Super User
“Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgi davam edir
Azərbaycan Prezidenti tərəfindən Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı ötən il imzalanan Sərəncamın icrası məqsədilə Mədəniyyət Nazirliyi bir sıra tədbirlər həyata keçirib.
Məlum olduğu kimi, 2021-ci il dekabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgi açılıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur. Xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevin rəngarəng sənət duyumunu əks etdirir.
Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi aprelin 30-dək davam edəcək.
“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı Şuşa xalçalarına həsr olunub
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa xalça qrupuna həsr olunub.
Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan verib. Arxeoloji tapıntılar və tarixi yazılı abidələr göstərir ki, Azərbaycan ərazisində eramızdan əvvəl II minillikdə insanlar xalça və xalça məmulatı toxuyaraq öz zərifliyi, gözəlliyi ilə seçilən müxtəlif əşyalar hazırlayıblar.
Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. Bu xalçalar öz mükəmməl toxunuşu, iri ölçüləri, rəngarəng çalarları ilə həmişə seçilib. Rəng palitrası isə Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlərindən gələn şux (qırmızı, sarı), parlaq və kontrast rənglərdən ibarətdir.
Qarabağ tipinə Şuşa, Qarabağ və Cəbrayıl xalça qrupları aiddir. Şuşa qrupuna aid “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Bulud”, “Saxsıda güllər” və “Nəlbəki gül” xalçaları hündür xovu, əlvan, şux koloriti, çox nazik, incə toxunuşu ilə seçilir.
Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunub. Buna nümunə olaraq, üç-beş hissədən ibarət dəst xalı-gəbələri misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilib.
“Bulud”, “Bağçada güllər” və “Saxsıda güllər” adlı məşhur Şuşa xalçalarının toxunmasına Azərbaycan-Rusiya arasında mədəni-iqtisadi əlaqələrin yaranmasından sonra başlanılıb. XIX əsrin ikinci yarısından etibarən Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar gətirilirdi. Şuşa sənətkarları həmin məmulatların üzərindəki təsvirlərdən ilham alaraq bu cür xalçalar toxuyurdular.
Rasim Qaracadan "Sənin Toxunduğun Hər Şey"
Yazıçı Rasim Qaracanın yeni kitabı işıq üzü görüb.
"Sənin Toxunduğun Hər Şey" adlanan kitabının işıq üzü görməsi münasibəti ilə yazıçı öz facebook hesabında yazıb:
"Sənin Toxunduğun Hər Şey" hekayələr kitabım çapdan çıxdı. Minimalist üsluba bu kitabda da sadiq qalmışam. Az sözlə çox şey demək mənim idealımdır.”
Martın 1-də “Akvarel təəssüratları” adlı satış sərgisi açılacaq
Martın 1-də Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunmuş “Akvarel təəssüratları” adlı akvarel əsərlərdən ibarət satış sərgisi açılacaq.
Sərfi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ("IWS Azerbaijan") və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaq.
Sərgidə 60-a yaxın rəssamın 80-ə yaxın sənət əsəri sərgilənəcək.
Əsəri sərgilənən rəssamlara hədiyyələr, sertifikatlar və sərginin elektron kataloqu təqdim ediləcək.
Macəra dolu, fantastik “Keçid”
“Mücrü” nəşriyyatında gənc yazar Vasif Zahidovun “Keçid” romanı işıq üzü görmüşdür.
Romanın annotasiyasını təqdim edirik:
“Şəhriyar dostları ilə kəşf etdiyi bunkeri sevgilisi Aydana göstərmək istəyir. Bunkerdə rastlaşdıqları qəribə, vahiməli yerlərin birində Aydan qeybə çəkilir sanki. Şəhriyar Aydanı tapmaq üçün KEÇİD vasitəsi ilə qarşısına çıxan “sərhədi” keçərək təsadüfən mövcudluğundan xəbər tutduğu macəra dolu Həylan dövlətinə düşür. Labirint kimi azıb qaldığı eyni adlı bu şəhərdə Şəhriyarı gördüyü hadisələrdən yaranan suallar ildırım kimi vurmağa başlayır.
Bu şəhərin Aydanla nə əlaqəsi var idi?
Çətin, əzablı yollardan keçən Şəhriyar görəsən Aydanı həqiqətən tapa biləcəkdimi?”
Macəra-fantastika üslubunda yazılmış roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Ən çox baxılan filmlərin ABŞ üzrə reytinqində dəyişikliklər var
Dünya kino industriyasının mərkəzində hansı filmlərə daha çox baxılır? Həftəsonunu 12,8 milyon dollarlıq kassa gəliri ilə geridə qoyan "Nil çayında ölüm" filmi ABŞ-da ötən həftə ən çox baxılan ekran əsəri olub. İrlandiyalı aktyor, rejissor, prodüser Kennet Branaqın səhnələşdirdiyi filmin aktyor heyətində Gal Gadot və Armie Hammer kimi simalar yer alıb.
Keçən həftənin kassa çempionu "Jackass Forever" bu həftəsonu 8,1 milyon dollar gəlirlə siyahıda ikinci yerə enib. Filmin ABŞ və Kanadada ümumi gəliri 37,4 milyon dollara çatıb.
ABŞ kassasında üçüncü yeri "Mənimlə evlən" romantik komediya filmi tutur. Baş rolları dünyaca məşhur sənətkarlar Cennifer Lopez və Oven Vilsonun ifa etdiyi film ilk nümayiş həftəsində 8 milyon dollar gəlir əldə edib.
Ümumi kassa gəliri 759 milyon dollar olan “Hörümçək adam: Geriyə yol yoxdur” filmi isə, nümayişinin doqquzuncu həftəsində mövqelərini xeyli itirərək ABŞ prokatında beşinci yerə enib.
Şəkildə: Lider filmdən kadr
Şanson Cəlal Abbasovun konserti olacaq
Fevralın 22-də Heydər Əliyev Sarayında tanınmış müğənni, şanson Cəlal Abbasovun solo konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə müxtəlif illərin sevilən hit musiqiləri SHANSON COVER BAND qrupunun yeni aranjemanında səsləndiriləcək.
Saat 20:00 da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.
Qeyd edək ki, Heydər Əliyev Sarayında dördüncü solo konsert proqramı ilə çıxış edəcək Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının (“Vostoçnıy Bazar”, “Türksoy”, “Qulyay duşa”, “Bakı gecələri” və s.) iştirakçısı və qalibidir. Müğənninin repertuarında bəstəkar və xalq mahnılarından savayı 3000 -dən çox Azərbaycan, rus, ingilis, italyan və başqa dillərdə ifalar vardır.
Qubada kitab bayramı keçirilib
14 fevral Beynəlxalq Kitabbağışlama Günü ilə əlaqədar olaraq ADPU-nun Quba filialı “Azərkitab” kitab mərkəzi ilə birgə Qubadakı “Azərkitab” mağazasında tədbir keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə motivasiya spikeri, yazıçı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə, yazıçı-jurnalist, Avrasiya Millətlər Assambleyasının Ədəbiyyat Şurasının həmsədri, Əməkdar jurnalist Varis Yolçuyev, “Azərkitab” kitab mərkəzinin rəhbəri Mirisrafil Həsənov, tanınmış qubalı şair Ramiz Qusarçaylı, ADPU Quba filialının direktoru, dosent Yusif Alıyev, filialın professor-müəllim heyəti və tələbə kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru Y. Alıyev 14 fevral Beynəlxalq Kitabbağışlama Günü haqqında qısa məlumat verib, belə mötəbər tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz ənənələri, dəyərləri, bilgiləri yaşadır. Çıxışçı tələbə gəncləri oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib. “Azərkitab”ın Quba filialında oxucular üçün yaradılan şəraitdən, qarşıya qoyulan məqsədlərdən, oxunan kitabların təsirindən, günümüzdə kitab oxumanın əhəmiyyətindən, hətta kitabın, biliyin düşmən üzərində qələbə üçün də vacib əhəmiyyətindən danışıb, müxtəıif dünyaşöhrətli yazıçıların əsərlərindən bəzi məqamlarl diqqətə çatdırıb. Xüsusi olaraq gənc nəslin təlim-tərbiyəsində, vətəndaşlıq mövqeyinin lazımi səviyyəyə çatdırılmasında yazıçılarımız Əlibala Məhərrəmzadəyə, Varis Yolçuyevə, şair Ramiz Qusarçaylıya bu əlamətdar gündə qiymətli zamanlarını gənclərə ayırdıqları üçün təşəkkür edib.
Daha sonra yazıçı Əlibala Məhərrəmzadə, yazıçı Varis Yolçuyev çıxış ediblər.
Əlibala Məhərrəmzadənin oxuculara təqdim edilən, yenicə çapdan çıxmış "Kənar adamın söylədikləri", Varisin "Qırmızı ləçəklər" kitabları haqqında məlumat verilib. Qeyd olunub ki, "Kənar adamın söylədikləri" sənədli romanında vaxtilə Qubada ermənilərin törətdikləri soyqırım hadisələri zamanı, eyni zamanda bolşevik işğalı zamanı əhali arasından çıxmış qəhrəman qubalı oğulların müqavimətindən, mübarizəsindən bəhs edilir. “Qırmızı ləçəklər" romanı isə Xocalı faciəsi qurbanlarından olan Milli Qəhrəman Əlif Hacıyevin həyatını əks etdirən faktlara söykənən bir əsərdir. Əsərdə hələ 70-ci illərdən başlayaraq Qarabağda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri maneələrdən bəhs edilir. Əsər Xocalı soyqırımı hadisələrində baş vermiş erməni vəhşiliklərini gənclərimizə ötürməklə tariximizdəki erməni yalanları, erməni vandalizmi haqqında məlumat verir. Qeyd edilib ki, Dövlət Gənclər Fondunun sifarişi ilə çap olunan, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində təbliğ olunan “Qırmızı ləçəklər” xarici dillərə tərcümə edilərək Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq mussiyasını daşıyır.
Sonra şair Ramiz Qusarçaylı son illərdə ADPU Quba filialında aparılan tədris və tərbiyəvi əhəmiyyətli layihələrin çoxluğundan söz açıb, regionda universitetin fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb və tədbir iştirakçılarının xahişi ilə “Qurudub göndərmə bənövşələri" şeirini səsləndirib.
Oxucu, filialın tələbəsi Səma Asəfova çıxış edərək yazıçı Varis haqqında fikirlərini belə qeyd edib: "Yazıçı Varis Yolçuyev Azərbaycan nəsrinə yeni üslüb, yeni nəfəs gətirdi desək, yanılmarıq. Xalq yazıçısı İsmayıl Şıxlı təsadüfi olaraq demir ki, Varis yaradıcılığında yazarlara xas olan 3 əsas cəhət diqqətimi çəkir, onun da birincisi dilin səlisliyidir.”
Daha sonra Quba filialının tələbəsi Nərmin Orucova çıxış edərək bildirib ki, bəlkə də oxucuların əksəriyyəti Əlibala Məhərrəmzadəni şəxsən tanımır. Lakin onun əsərləri ilə tanış olduqca düşüncələr dərinləşir, oxucu əsərin müəllifi haqqında daha çox məlumat əldə etmək istəyir. "Çovdar çörəyi" romanı süjet xətti, hadisələrin yetərincə bir-birindən maraqlı olması, təqdim olunan obrazların həm fərdi, həm də ümumi cizgilərinin dolğunluqla əks etdirilməsi etibarilə yeni, müasir romandır. Biz hər bir zaman oxuduğumuz əsərdən özümüz üçün dəyərli məlumatlar əldə edirik. Hətta bəzən rəngli qələmlə işarələyirik. "Çovdar çörəyi" romanından da olan gözəl və yaddaqalan sitatları bölüşmək istəyirəm: “Qəribədir. Bir vaxtlar sürətlə yaxınlaşdığın adamdan, gün gəlir, eyni sürətlə uzaqlaşırsan. Elə bil, bir-birinə çırpılmış iki daşdır. Öncə bir-birlərinə doğru səmt götürürlər. Toqquşandan sonra hərəsi bir səmtə yönəlir.” Bu fikirlə sanki həyatımıza daxil olan yanlış insanlar gözümüzün önündə canlanır.
Sonra filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva, tələbələrdən Nərmin Orucova, filialın əməkdaşı, Jurnalistlər Birliyinin üzvü Nəhayət Şirinova yazıçılara müxtəlif səpkili suallar ünvanlayıblar.
Yazıçılar gənclərin onların əsərləri ilə belə yaxından tanış olaraq əsərləri təhlil etdikləri üçün də məmnun olduqlarını ifadə ediblər. Qeyd ediblər ki, gəncliyin kitablara marağının yüksək səviyyədə olması çox qürurvericidr.
Sonda oxuculara və tədbir iştirakçlarına müəlliflər tərəfindən imzalı kitablar hədiyyə edilib və xatirə şəkli çəkdirilib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Tərcümə Agentliyi təsis edilib
Yeni yaradəlan Tərcümə Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərin icrası ilə əlaqədar dövlət dilindən istifadə və tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən təsis edilib.
Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, agentliyin fəaliyyət istiqamətlərinə – dövlət əhəmiyyətli sənədlərin, habelə təşkilatlar, sahibkarlar, eləcə də yerli və xarici vətəndaşların müraciət və sifarişləri ilə təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi, redaktəsi və ekspertizası, həmçinin poliqrafiya xidmətləri də daxildir.
Xidmətlər müvafiq sahədə peşəkarlığı ilə seçilən dil və tərcümə mütəxəssisləri tərəfindən müxtəlif formatda, o cümlədən elektron qaydada göstərilir.
Akademik Musiqili Teatr beynəlxalq festivalda ölkəmizi layiqincə təmsil edib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi fevralın 9-dan 13-dək 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasında səfərdə olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi festivallarda dəfələrlə Azərbaycanı layiqincə təmsil edən Akademik Musiqili Teatrın yaradıcı heyəti bu dəfə də uğurlu çıxışları ilə yadda qalıb.
Fevralın 11-də Tehran Şəhər Teatr Kompleksində rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda hazırlanan “Bir nəfəs qədər” tamaşası nümayiş olunub.
Nüfuzlu beynəlxalq tədbirin tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan tamaşadan öncə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə qonaqları salamlayıb, səhnə əsəri barədə onlara dolğun məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən, şəhidlərimizin şücaətindən, müqəddəs şəhid analarının dastanlara sığmayan qəhrəmanlığından danışıb. Səfir tamaşanın qəhrəman şəhidlərimizə ithaf olunduğunu vurğulayıb və onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Əli Əlizadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsinin Azərbaycan xalqı ilə yanaşı, İran xalqını da sevindirdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycanın sənət adamlarının İrana qastrol səfərinə gəlməsi və beynəlxalq “Fəcr” Teatr Festivalında çıxış etməsi xalqlarımızın mədəni əlaqələrinə verilən böyük töhfədir.
O, səhnə əsərinin İranda "Fəcr" ongünlüyündə, İranın milli bayramında nümayiş etdirilməsinin də əlamətdar olduğunu qeyd edib və bu münasibətlə İran dövlətini və xalqını təbrik edib.
Musiqili Teatrının yaradıcı heyətinin üzvlərini: Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Samir Qulamov, Səmədzadə Xasiyev, Əli Kərimov və Qabil Gözəlovu sürəkli alqışlarla qarşılayan tamaşaçılar onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar.
Festival çərçivəsində fevralın 12-də Akademik Musiqili Teatrın digər səhnə əsəri – dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin "Utancaq qız" fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşa da təqdim olunub.
Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovun özünəməxsus ifası istər münsiflər heyətinin üzvləri, istərsə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, festivalda nümayiş olunan hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.