Super User
Heydər Əliyev Sarayında “Nizami” teleoperasının təqdimatı olub
Heydər Əliyev Sarayında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar XX əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” teleoperasınının təqdimatı olub.
Sarayın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, layihədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı da iştirak edib.
Layihənin ideya müəllifi Respublikanın Əməkdar artisti Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu xoreoqrafı Əməkdar artist Ceyhun Qubadov və baş xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır . Teleoperada Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, həmçinin vokalçılar Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov yer alıblar.
Azərbaycan Yazıçılar Birliyi üzvlükhaqlarını tələb etməyəcək
AYB katibliyinin növbəti iclası keçirilib. AYB katibi və qəbul komissiyasının sədri Səlim Babullaoğlu APA-ya açıqlamasında bildirib ki, iclasda üzvlük haqqı məsələsinə baxılıb və qərara alınıb ki, AYB üzvlərinin 2019-cu ilin sonunadək olan üzvlük borcları silinsin.
"Yeni qərara əsasən, 2020 və 2021-ci illərə görə üzvlük haqqının ödənilməsi üçün 30 yanvar 2022-ci il tarixinə qədər vaxt veriləcək. Üzrlü səbəb olmadan bu müddətə qədər üzvlük haqqı ödəməyən AYB üzvlərinin təşkilatda qalmaqları məsələsinə baxılacaq", deyə S.Babullaoğlu bildirib.
Qeyd edək ki, AYİB-ə üzvlük haqqı illik 15 manatdır.
“Harri Potter 20 ildən sonra: “Xoqvartsa dönüş” seriyasının rəsmi treyleri işıq üzü görüb
“Harri Potter 20 ildən sonra: “Xoqvartsa dönüş” seriyasının rəsmi treyleri işıq üzü görüb. Filmin nümayişi “Harri Potter və fəlsəfə daşı” filminin 20-ci ildönümünə təsadüf edir. Epizodda çəkilişlərdən kadrlar və aktyorların verdiyi müsahibələr yer alıb.
TASS agentliyi xəbər verir ki, filmdə Deniel Redkliff, Emma Uotson və Rupert Qrint və başqaları çəkilib.
Harri Poter haqqında yazdığı silsilə kitabların müəllifi Coan Roulinq çəkilişlərdə iştirak etməyib.
Filmin premyerası yanvarın 1-də “HBO Max” onlayn kinoteatrında və “Amediatek”də keçiriləcək.
Dünya 2021-ci ildə niyə öz gözəlini seçmədi və yaxud Qal Qadot gerçəkliyi
Xəbər verdiyimiz kimi, dekabrın 16-da Puerto Rikonun San Juan şəhərində, “Jose Miguel Aqrelot” Kolizeyində keçirilməli olan "Dünya Missi 2021"in 70-ci - yubiley müsabiqəsinin final mərhələsi təxirə salındı. Ötən gün ”Dünya Missi” müsabiqəsinin təşkilat komitəsi – MWO mətbuat konfransı keçirərək bu təxirəsalınma barədə geniş açıqlama verdi.
“Ədəbiyyat və incəsənət” portalı XXL dərgisinə istinadən məlumat verir ki, "Dünya Missi 2021"in 70-ci - yubiley müsabiqəsinin final mərhələsinin təxirəsalınma səbəbi bir çox iştirakçıların və xidmətçi heyət üzvlərinin koronavirusa yoluxmasıdır. İlk olaraq koronavirusun İndoneziya və Malayziya nümayəndələrində aşkar edildiyi bildirir, sonra onlarla təmasda olan qızlar ("Miss Hindistan" da daxil olmaqla) karantinə getməyə məcbur ediliblər. Ümumilikdə, nəticədə koronavirus 17 iştirakçı və təşkilatçıda təsdiqlənib. Bu gün, yəni dekabrın 22-də həmin şəxslərin hamısı hospitallaşdırılıblar, müalicə alırlar.
Mətbuat konfransında o da bildirilib ki, final mərhələsi tam 90 gündən, yəni 3 aydan sonra eyni məkanda – San Juanda keçiriləcək.
Bir qədər haşiyəyə çıxaraq qeyd etmək istəyirik ki, “Dünya Missi” gözəllik müsabiqəsinin rəqibi sayılan “Kainat Missi” müsabiqəsi isə bu il baş tutub, dekabrın 12-də keçirilən müsabiqə Hindistan təmsilçisi Harnaz Sandhunun (1-ci şəkildə) parlaq qələbəsi ilə başa çatıb. İkinci yeri paraqvaylı Nadia Ferreyra, üçüncü yeri isə Cənubi Afrika təmsilçisi Lalela Msvane tutublar. Bu müsabiqədə dörddə bir finala kimi irəliləyən Rusiya təmsilçisi də bizimçün hədsiz maraq kəsb etməlidir. Belə ki, Ralina Arabova (2-ci şəkildə) adlı həmin gözəlin atası azərbaycanlı, anası tatardır.
İndi isə mövzumuza qayıdaq. Sözügedən mətbuat konfransı zamanı ümumən sözügedən yarışma barədə müəyyən məqamlara da toxunublar. Bu məqamlardan biri müsabiqələrə İsrailin və müsəlman ölkələrinin münasibətidir. Xatırladaq ki, İsrail son illər "Dünya Missi” gözəllik müsabiqəsində iştirak etmir. Halbuki əvvəllər İsrailin milli gözəllik müsabiqəsinin qalibi, adətən, məhz "Dünya Missi” müsabiqəsinə yollanırdı, vitse-miss isə “Kainat Missi" müsabiqəsinə vəsiqə alırdı. İsrail rəsmiləri ölkənin "Dünya Missi” müsabiqələrində iştirak etməməsinə səbəb olaraq son illərdə həm lazımi maliyyələşmənin olmamasını, həm də bu müsabiqənin keçirildiyi bəzi ölkələrdə təhlükəsizlik probleminin mövcudiyyatını göstərirlər. 2022-ci ildə də müsabiqənin İsrailsiz keçəcəyi ehtimal olunur.
Beş il bundan əvvəl MWO bir sıra müsəlman ölkələrinin təzyiqi altında "Dünya Missi” müsabiqəsində iştirakçıların çimərlik geyimlərindəki müsabiqəsinin ləğv edilməsi, əvəzində bəzi iştirakçıların çimərlik paltarlarında müsabiqədənkənar şou nümayiş etdirəcəyi qərarını vermişdi. Lakin bu müsabiqəyə marağın get-gedə “Kainat Missi” müsabiqəsinə nisbətən nəzərəçarpacaq dərəcədə azalması fonunda MWO rəhbərliyi bu il “Dünya Missi” müsabiqəsində Miss World Beach Beauty yarışmasını – yəni çimərlik yarışmasını geri qaytarmaq bərədə qərar verib.
Xatırladaq ki, "Dünya Missi” və “Kainat Missi" beynəlxalq gözəllik müsabiqələri, demək olar ki, eyni vaxtda təsis edilib. İlk "Dünya Missi” müsabiqəsi 1951-ci ildə Londonda keçirilib, ilk "Kainat Missi” müsabiqəsinin keçirilmə tarixi isə 1952-ci ilə təsadüf edir, məkansa ABŞ-dır.
Yenə qayıdaq yəhudilərə. Məlumunuz olsun ki, İsrail ilk "Miss Kainat" müsabiqəsində iştirak edib, o zaman Kaliforniyaya ecazkar Ora Vered yollanmışdı. İsraillilər "Dünya Missi” müsabiqəsində isə 1953-cü ildən iştirak edirlər. Həmin vaxt onlar Londona məlahətli Havaselet Droru göndərmişdilər. 1998-ci ildə israilli Linor Abarcil "Dünya Miss"müsabiqəsinin qalibi olub. “Kainat Missi" müsabiqəsində isə İsrail daha əvvəl - 1976-cı ildə qələbəni qeyd edib. Qızıl tac onda Rine Messingerin başına qoyulmuşdu. İsrail bu iki qalibiyyətdən sonra daha heç vaxt bu müsabiqələrdə qalib gəlməyib. Hətta Hollivudda məşhurlaşan, gözəlliyi barədə əfsanələr dolaşan israilli aktrisa Qal Qadot 2004-cü ildə İsrail gözəli adını qazanaraq "Kainat Missi” yarışmasına yollansa belə, heç final top-15-liyinə də düşə bilməyib. Əslində, elə bu uğursuzluq - rəsmi dairələrdə möhkəm himayə olunan, İsrailin gözəllik simvolu sayılan Qal Qadotun uğursuzluğu İsraildə gözəllik yarışmalarına baxışı kökündən dəyişib. Son illər "le İşa" jurnalının və "Yediot Axronot" Nəşriyyat Evinin dəstəyi ilə keçirilən "İsrailin Gözəllik Kraliçası" müsabiqəsinin final mərhələsində ənənəvi teatrlaşdırılmış şou nəzərdə tutulmur, qaliblər internet səsverməsi ilə müəyyən edilir. Beynəlxalq miqyaslı gözəllik müsabiqələrinə isə yəhudi gözəlləri əsla qatılmırlar. Bu məqamda rəsmi İsrailin beynəlxalq gözəllik yarışmalarını baykot etmələrinə səbəb kimi “həm lazımi maliyyələşmənin olmamasını, həm də bu müsabiqənin keçirildiyi bəzi ölkələrdə təhlükəsizlik probleminin mövcudiyyatını” göstərməsini inandırıcı hesab etməməyə xeyli əsasımız var.
Və sonda əziz “Ədəbiyyat və incəsənət” portalının oxucuları, sizə növbəti dəfə bədxah qonşularımızın - Ermənistanın Puerto Rikodakı gözəllik müsabiqəsinə necə hazırlaşmaları və ora qatılacaq erməni gözəli barədə danışacağıq. Ermənistan gözəlini görəcəyiniz təqdirdə şoka düşəcəyinizə zəmanət veririk. Amma düşünməyin ki, yaxşı mənada.
Qapaq şəklində: Qal Qadot.
Foto by Womanhit
“Paris Notr-Dama ithaf” tamaşası nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Yeni il öncəsi fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşasını tamaşaçılara təqdim edəcək.
AzərTAC xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
Dekabrın 25-də göstəriləcək tamaşanın süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.
Tamaşada “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.
Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcək.
Nizami Gəncəvi yaradıcılığı Polşanın ədəbiyyat portallarında
Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar görkəmli nizamişünas-alim Rüstəm Əliyevin dahi Azərbaycan şairinin həyat və yaradıcılığından bəhs edən “Nizami Gəncəvi” monoqrafiyasından polyak dilinə tərcümə olunmuş hissələrin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, əsərin polyak dilinə tərcümə müəllifi – polyak dili üzrə mütəxəssis İlahə Kərimovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası olan “salon24.pl” və “ngo.pl” portalları müntəzəm olaraq səhifələrində Jan Jak Russo, Mixail Lermontov, Stanislav Lem, Mixail Bulqakov kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.
Filarmoniyada “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclərə dəstək layihəsi çərçivəsində “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert keçirilib.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Orkestrin bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev, dirijoru Əməkdar artist İlahə Hüseynovadır.
Proqramda Süleyman Əsgərovun “Daimi hərəkət”, “Vətənimdir”, “Şalaxo”, Qəmbər Hüseynlinin “Ay işığında”, Vittorio Montinin “Çardaş”, Vasif Adıgözəlovun “Qərənfil” və digər bəstələri səsləndirilib.
Tarda Əbülfət Abbasov, Kənan Hüseynov, İkram Abdullazadə, Asim Pirimov, Rəşid Bəylərli, Murad Kərimov, qarmonda Rəmzi Mustafayev, Şahnaz Abbaszadə, qanunda Leyla Tağıyeva, kamançada Zərnitac Qurbanzadə çıxış ediblər.
Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Uzaq sahillərdə”
Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.
22 dekabr, Energetiklər günü
Fizika alimləri iddia edirlər ki, elektrik cərəyanı kütlə və çəkisi olmadığına görə əslində özlüyündə əsla təhlükəli deyil. Amma bu cərəyan yüklü hissəciklərin – elektronların axınını özündə ehtiva etdiyindən kütləsi və çəkisi olan, habelə işıq sürətinə yaxın sürətlə irəliləyən elektronlar aşkar təhlükə törədirlər. Bu təhlükə öldürücü dərəcədədir. Ona görə də elektriklərin tövsiyələri boşuna deyil, onlar deyir ki, əgər siz hansısa elektrik cihazının detalı deyilsinizsə, onda bu axının qarşısına nəbadə çıxasınız.
Həsən Seyidbəyli, Nəsir İmanquliyev və Cakoma Puççini
Amerikalılar bu dəfə Milli qozla və iydə ilə çörək gününü qeyd edəcəklər. Düzü, mən bu şeylərlə şörəyin miksinin nə dad verəcəyindən bixəbərəm, bu birləşməni heç təsəvvür də edə bilmirəm, amma fakt faktlığında qalır. Rumınlar isə 1989-cu ilin bu günündə Çauşesku rejimini devirib milli xilas fondunu hakimiyyətə gətirmələrini qeyd edəcəklər. Yenə həmin ilin həmin günündə Brandenburq qapıları açılıb, iki Almaniyanın əhalisi bir-birinə gedib-gəlməyə başlayıb.
1938-ci ildə Cənubi Afrika sahili sularından müasir balıqlardan ən qədimi hesab edilən latimeriyanı tutublar. 1920-ci ilin bu günündə tanınmış Azərbaycan kinodramaturqu, kinorejissoru, “Cəbhədən cəbhəyə” və “Uzaq sahillərdə” kimi iki şedevrlə mədəniyyətimizə töhvələr vermiş Həsən Seyidbəyli doğulub. 1911-ci il dekabr ayının 22-də Bakıda Nəsir Əsəd oğlu İmanquliyev anadan olub. Bu gün 110 yaşı qeyd edilən Nəsir İmanquliyev ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın babasıdır, Azərbaycan mətbuatının inkişafında böyük xidmət göstərib, 87 il ömür sürüb.
1895-ci ildə alman fiziki Vilhelm Rentgen həyat yoldaşının əlini şüalandıraraq dünyada ilk dəfə rentgen fotosu çıxarıb. 1876-cı ildə Filippo Marinetti – Avropa ədəbiyyatı və incəsənətində futurizmin təməlini qoymuş italyan yazıçısı doğulub. 1858-ci ildə isə digər məşhur italyan – 12 opera müəllifi, bəstəkar Cakoma Puççini dünyaya gəlib.
Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında yeni nəşr işıq üzü görüb
Bu günlərdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın rus dilində “Nizami Gəncəvinin etnik mənsubiyyəti” kitabı çapdan çıxıb.
Bu barədə AzərTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitab bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə və çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazılıb. Bu da dünya elmi ictimaiyyətinin görkəmli şairin 880 illik yubileyini qeyd etdiyi və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkədə “Nizami Gəncəvi İli” elan edildiyi zamanda xüsusilə vacibdir.
Kitab bir neçə bölmədən ibarətdir və onun əvvəlində məşhur İran şairi və ədəbiyyatşünası Səid Nəfisinin sözləri yer alır: “Nizami fars şairi deyil, o, Azərbaycan mühitində yaşayıb-yaradıb və onun şeirləri fars üçün anlaşılmazdır”.
Kitabda Nizaminin əsərlərindən təkzibolunmaz faktlar əsasında şairin Azərbaycan türkü kimi etnik mənsubiyyəti sübuta yetirilib və bu məsələnin müxtəlif aspektləri yeddi bölmə üzrə araşdırmaya cəlb olunub. Dünya şərqşünaslığı, o cümlədən klassik poeziya üzrə görkəmli iranlı alim-mütəxəssislər farsdilli poeziyada digərləri ilə yanaşı “səbki-Azərbaycani” adlanan Azərbaycan üslubunu da fərqləndirir və bu sıraya Qətran Təbrizi, Xaqani Şirvani, Əbul-Üla Gəncəvi, Fələki Şirvani kimi farsdilli (yəni klassik farsca yazanlar, lakin etnik türklər) şairlərin yaradıcılığı ilə yanaşı, Nizaminin yaradıcılığını da daxil edirlər. Bu üslub farsca yazan şairlər arasında yalnız etnik Azərbaycan türkləri tərəfindən istifadə edilib. O, zəngin metaforası, mürəkkəb obrazlar sistemi, şairlərin fəlsəfi düşünməyə meyli və ərəb mədəniyyətinin (yalnız Xorasan üslubundan istifadə edən etnik fars şairlər buna heç bir halda yol verməyərək, ərəblərə aid hər şeyə təkəbbürlə, laqeydliklə yanaşır, özlərini ali mədəniyyətin nümayəndələri hesab edirdilər), digər qədim mədəniyyətlərin nailiyyətlərindən istifadəsi ilə seçilirdi. Bu və bir sıra digər məsələlər - XII əsrdə Gəncə əhalisinin etnik tərkibi, Nizaminin harada və hansı ailədə doğulub boya-başa çatması, onun doğma Azərbaycanla bağlılığı, türkə aid hər şeyə məhəbbət və rəğbət, fars poeziyasının nümayəndələri üçün səciyyəvi olan xüsusiyyətlərin olmaması, türk sözlərinin tez-tez işlədilməsi və s. dahi şairin etnik türk olmasına heç bir şübhə yeri qoymur.
Kitabda indiyə qədər bəzi tədqiqatçıların Nizaminin anasının kürd mənşəli olmasına dair fikirlərini əsaslandırdıqları və “metis” kimi tərcümə edilən “ikdiş” sözünün tamamilə yeni izahı yer alır. Müəllif bu mifi qəti şəkildə təkzib edir və Nizaminin həm atası, həm də anası tərəfdən Azərbaycan türkü olduğunu inandırıcı şəkildə sübut edir. Kitabda Nizami irsinin bəzi digər məsələlərinə, məsələn, “Xosrov və Şirin” poemasındakı Şirinin etnik mənşəyi və dini inancı, bəzi ermənisevərlər tərəfindən “Ermənistan” kimi təqdim edilən Arman vilayətinin etnik və konfessional tərkibi kimi məsələlərə də müəllifin münasibəti ifadə edilir.
“2030-cu il üçün milli prioritetlər siyahısında mədəni və yaradıcı sənayelərin inkişafı da yer alır”
Dekabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə "Azərbaycanın inkişaf modeli: "Dünən, bu gün və sabah" mövzusunda konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə
istinadən bildirir ki, tədbirdə əvvəlcə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevlə bağlı sənədli film nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov konfransda çıxış edərək dünya miqyaslı görkəmli siyasətçi, Prezident İlham Əliyevin fəaliyyətindən söz açıb. O, Azərbaycan Respublikasının bugünkü inkişafının təməlinin müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli "Azərbaycanda dövlət quruculuğu" mövzusunda məruzəsində bildirib ki, Vətən müharibəsində Ali Baş Komandan bölgənin ən güclü ordusunu yaratdığını ortaya qoydu.
Mədəniyyət naziri Anar Kərimov konfransda “Azərbaycanın yeni mədəniyyət strategiyası” mövzusunda məruzə edib. Nazir bildirib ki, biz əcdadlarımızın irsini qorumaqla kifayətlənməməliyik, eyni zamanda yeni yaradıcılıq nümunələri də yaratmalıyıq. Bu kontekstdə Mədəniyyət Nazirliyi tərəfindən yeni istiqamətlər müəyyən edilib: “2030-cu il üçün milli prioritetlər siyahısında mədəni və yaradıcı sənayelərin inkişafı da yer alır və dayanıqlı iqtisadiyyatın inkişafı bölməsində bu da qeyd olunub. Vətən müharibəsində Qarabağın azad edilməsindən sonra ərazilərimizə mədəniyyətin qaytarılması missiyamız davam etdirilir. Cənab Prezident tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi çox önəmli mesaj idi. Bu, Azərbaycanın azad edilmiş ərazilərinə öz mədəniyyəti ilə qayıdışı idi. Azərbaycan Qarabağa təkcə iqtisadi, enerji layihələri ilə deyil, eyni zamanda "yumşaq güc"lə – mədəniyyətlə qayıdır. Xocalıda soyqırımı yaşamış bir ölkə olaraq Azərbaycan yenə də dünyaya sülh çağırışları edir”.
Anar Kərimov qeyd edib ki, Azərbaycanın iqtisadi, hərbi, enerji təhlükəsizliyi qədər mədəni təhlükəsizliyi də təmin edilməlidir. Bu, nazirlik tərəfindən həyata keçirilən yeni mədəniyyət strategiyasının əsasını təşkil edir: “Yeni mədəniyyət strategiyasının elan olunması Vətən müharibəsində möhtəşəm Qələbə qazandığımız dövrə təsadüf edir. Zəfərimizi möhkəmləndirən amillərdən biri də mədəniyyətimizdir. Mədəniyyətimizi inkişaf etdirməklə vətəndaş cəmiyyətində onun rolunu artırmalıyıq. Yeni reallıqlara uyğunlaşmaq üçün insan kapitalının yeni çağırışlara cavab verməsi, hüquqi bazanın möhkəmləndirilməsi lazımdır. Mədəniyyətin davamlılığını qorumaq bizim ümdə vəzifəmizdir. Bu vəzifəni biz artıq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirməkdəyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir. Bu da bizim yeni missiyamızdan biridir”.
Konfransda daha sonra müasir inkişafımızın müxtəlif istiqamətlərinə dair məruzələr dinlənilib.
Sonda “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nurlan Qələndərlinin “Böyük yolun Müzəffər davamçısı” kitabının təqdimatı olub.