Könül, “Ədəbiyyat və incəsənət”
Onu maarifçi şair adlandırırlar, amma o, həm də bir uşaq şairi idi. Yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri ilə uşaqların ən sevimli yazıçısına çevrilən Abdulla Şaiqin 64 ildir ki, aramızda yoxdur. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazıb. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.
Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990–cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.
Ədibin ev-muzeyi Bakının mərkəzində, Abdulla Şaiq küçəsi - 21 ünvanında yerləşir. Muzeydə ilk dəfə olsaq da, burada xüsusi doğmalıq hiss etdik. Binanın zəngini vururuq, qapıda bizi muzeyin əməkdaşı qarşılayır. İçəri keçirik, köhnə Bakıya xas olan dar, uzun pilləkənləri qalxıb mənzil-muzeyinə daxil oluruq. Muzeydə ömrünün böyük bir hissəsini bu evdə keçirmiş Abdulla Şaiqin ömür yoluna yenidən nəzər salırıq.
Yeri gəlmişkən qeyd edək ki, muzey 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Ədibin 120 illik yubileyi ərəfəsində, 2001-ci ilin yanvar ayında muzeyin ekspozisiyası açılıb.
Mənzil-muzeyi 4 otaqdan ibarətdir. Ekspozisiyada A.Şaiqin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. Muzeyin yaradılmasında ədibin oğlu Kamal Talıbzadənin əvəzolunmaz xidmətləri olub. Kamal Talıbzadə bu eksponatları ailə evindən, Ədəbiyyat İnstitutundan, arxivdən, qohumlarından böyük əziyyətlər hesabına toplayıb. Muzeydə ümumilikdə 9576 eksponat qorunub saxlanılır.
Salondayıq. İçəri daxil olduğumuz andan etibarən, otaqlar bizdə nostalji hisslər yaradır. Salonda diqqətimizi ilk cəlb edən üzərinə köhnə süfrə salınmış masa oldu. Öyrəndik ki, dühalar görmüş masa tarixin ən keşməkeşli xatirələrini özündə ehtiva edir. Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir, Abbas Səhət, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi ziyalılar bu masa ətrafında dəfələrlə şeir-sənət məclisləri təşkil ediblər. Abdulla Şaiq öz yoldaşları ilə gecədən səhərə kimi müxtəlif dərsliklər üzərində çalışıb. Bu masa arxasında keçirilən belə işgüzar görüşlər çox olub. Onların yuxusuz gecələri doğma dilimizin inkişafında mütərəqqi rol oynayıb.
Sonra digər otaqlara keçirik və burada xüsusi stendlərdə nümayiş olunan kitablar göz oxşayır. Bu kitabların bəzilərini vərəqlədikcə uşaqlıq xatirələrimiz göz önündə canlanır. Biz digər şair və yazıçıları müəyyən yaşa çatdıqdan sonra tanıyırıq, amma Abdulla Şaiqi uşaq vaxtlarımızdan “Xoruz”, ”Keçi”, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” kimi nağılları ilə, şeirləri ilə tanımışıq. Ana laylasından sonra birinci dilimiz “Şaiq dili”dir. Yəni biz onunla formalaşıb böyümüşük. Sanki ani də olsa, bizi uşaqlıq illərimizə qaytaran sehrli bir aləmə düşürük. Abdulla Şaiq uşaqları çox sevirdi və daim onlar üçün çalışırdı. O, bir gün Quba rayonunun Yekdar kəndinə gedir. Yekdarda iki mərtəbəli bir evdə qalır. O, ev sahibindən xahiş edir ki, evdə qaldığı müddətdə uşaqlar da burada dərs keçsinlər. Beləliklə, o həmin evin birinci mərtəbəsində məktəb açır. Daha sonra Abdulla Şaiqin ənənəsini davam etdirmək məqsədilə həmin məktəb Baxçaəli kəndinə köçürülür, 4 sinifli məktəb açılır. Həmin o məktəb hazırda da fəaliyyət göstərir. Eyni zamanda A.Şaiq hazırladığı oyuncaqlarla uşaqlar üçün müxtəlif səhnəciklər nümayiş etdirir...
Muzeydə təqdim olunan önəmli eksponatlardan biri də ədibin əsərlərini qələmə aldığı yazı masasıdır. O vaxt ədibin ömür-gün yoldaşı Şahzadə xanım istəyib ki, bu köhnə masanı atsın və yenisini alsın. Bunu bilən Abdulla Şaiq “Masama” şeirini yazır. Şahzadə xanım onu oxuyandan sonra bu onun üçün əziz bir xatirəyə çevrilir. Qeyri-adi görünüşü olan bu masaya nəzər yetirdikdə, burada nümayiş olunan eksponatların xüsusi dəyərə malik olduğu qənaətinə gəlirik. İş masasının yerləşdiyi otağın divarından böyük saat asılıb. Onun əqrəbləri simvolik olaraq Abdulla Şaiqin vəfat etdiyi anda dondurulub.
Muzeyin əməkdaşı A.Şaiqin qələm yoldaşlarının repressiyaya məruz qalması haqqında danışarkən bizdə belə bir sual yarandı: “Abdulla Şaiq də bu ruhda şeirlər yazırdı. Bəs onun repressiyaya məruz qalmamasının səbəbi nə idi?” Sən demə, Abdulla Şaiq o dövrdə şeirlərini büküb sobanın içinə yığıb. Kamal Talıbzadə atası rəhmətə gedəndən sonra oradan həmin əlyazmaları tapıb. Həmin şeirlər “Arazdan Turana” kitabında öz əksini tapıb.
Muzeyin tərkibində “Vətən” yaradıcılıq dərnəyi fəaliyyət göstərir. Dərnəyin əsas fəaliyyət istiqaməti Abdulla Şaiq ənənələrini qoruyub saxlamaqdır. Həmin dərnəyin 50-ə yaxın fəal üzvü var və hər biri xüsusi istedada malik şagirdlərdir. Bu dərnəkdə müxtəlif yaradıcılıq sahələri mövcuddur. Eyni zamanda, təmənnasız şəkildə fəaliyyət göstərir.
Burada olarkən həm də onu öyrəndik ki, muzeydə nümayiş olunan eksponatların heç birinə dəyişiklik edilməyib, bunun da əsas məqsədi Abdulla Şaiq irsinin qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsindən ibarətdir.
Gördüklərimiz, eşitdiklərimiz bir daha deməyə əsas verir ki, böyük ədiblərimizin irsini yaşadan muzeylər keçmişlə gələcək arasında bir körpüdür və mütləq bu körpüdən keçib tariximizi, mədəniyyətimizi öyrənməliyik.
Materialı hazırlayarkən BDU-nun AzərTAC-da təcrübə keçən tələbələrinin təəssqratlarından istifadə edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)