Super User

Super User

Понедельник, 16 Декабрь 2024 08:28

Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu dekabrın 14-də Kürdəmir şəhərində keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir Adil Kərimli və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Göyçay rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətləri dinlənilib.

 

Vətəndaşlar, əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

 

Mədəniyyət naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

 

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı münasibətilə “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib. Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

 

AzərTAC xəbər verir ki, tədbir çərçivəsində “Şahdağ” Turizm Mərkəzinin 2024-cü il üzrə fəaliyyətinə dair videotəqdimat nümayiş olunub, media nümayəndələrinə kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.

 

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov bildirib ki, cari ilin 11 ayı ərzində ölkəmizə 2 milyon 400 mindən çox turist gəlib. Bu da ötən illə müqayisədə 28 faiz artım deməkdir. Azərbaycana gələn turistlər arasında ilk 3 yeri Çin, Hindistan və Rusiya ölkələrindən gələn qonaqlar təşkil edir. Onun sözlərinə görə, əsas hədəflərdən biri ölkəmizi dünyada turizm məkanı kimi tanıtmaq və gecələmə yerlərinin saylarının artımına yönəlib.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Понедельник, 16 Декабрь 2024 10:46

Azərbaycan filmi Zakura festivalında xüsusi mükafata layiq görülüb

Mərakeşin Zakura şəhərində keçirilən 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı yekunlaşıb. Festival çərçivəsində təşkil olunan müsabiqələr üzrə qaliblər elan olunub.

 

AzərTAC xəbər verir ki, qazaxıstanlı rejissor Dinyar Salamatın “Talaq” filmi tammetrajlı film kateqoriyasında qalib elan olunub. Azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə eyni kateqoriyada xüsusi mükafata layiq görülüb. Bundan başqa, Qurban İsmayılov bu filmdəki roluna görə ən yaxşı aktyor nominasiyasında mükafat alıb.

 

Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

 

Film, Tallin “Black Nights” film festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və mükafatlara layiq görülüb.

 

Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.

 

Festivalın fəxri qonağı Rusiya olub.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

“Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində Səməd Vurğunun Ev Muzeyində “Anamın örtdüyü sarı kəlağayı” adlı tədbir keçirilib. Kəlağayı Ev Muzeyi və Mirvarid Dilbazi Poeziya Məclisi ilə birgə keçirilən tədbir milli kəlağayımızın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və səyi nəticəsində UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.

 

Səməd Vurğunun Ev Muzeyindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, tədbirin aparıcısı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyin üzvü, şairə Mətanət Ulu Şirvanlı çıxış edərək, layihə çərçivəsində keçirilən silsilə tədbirlər sayəsində milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin əhəmiyyətindən danışıb.

 

Tədbir zamanı layihə iştirakçıları kəlağayı, onun hazırlanma prosesi və növləri haqqında məlumat verərək, qonaqları bu bədii nümunələrin nümayiş olunduğu kiçik sərgi ilə tanış ediblər. Eyni zamanda Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri qonaqları İctimai Birliyin çap etdirdiyi kitablarla tanış edərək, həmin kitablardan şeirlər səsləndiriblər.

 

Tədbirdə aşıq Nərmin Cəlalın ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib, “Paşaköçdü” havası, Rəşid Poladın “Gəl” şeiri, “İncəgülü” havası ifa olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

 

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. “Ədəbiyyat və incəsənət” portalına İctimai Şuradan verilən məlumata görə, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında toplaşan Şuranın iclasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov da iştirak ediblər.

 

İctimai Şura sədri, akademik Nizami Cəfərov ötən müddət ərzində həyata keçirilən tədbirlər, illik hesabatın hazırlanması və qarşıda duran digər cari məsələlər barədə məlumat verib.

İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı və Vüqar Qədirov öz çıxışlarında indiyədək ictimai dinləmə keçirilməmiş bütün regionlarda ictimai dinləmələrin təşkil olunmasının önəmini vurğulayıb, habelə bir sıra həllivacib məsələlər haqqında fikir bildiriblər.

İclasda Şura üzvləri - Əməkdar incəsənət xadimi Ayaz Salayev, Xanoğlan Əhmədov, Samirə Mustafayeva çıxış edərək, Şuraya edilən müraciətlər, qaldırılan problemlər, təşəbbüs və təkliflər barədə danışıblar.

Nazir müavini Fərid Cəfərov iclasın sonunda çıxış edərək, çıxışlarda toxunulan məsələlərə, qaldırılan problemlərə və irəli sürülən təkliflərə münasibət bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2024)

 

 

 

Türk Dünyasının və dünya mədəni irsinin dəyərli xəzinəsi olan “Divanü lüğat-it türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024-2025-ci illərdə

YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə, YUNESKO-nun mənzil- qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: Divanü lüğat-it türk əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalının Türk Mədəniyyəti və İrsi Fondundan aldığı məlumata görə, konfransın məqsədi Mahmud Kaşğarinin 11-ci əsrdə

yaratdığı monumental əsərinin əhəmiyyətini yenidən araşdırmaq, onun müasir dövr üçün aktuallığını vurğulamaq və bu irsin gələcək

nəsillərə ötürülməsi üçün yeni təşəbbüslər irəli sürmək olub.

Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ortaq Türk mədəni irsinin ən qiymətli

əsərlərindən biri olan “Divanü lüğat-it türk”ün 950 illik yubileyinin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunmasının

böyük əhəmiyyət kəsb etdiyini, bu şah əsərin tarixi mahiyyəti və hazırda mədəniyyətlərarası dialoqda oynadığı rolu barədə söz açıb. A.Raimkulova XI əsrdə böyük alim Mahmud Kaşğari tərəfindən tərtib edilmiş əsərin sadəcə lüğət deyil, türk dillərinin zənginliyinin, türk adət-ənənələrinin hikmətinin və türk

mədəniyyətinin canlılığının məcmuəsi kimi dəyərləndirib. 

Fondun prezidenti “Divanü Lüğat-it türk”ün 950 illiyinin qeyd edilməsinin sadəcə anma mərasimi deyil, sürətli qloballaşma dövründə Türk qeyri-maddi irsinin qorunması istiqamətində səylərin artırılmasına çağırış olduğunu vurğulayıb.

Daha sonra YUNESKO Baş Direktorunun Prioritet Afrika və Xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko “Divanü Lüğat-it-Türk”ün 950 illiyinə həsr olunmuş konfransda iştirakçıları səmimi şəkildə salamlayıb. O, Mahmud Kaşğarinin bu əsərinin təkcə türk dünyası üçün deyil, həm də qlobal mədəni irs üçün əhəmiyyətini vurğulayıb.

“Divanü Lüğat-it-Türk”ün türk xalqlarının tarixini və zənginliyini göstərən bir ensiklopediya adlandırıb.

Tədbirdə Türk dövlətlərinin Fransada akkreditə olunmuş səfirləri, YUNESKO üzrə Milli Komissiyalarının Baş katibləri və YUNESKO yanında Daimi nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan,

Macarıstan və digər ölkələrdən olan görkəmli alimlər, YUNESKO və digər beynəlxalq qurumların nümayəndələri, eləcə də Türk Dünyasının tanınmış ziyalıları iştirak edib və məruzələrlə çıxış ediblər.

Bununla yanaşı, tədbir çərçivəsində orijinalı İstanbulda Ali Emiri Efendi kitabxanasında saxlanılan “Divanü lüğat-it türk”ün

xüsusi hazırlanmış replikası, eləcə də əsərin tarixi yolunu və Mahmud Kaşğariyə dair məlumatları özündə əks etdirən stendlər

nümayiş olunub.

Xatırladaq ki, YUNESKO-nun 42-ci Baş Konfransı leksikoqraf və filoloq Mahmud Kaşğarinin (1074-cü il) yazdığı “Divanü Lüğat-it-Türk” (Türk ləhcələri və dilləri məcmuəsi) əsərinin 950 illiyini 2024-2025-ci illər üçün YUNESKO ilə əlaqəli ildönümlər siyahısına daxil edib.

Bu qərar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın birgə təklifi əsasında, Macarıstan, Mavritaniya, Mərakeş, Qatar və Tacikistanın dəstəyi ilə qəbul olunub.

Konfrans Türk dövlətlərinin YUNESKO yanında milli komissiyalarının, eləcə də daimi nümayəndəliklərinin dəstəyi ilə

həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

İrsi və adət-ənənələri ilə zəngin bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın UNESCO dəyərlərinin təbliği, dünya irsinin qorunması, tarixi abidələrin bərpası, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək sahəsində müstəsna səyləri olub. Bu təşəbbüslər xalqların məqsəd və dəyərlərinin onların tarixi, zəngin mədəni irsi və beynəlxalq səviyyədə tanınması ilə sıx bağlılığını nümayiş etdirir. Türk irsinin qorunub saxlanılması və birliyinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioriteti olaraq qalır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” kəlamını xatırlatmaq istərdim.

AzərTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev təşkilatın mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O, 2023-cü il noyabrın 7-dən 22-dək keçirilən Baş Konfransın 42-ci sessiyasında bu yubileyin qeyd olunmasını təklif edən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana, Macarıstana, eləcə də Mavritaniya, Mərakeş, Qətər və Tacikistana mühüm töhfələrinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu yubiley münasibətilə əsər Xalid Səid Xocayevin tərcüməsində Azərbaycan Milli Elmlər Akademiyası və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə dəstəyi ilə ilk dəfə 2024-cü ildə üç cilddə nəşr edilib.

“Bu gün biz təkcə türk dövlətləri üçün yaddaqalan bir tarixi qeyd etmirik, həm də mədəniyyətimizin, dilimizin, ortaq dəyərlərimizin əsl bayramıdır. Mahmud əl-Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri 950 il əvvəl yazılsa da, ədəbi, dil və etnoqrafik müstəvidə zəngin olan əvəzsiz mənbə olaraq qalır. Bu şah əsər həm də türk dövlətləri arasında birlik, qardaşlıq və həmrəyliyin qüdrətli simvolunu təmsil edir. Bu tədbir UNESCO tərəfindən də tanınan “Kitabi-Dədə Qorqud” dastanının və ya Tonyukuk abidəsinin 1300 illiyi kimi digər əlamətdar bayramların davamıdır”, - deyə S.Fətəliyev bildirib.

O vurğulayıb ki, bu tədbirin digər mühüm cəhəti tarixi şəxsiyyətlərin və onların irsinin müasir dünyaya inteqrasiyası ilə yanaşı, onların qlobal biliyə verdiyi töhfələrin tanınmasıdır. “Divanü lüğat-it-türk” beynəlxalq elmi araşdırmaları, eləcə də türk tarixi və mədəniyyətinin dərindən öyrənilməsini təşviq edir. Bu əsər həm də mədəniyyətlərarası dialoq üçün ideal platforma rolu oynayır.

“Türk mədəni irsinin qorunması və təbliği üçün çalışan hər kəsə, xüsusən də bu konfransın iştirakçılarına təşəkkür edirəm. Bu ümumi irsin bütün dünyada daha yaxşı tanınacağına ümid edərək, hər kəsi onun qorunub saxlanılması, öyrənilməsi və təbliğində fəal iştirak etməyə çağırıram. Azərbaycanın UNESCO üzrə Milli Komissiyası türk dövlətlərinin irsinin qorunması və öyrənilməsi lehinə bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - deyə S.Fətəliyev diqqətə çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Xəbər verdiyimiz kimi, Türk dünyasının ən qiymətli kitablarından biri - Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunur. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə Milli komissiyalarının təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransın məqsədi "Divanü lüğat-it-türk"ün dünya mədəniyyətinə, eyni zamanda, türk xalqlarının dilinin inkişafı və mədəni irsinə verdiyi töhfələri işıqlandırmaqdır. Konfrans çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.

Tədbirdə Türk dünyasından olan alimlərin Mahmud Kaşğari irsi ilə bağlı görüşləri və araşdırmaları təqdim ediləcək. Həmçinin "Divanü lüğat-it-türk"lə bağlı yeni görüşləri sərgiləyən təqdimat və sənədli film nümayiş olunacaq.

Konfrans bu böyük əsərin türk dillərinin və mədəniyyətlərinin inkişafına təsirinin dərindən öyrənilməsini təşviq edən mühüm öyrədici platformadır.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Veteranlar Təşkilatından məlumat verilib. 

 

Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb. 

Bildirilib ki, müasir inkişaf reallıqları və  bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir, rəqəmsallaşdırılmaqla yollayışların verilməsi proseduru sadələşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir. 

Ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən Sahib Məmmədov cənab Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb.

Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən müəssisə və təşkilatlarda işləyən veteranların da sosial müdafiəsi üçün konkret addımlar atılır, istirahət və müalicələri üçün güzəştli yollayışlar verilir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Veteranlara olan yüksək münasibətdən danışan Konfederasiya sədri onlara ayrılan birdəfəlik maddi yardımları, pensiyaların ildən-ilə artırılmasını, mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicəsini dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın veteranlara xüsusi qayğısının göstəricisi olduğunu diqqətə çatdırıb.

Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib.

Həmçinin görüşdə tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

 

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya səfirliyinin də iştirakı ilə tədbir keçirilib. Azərbaycanın İkinci Dünya müharibəsindki iştirakı və qələbəyə verdiyi töhfəyə həsr olunan tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasdındakı fövqəladə və səlahiyyətli səfiri Yevdokimov Mixail Nikolaeviç, Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç, Atamanın Azərbaycan Gəncləri siyasəti üzrə müavini Sleptsov Ruslan Anatolyeviç və digər qonaqlar iştirak edib.

 “Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından verilən məlumata görə, tədbirdən öncə İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olan şxəslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, faşizm üzərində tarixi qələbənin əldə edilməsində neft Bakısının müstəsna xidməti olduğunu bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqının nümayəndələri arxa cəbhədə olduğu kimi, ön cəbhədə də böyük qəhrəmanlıqlara imza atıb, həm milli diviziyalar, həm də digər diviziyalaırn tərkibində faşizmə qarşı ciddi mübarizə aparıblar. Təşkilat sədri faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Bakının tarixi xidmətlərinin MDB tərəfindən fəxri adla əbədiləşdiriləcəyinə olan inamını da ifadə edib.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç İkinci Dünya müharibəsində Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizəni yüksək qiymətləndirib, bu mübarizənin xalqlarımızın tarixi dostluğunun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç də İkinci Dünya müharibəsində Azərbaycan xalqının böyük fədakarlıqlara imza atdığını bildirib, bu fədakarlığın hər zaman böyük hörmət və  ehtiram hissi ilə yad ediləcəyini qeyd edib.

Daha sonra orta məktəb şagirdləri ifasında İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən rəqs ifa ediblər. 

Tədbirin sonunda bir sıra şəxslərə mükafatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.