“Mavi əbədilik”, “Azərbaycan”, “Durnalar”… Featured

BU GÜN BU ŞEDEVR MAHNILARIN İFAÇISI MÜSLÜM MAQOMAYEVİN ANIM GÜNÜDÜR

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mən başlığa üç mahnı adı çıxardım. “Mavi əbədilik”, “Azərbaycan”, “Durnalar”… Amma onun ifa etdiyi ecazkar mahnılar tək bunlar deyil. O, “Azərbaycan” mahnısı ilə Azərbaycanı əcnəbilərə sevdirən, “Mavi  əbədilik”lə əsl musiqi terapiyasının nə olduğunu sübut edən dahi müğənnidir.

Yan Frenkelin Rəsul Həmzətovun sözlərinə bəstələdiyi “Durnalar” mahnısını Mark Bernesdən başqa heç kəs oxumağa cürət etməzdi. Müslüm oxudu və on milyonlarla insanın məhz bu mahnıya görə pərəstiş etdiyi Bernesti kölgədə qoydu…

 

Bu gün dahi sənətkarın vəfatından 15 il ötür.

Hər bir kəsin ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi sənətkarlara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb. Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır.

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin gözəl tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Müslüm Maqomayev 2008-ci ildə 66 yaşında vəfat edib və Bakıdakı Birinci Fəxri xiyabanda dəfn olunub.

Dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 və 75 illik yubileyləri dövlət səviyyəsində keçirilib.

Bu il sənətkarın anadan olmasının 80 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunmaqdadı. 2022-ci il avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dünyanı fəth edən bariton Müslüm Maqomayevin ölümündən on dörd il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində özünə əbədi yuva salıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.