçına
O qədər baxdıq ki, saçın ağardı.
Ürəyin sevinclə vurar, çırpınar,
Kəlmələr üstündə itər dincliyin.
Sənin ürəyində körpəliyim var,
Mənim ürəyimdə sənin gəncliyin.
“Ədəbiyyat və incəsənət”
(01.04.2025)