
Super User
Tanınmış bəstəkar Cavanşir Quliyev Diaspora Komitəsi tərəfindən təltif edildi
Mahnıları dillər əzbəri olan, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yakın Doğu Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev vətənə gəlmişdir. Azərbaycana səfəri çərçivəsində o, Diasporla İş üzrə Dövlət Komitəsinə dəvət edilmiş, komitə sədri Fuad Muradovla görüşmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Cavanşir Quliyev ölkəmizin türk dünyasında tanıdılması və mədəniyyətlərarası körpülərin qurulmasındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur.
C.Quliyev fəaliyyətinə verilən yüksək qiymətə görə Fuad Muradova təşəkkür etmiş və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu vurğulamışdır.
Payız Qadından nisgilli misralar
Bu dəfə Facebook sosial şəbəkəsindən seçimimiz Payız Qadın adlı istifadəçidəndir. O, Qəmər Sözay imzalı bir şeiri paylaşıb.
Təbii ki, həvəskar üçün heç də pis alınmayıb. Oxuduq və kədərləndik, sanki birdən-birə sevincli yaydan qüssəli payıza adladıq.
Nə sən həmin o adam,
nə mən həmin qadınam,
Boynu bükük ümidlər
ruhunu təslim edib.
Qarşılaşsaq döyünməz
Donub qalmış ürəklər,
Gecikmiş məhəbbətin
qatarı çoxdan gedib.
Yaşadığım ünvan da
daha həminki deyil,
Daha xatirələr də
canlanmayır gözümdə.
Varlığınla var olan
o qadından əsər yox,
Ölmüş bir qadın cismi
gəzdirirəm özümdə.
Bircə-bircə xəyallar
uçuruma adlayır,
Zaman da taleyimə
kəm biçəcək soydadır.
Zülmətlərə qərq olan
çarəsiz, tənha dünyam,
Qaniçən yoxluğunun
qaranlığı boydadır.
Sabir Rüstəmxanlının Seçilmiş əsərlərinin 1-ci cildi işıq üzü gördü
Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının 15 cilddən ibarət Seçilmiş əsərləri “Qanun” nəşriyyatında işıq üzü görəcək. Cildlərdən biri - 1-ci cild artıq çap olunub.
Sabir Rüstəmxanlı yaradıcılığı boyu ərsəyə gətirdiyi həm şeirlərini, həm publisistik yazılarını Seçilmiş əsərlərinə daxil edib.
Xatırladaq ki, indiyədək xalq şairimizin “Tanımaq istəsən", “Xəbər gözləyirəm", “Sevgim, sevincim”, “Gəncə qapısı", “Sağ ol, ana dilim!",
“Qan yaddaşı", “Ömür kitabı", “Atamın ruhu”, “Bu sənin xalqındır , “Zaman məndən keçir", “Xətai yurdu", “Göy Tanrı", “Bütövlük həsrəti", “Ölüm zirvəsi", “Difai fədailəri", “Sunami", “Əbədi Sevda", “Dərdə əyilmə”, “Şair və Şər”, Astar” kimi poeziya və publisistika kitabları işıq üzü görmüşdür.
Sellincerin dünya ictimai fikrinə təsir göstərmiş məşhur romanının işıq üzü görməsinin 70 ili tamam oldu
70 il bundan əvvəlin bu iyul günündə amerikalı yazıçı Cerom Sellincerin “Covdarlıqda uçurumdan qoruyan" romanı işıq üzü gördü.
Tənqid atəşinə tutulmasına baxmayaraq, romanın çıxışı ciddi qalmaqal və senzuraya cəhdlərlə müşayiət olunurdu, yazıçı senzuradankənar leksikadan, bol cinsi səhnələrdən istifadə etdiyinə görə lənətlənir, küfrdə, ailə dəyərlərinin pozulmasına yolvermədə, qiyama təhrikdə, alkoqolun və siqaret çəkmənin təbliğində, yalana uymaqda, cinsi nizamsızlığa təhriketmədə və digər ölümcül günahlarda suçlanırdı.
Amma az sonra baxışlar 90 dərəcə dəyişmədimi, dəyişdi.
70 il ərzində roman və onun baş qəhrəmanı, üsyançı yeniyetmə Holden Colfield yeniyetmə və gənclərin laxlayan marağını yalnız möhkəmləndirdi, geniş mifologiya ilə əhatə olunmuş bədii dünyanı gerçək dünyaya calaya bildi.
Mifologiyayavarma romanın özü kimi, çox ziddiyyətlidir. 1950-60-cı illərdə baş verən və bir çox hallarda Sellincerin baiskarı hesab edilən bəzi mənfi hadisələr əskik olmurdu. Roman tərəfindən proqnozlaşdırılan bəzi hərəkətlərə təhrik edilən gənclər şüurlarının “azad edilməsi” mücadiləsinə qalxırdılar, bu da heç də həmişə müsbət nəticələr vermirdi. Tarixdə məlum olan ən qəddar hadisə isə 9 dekabr 1980-ci ildə baş vermişdi. Mark Çepman adlı bir gənc o vaxt bütün dünyanın səcdə etdiyi “Bitlz” qrupunun solisti Con Lennona ölümcül güllələr buraxmışdı, Mark həbs olunanda onun üzərində “Çovdarlıqda uçurumdan qoruyan"ın nüsxəsi aşkar edilmişdi, qatil özü isə məhkəmədə əməlinin izahını kitabdan fraqmentlər oxumaqla vermişdi.
Yəhudi əsilli Selincer bundan sonra daha roman yazmamışdı, onun
yeganə romanı özünü də büsbütün dəyişmiş, dini görüşlərini fərqli etmiş, insanlara münasibətində bir ehtiyatlılıq, yersiz qorunma xüsusiyyətləri ilə silahlandırmışdı. Hətta Sellincer sonrakı həyatında qəhrəmanı kimi bol yalanlar danışması ilə də diqqət çəkmişdi.
70 il keçsə də həyatı silkələyən, bütöv bir epoxanı dəyişən, şüurlara iz buraxan bu roman gündəmdən düşmür, onu bütün dünyada, o cümlədən Azərbaycanda sevə-sevə oxuyurlar. Onun barəsində rəvayətlər qoşur, şayiələr gəzdirirlər.
Bu da romanın statusunu daha da gücləndirir. O, daim XX əsrin ən mühüm ədəbi əsərlərinin siyahısına daxil edilir.
Yubiley günündə romanın özünün və onun müəllifinin qeyri-adi taleyini xatırlatmaq da məntiqidir. Bu yubiley günlərində dünyanın bir tərəfini dəhşətli yağışlardan yaranan sellər öz ağuşuna alıb, yüzlərlə insan həyatını itirməkdədir, digər tərəfdə isə öldürücü quraqlıq insanlara, təbiətə ölüm kabusu təki basqı edir.
Apokalipsis. Eynən “Çovdarlıqda uçurumdan oruyan”da olduğu kimi, bütün məntiqlərin məntiqsizliklə izahı!
Şəkildə: Romanın 1951-ci ildəki ilk nəşri.
Azərbaycanda ilk dəfə yaradılan Prodüser Mərkəzinin qalibləri bəlli olub
Paytaxtın Heydər Əliyev Sarayı nəzdində fəaliyyət göstərən Prodüser Mərkəzinin ilk qaliblərinin adları açıqlanıb. Sarayın mətbuat xidməti bildirir ki, qaliblər bu şəxslərdir:
Mədinə Ağayeva,
Emin Məmmədov,
Əntiqə Yusifova,
Rəşad Ağayev,
Kənan Məmmədzadə.
Onlar yüzlərlə istedadlı gəncin arasından seçilərək Prodüser Mərkəzinin qalibi olublar.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan Prodüser Mərkəzinin əsas məqsədi musiqi sahəsində istedadlı gənclərin üzə çıxarılması, müasir yanaşma tərzi ilə onların ictimaiyyətə təqdim olunmasıdır. Qalib olmuş gənclərin yeni mövsümdən mədəniyyətimizin yeni simaları kimi ölkəmizdə və xaricdə təbliğ olunması nəzərdə tutulur.
Qeyd edək ki, bundan sonra qalib gənclərin müəyyən repertuarlarının hazırlanmasını, səs yazılışları, vokal dərsləri, səhnə hərəkətləri, fitnes xidməti, imic və stilistikasının formalaşması, klip çəkilişləri, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakı Prodüser Mərkəzi tərəfindən təmin olunacaq.
Qaliblərin hər birinə uğurlar arzulayırıq.
Tarixi abidəni necə satışa çıxarmaq olar axı?
Fatmayı bağlarından Mərdəkan istiqamətinə gedən çevrə yolundan solda qədim hamam görünür. İki günbəzli hamamın bir günbəzi tam dağılıb, digəri isə hələ də dözür.
Uzaqdan baxanda adama elə gəlir, hamam təpədədir, amma yaxına gələndə görürsən ki, yan-yörəsinin torpağı qazılaraq satılıb və hamam sanki havadan asılı qalıb. Ətrafı köstəbək yuvalarına dönüb, ekskavatorun çalov izləri hələ də durur.
Hamamın üzərində heç bir yazı yoxdur, mədəniyyət abidəsi olması da bilinmir. Bəlkə, bu ona görədir ki, o ərazi artıq şəxsi mülkdür?
Hamamın yerləşdiyi bir neçə hektarlıq ərazi hündür hasarla bağlanıb. Hasarın üstünə "satılır" yazılıb. Demək, kimsə daha əvvəllər şəxsiləşdirib, indi də satışa çıxarıb.
Qanuna görə mədəniyyət abidələri, tarixi abidələr alınıb-satıla bilməz. Bəs bu abidə necə satışa çıxarılıb?
Yeri gəlmişkən, Fatmayıda bu hamamın əkiz tayı üzərində yeni bərpa işləri başlanıb, o da illərlə sahibsiz itlərin ixtiyarında idi.
Yaxşı olardı ki, Mədəniyyət Nazirliyi diqqətini bu hamam üzərinə də yönəltsin.
Hamamın qeyri-adi gözəlliyi var: həm arxitekturasına, həm də hörgüsünə, daş düzümünə görə. Bənna öz işini mükəmməl görüb. Hələ çökməyən günbəzlərdən biri buna sübutdur. Günbəzlər dəmir-beton konstruksiyaları istifadə olunmadan tikilib - gördüyüm qədəri ilə, daş və gillə.
Bu cür abidələr Abşeronda çoxdur.
Günbəzli hamamlar Abşeronun simvolu, gözüdür.
Onları qorumaq bizim üçün, o cümlədən dövlət üçün bir zərurətdir.
Şahbaz Xuduoğlu
Prezident Xalq artisti Əli Nura mənzil hədiyyə elədi
Prezident İlham Əliyev Xalq artisti, şəhid atası Əli Nura 4 otaqlı mənzil hədiyyə edib. Bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumat yayıb. Əli Nur diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:
“Mənim üçün, ailəm üçün böyük sevinc oldu. Şəhərin gözəl bir yerində geniş mənzildir. Bu mənzil bizim üçün böyük hədiyyədir. Onu da deyim ki, dünən şəhid oğlumun ailəsinə də Xocasən qəsəbəsində mənzil verildi. Bir daha ailəm adından, nəvələrim adından Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Əli Nur Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsüdür. Oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub.
74-cü Kann kinofestivalı bu gecə qaliblərini elan etdi, “Qızıl palma budağı” Fransa filminə qismət oldu
Budur, dünən gecə saatlarında 10 gün ərzində Baş mükafat uğrunda 24 kinolentin mübarizə apardığı Kann kinofestivalı sona çatdı. Fransalı qadın rejissor və ssenarist Culiya Dyükorno festivalın ən ağlasığmazı adlandırılan “Titan” (Titane) dramına görə (“Ədəbiyyat və incəsənət” portalında bu haqda bəhs edilmişdi) qalib elan olundu.
Bu barədə festivalın münsiflər heyətinin qərarını ünlü amerikalı aktrisa Şeron Stoun elan elədi.
37 yaşlı Dyükorno festivalın tarixində filminə görə ən yüksək mükafata layiq görülən ikinci qadın oldu. Rejissor mükafat alarkən həyəcanını güclə gizlədirdi. O, Festival sarayının səhnəsindən onunla birlikdə film üzərində işləyən çəkiliş qrupuna təşəkkür etdi. "Mən bu qiymətləndirməyə görə çox minnətdaram", - deyə Dyükorno müsabiqənin münsiflər heyətinə müraciət elədi.
“Titan” nə barədədir, niyə onu ağlasığmaz adlandırırlar? Uşaqlıq dövründə baş qəhrəman Aleksiya başından ağır yaralanır, buna görə də kəlləsinin bir hissəsi titan plitəsi ilə əvəz edilir. O, böyüyür, rəqqasə kimi çalışır və çoxsaylı pərəstişkarlarını səmimi rəqsləri ilə cəlb edir. Onlardan biri işdən sonra qızı avtomobilinədək təqib edir və israrla onunla əlaqə qurmağı tələb edir. Aleksiya saç sançağını qulağına sancmaqla bu şəxsi öldürür, meyiti gizlədir, işə qayıdır, cinayətin izlərini yuyur. Başındakı metal kütlə onun beynini də əsarətə saldığından bu epizod Aleksiyanı cızığından çıxarır, o evə qayıdanda valideynlərini də yandırır və sevimli avtomobili ilə şəhərdən qaçır...
Süjet güman ki, sizə qəribə görünəcək və bu, həqiqətən belədir. Film sərt ritm rejimini axıradək saxlayır - bir qəddar qanlı səhnə başqa biri ilə əvəz olunur.
Bəs niyə belə bir dəhşət, mistika filmi qalib oldu? Məgər cəmiyyət qana susayıb? Kinematoqrafiya niyə daha ağıllı, maarifləndirici, tərbiyələndirici filmləri üstün bilmədi? Kann Fransa şəhəri olduğu üçün bəlkə də burda yerlipərəstlik motivləri rol oynadı.
Mükafatlandırma mərasimi insidentsiz də ötüşmədi. Onun lap əvvəlində münsiflər heyətinin rəhbəri Spayk Li səhvən qalib filmin adını çəkdi, bütün ssenari və mərasim xronologiyasını pozdu. Laureatların Siyahısı dərhal onun əlindən alındı. Zalda çaşqınlıq yarandı. Spaykın bəyanatı isə ali mükafata layiq görülmüş əsərin rəsmi elan edilməsi ilə yalnız bir saatdan artıq davam edən mərasimin sonunda təsdiq edildi.
Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” filmi (çox maraqlıdır ki, bu film Rusiya Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib), habelə iranlı rejissor Əsgər Fərhadinin “Qəhrəman” filmi Qran-pri mükafatına layiq görüldülər. Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist elan olundular.
İtalyan kinorejissoru Marko Bellokkyo isə Kann kinofestivalının fəxri "Qızıl palma budağı" na layiq görüldü. O, bu mükafata Təşkilat Komitəsinin qərarı ilə "müasir kinematoqrafa güc və azadlıq verən nadir yaradıcılığına" görə layiq görüldü.
Bellokkyo mükafatını italyan rejissoru Paolo Sorrentinonun əlindən aldı.
Bellokkyonun debüt işi 1960-cı illərin sonlarında sosial etirazları qabaqcadan duyan "Cibində yumruqlar" (I Pugni in Tasca) filmi ilə olub. Ümumilikdə, İtalyan ustasının hesabında 32 film var ki, onların çoxu tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.
Bellokkyo Kann kinofestivalının ən yüksək fəxri mükafatının onuncu laureatı oldu. Müxtəlif illərdə fəxri "Qızıl palma budağı"na adları dünya kinematoqrafiyasının Şöhrət Zalına çoxdan daxil olmuş sənətkarlar layiq görülürdü: Janna Moro, Bernardo Bertoluççi, Ceyn Fondu, Jan-Pol Belmondo, Manuel de Oliveyra, Jan-Pyer Leo, Aniyes Varda, Alen Delon. Xatırladaq ki, 74-cü Kann kinofestivalının açılış mərasimi zamanı - iyulun 6-da
daha bir fəxri “Qızıl palma budağı
Amerika kinoaktrisa Codi Fosterə "parlaq və istedadlı xidmətinə"ə görə təqdim edilmişdi.
Çində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyası işə başladı
Çinin Fucou şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü geniş sessiyası işə başlayıb.
AzərTAC-ın məlumatına görə, UNESCO-nun Çin hökumətiilə birgə təşkil etdiyi sessiya təşkilatın tarixində ilk dəfə olaraq videokonfrans formatında keçirilir. Cədvəl üzrə ötən il keçirilməli olan 44-cü sessiya COVID-19 pandemiyası səbəbindən bu ilə təxirə salınıb. Sessiya 2020 və 2021–ci illəri əhatə etdiyindən uzadılaraq 15 gün davam edəcək. Tədbirin gedişində Dünya Mədəni İrs Siyahısına düşmək üçün 45 yeni müraciətə baxılacaq, habelə artıq siyahıda olan obyektlərin vəziyyəti haqqında 258 hesabat təqdim olunacaq. Sessiya çərçivəsində onlayn görüşlər, seminarlar, sərgilər təşkil ediləcək.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyasının Çində keçirilməsi barədə qərar komitənin 2019-cu ildə Bakıda keçirilmiş 43-cü sessiyasında qəbul olunub.
Dünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Dünya Mədəni İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Bu siyahıya hazırda 1121 obyekt daxildir ki, onların 869 mədəni, 213-ü təbiət, 39-u isə qarışıq abidədir.
Azərbaycandan həmin siyahıya “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.
Hazırda palçıq vulkanlarına geopark statusu verilməsi və onların UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün işlər aparılır. Bundan başqa, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın və milli memarlığımızın incilərindən hesab olunan Xudafərin körpülərinin də Dünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflər var və bu istiqamətdə işlərə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu
İctimai iştirakçılıq haqqında "Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunu"na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 16 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilmişdir:
Abdulova Cəmilə Çingiz qızı - “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi
Qədirov Şahin Kərim oğlu - “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyi
Mustafayeva Samirə Vəli qızı - “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
Nəsibova Bəsti Mahmud qızı - “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai Birliyi
Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”
Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - Xan Şuşinski Fondu
Yolçuyev Əkbər Mehdi oğlu - Dünya gənc türk yazarlar birliyi
Zeyni Rauf Xurşud oğlu - “Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
Xatırladırıq ki, 13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Əlibəyov Gəray Ayaz oğlu ("Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi) İctimai Şuranın üzvü seçilmişdir.
Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilmişdir.