Super User
Qazax rayonunun və Daş Salahlı şəhidlərinin xatirəsi yad edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli filialında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının, o cümlədən Qazax rayonunun və Daş Salahlı kənd şəhidlərinin xatirəsi anılıb.
Kitabxanadan bildirilib ki, filialın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri, AzərTAC-ın əməkdaşı, şairə Zərəngiz Mansurova ölkəmizdə orduya göstərilən diqqətdən danışıb. Bildirib ki, ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək ərazilərimizi düşmən işğalından azad edib. Zərəngiz Mansurova bu qələbədə Qazaxın və doğma kəndi Daş Salahlının da töhfəsi olduğunu bildirib. Qanlı döyüşlərdə ailəsinin də itki verdiyini, bacısı, könüllü döyüşçü Vəfa Dəmirçioğlunun böyük rəşadətlər göstərərək, el qəhrəmanı, “Şəhidlərin qız qardaşı” kimi şərəfli ad qazandığını söyləyib. O, özünün yazdığı “Qazaxdan gəlmişəm Qələbəyə mən” şeirini oxuyub.
Daş Salahlı kənd sakini, şair Elmar Sahib çıxış edərək həm 1992-ci il müharibəsində, həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində Qazax rayonunun, eləcə də Daş Salahlı kənd sakinlərinin qəhrəmanlıqla döyüşdüklərini, Nicat Nəsibovun, Vəfa Dəmirçioğlunun, Süleyman Süleymanovun, Mayis Yaqubovun, Əmir İbrahimovun və 339 nəfər Qazax, 18 nəfər Daş Salahlı şəhidinin xatirəsinin bu gün də hörmətlə yad olunduğunu bildirib. O, “Qazax şəhidləri” şeirini söyləyib. Kitabxanaçı Esmira Zülfüqarova şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını, onların şərəf işinin bütün gənclərə nümunə olduğunu deyib. O, Zərəngiz Mansurovanın “Yaşa, Vəfa Dəmirçioğli” şeirini oxuyub.
Əslən qazaxdan olan şairə Ramilə Haqqı o qanlı günlərin şahidi olduğunu, Vəfa Dəmirçioğlunu şəxsən tanıdığını deyib və bu el qəhrəmanının, eləcə də bütün şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.
Cəfərli kənd şəhidi Nicat Nəsibovun qardaşı İlkin Nəsibov, Qazax şəhidi Sərxan Abdullayevin qardaşı Elman Abdullayev, Mayis Rəhimovun yaxın qohumu İsrail Qayayev və başqaları dövlətimizin şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.
Sonda kitabxananın müdiri, 44 günlük Vətən müharibəsinin şəhidi, kapitan Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva tədbir iştirakçılarına təşəkkürünü bildirib, şəhidlərin ölməz xatirəsinin ürəklərdə daim yaşayacağını, gələcək nəsillərə örnək olduqlarını söyləyib.
Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri vəfat edib
Əli Kərim adına Sumaqayıt Poeziya Klubunda Aşıqlar Birliyinin Sumqayıt bölməsi qərarlaşmışdı, onun rəhbəri Qənirə xanım Mehdixanlı həvəslə, coşğu ilə işə gəlirdi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xalqına, ulusuna fayda verməyə çalışan Qənirə xanım təcrübəli pedaqoq idi, neçə nəsil sumqayıtlı yetişdirmişdi. Qənirə xanım həm də şair idi, aşıq şeiri nümunələri yazıb yaradırdı. 84 yaşlı Qənirə xanım
Azərbaycan Yazışılar Birliyinin üzvü, tanınmış pedaqoq, əmək veteranı idi, o, Qazax Pedaqoji Texnikumunun - Qazax Müəllimlər Seminariyasının bəlkə də yaşayan sonuncu məzunu idi.
2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi birliyin üzvü olan Qənirə xanımın 80 illik yubileyini təntənə ilə qeyd də etmişdi.
Acı xəbər aldıq. Demək nə qədər ağır olsa da, Qənirə xanım sıralarımızı tərk elədi.
Allah rəhmət eləsin, ruhu şad olsun.
Özündən sonra qalan yadıgarları sırasında, şübhəsiz, şeirləri də başda duracaq.
BU YOLDAN
Bürüyüb dünyanı yol damar-damar,
Yolçular yollardan rahatlıq umar,
Kimiyə daş-kəsək, kimiyə hamar,
Keçir namərdlər də, mərd də bu yoldan.
Biri toy-düyünlə gəlindir köçür,
Biri dərdlərini götürüb qaçır,
Hamı son mənzilə bu yolla köçür,
Keçir məhəbbət də, dərd də bu yoldan.
Mehdixanlı, uzun-kəsədi yollar,
Qıyarmı yolçular küsə bu yollar,
Fərq qoymaz yaxşıya, pisə bu yollar,
Keçir qoyunlar da, qurd da bu yoldan.
Günün fotosu: ABŞ-da abort hüququ qadağan edildi
Günün fotosu: ABŞ-da abort hüququ qadağan edildi
ABŞ Ali Məhkəməsi dünən abort hüququnu qadağan edib. Qadağa qadınların böyük etirazlarına səbəb olub.
Mənbə: Euronews
Rəsm qalereyası: Leonardo da Vinçi, “Sirli məclis”
“Şərəf” medalı TÜRKSOY-un təsis etdiyi ən ali mükafatdır
Sual-cavab rubrikasında oxucumuz E. Abbasov soruşur ki, bu yaxınlarda xalq yazıçımız Kamal Abdullaya TÜRKSOY təşkilatının verdiyi ödül nə ödül idi.
Demək, Xalq Yazıçısı, Akademik Kamal Abdulla TÜRKSOY-un “Şərəf” medalı ilə mükafatlandırılıb.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının bir qrup görkəmli elm adamlarını “Şərəf” medalı ilə mükafatlandırıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, eyni zamanda da sevilən romanların müəllifi, xalq yazıçısı Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.
“Şərəf” medalı, Kamal Abdullayla yanaşı, Qazaxıstan Yazıçılar Birliyinin sədri Ulyukbek Yesdaulet və Qırğızıstandan görkəmli ədəbiyyatçı və türkoloq Osmanakun İbraimova da təqdim edilib.
Qeyd edək ki, “Şərəf” medalı TÜRKSOY-un təsis etdiyi ən ali mükafatdır.
Sabah “Bəxtiyar” musiqili komediyası nümayiş olunacaq
Ötən ay Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası uğurla təqdim olunan “Bəxtiyar” musiqili komediyası növbəti dəfə sabah - iyunun 26-da nümayiş olunacaq.
Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.
Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Tamaşada Bəxtiyar obrazını teatrın gənc və istedadlı solisti Emin Zeynallı, Saşa obrazını isə Nəzrin İsmayılzadə canlandıracaq.
Tamaşa heyətində Əməkdar artist İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Fərid Rzayev, Nigar Qarayeva, Ofeliya Məmmədova, Murad Əliyev, Əli Kərimov, Mehriban Rəcəbova, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov və başqaları da var.
Orden-medallarının 11-12 yaşlı iki naxələf uşaq oğurlayıb satmışdılar - Rəhman Orxan yazır
"Nə zamansa bu nişanda bir atam vardı..." (Əli Kərim)
Bir-neçə gün əvvəl Atalar günü idi (yəqin ki, hər zaman ömrümüzü nurlandırmış atalar üçün də belə bir günün olması lazım idi). Mən həmin gün heç nə yazmadım. Düşündüm ki, atam haqqında məhz bu gün, iştirakçısı olduğu Sovet-alman müharibəsinin başlandığı gündə yazmağım daha düzgün olar...
1941-ci ildə - 18 yaşında cəbhəyə yollanan atam 1945-ci il qələbəsindən sonra da hələ 3 il "Qızıl Ordu" sıralarında saxlanmışdı. O zaman döyüşlərdə necə vuruşduğu haqqında özü danışmasa da, ölümündən sonra döyüş dostu Lətif Mirzəyevin onun haqqında dedikləri az da olsa, məndə müəyyən təəssürat yaratdı. O etiraf etdi ki, "Abdurahman rus dilini yaxşı bilirdi və bizim hamımızdan şücaətli idi. Nə gizlədim, biz çox vaxt canımızı qorumağa çalışırdıq, ancaq o qorxu-zad bilmirdi, cəsarətli idi, elə həmişə irəli getməyə çalışırdı. Onun bacarıqlı olduğunu görüb, son illərdə komandirimiz onu tez-tez kəşfiyyata göndərirdi. Elə vaxtlarda onunla hər ehtimala qarşı xudahafizləşəndə gülərək deyirdi ki, Lətif, qorxma, sağ-salamat qayıdacağam. Qayıdırdı da."
Allah Lətif kişiyə də rəhmət eləsin, o da dünyadan köçüb. Ancaq atam haqqında dediyi o bir-iki kəlmə söz hələ də yadımdadır və bir daha inandım ki, mənim atamla öyünməyə, fəxr etməyə bu gün haqqım var!
Bəli, atam həqiqətən mərd, qorxmaz bir döyüşçü olub. Müharibə dövründə layiq görüldüyü “Qırmızı ulduz”, 1-ci dərəcəli “Vətən müharibəsi” ordenləri, “Almaniya üzərində qələbəyə görə”, “Döyüş xidmətlərinə görə” medalları və digər orden-medallar təbii ki, döyüşlərdə göstərdiyi igidliyinə, şücaətinə görə verilib. Sovetlərin 13-cü ordusunun 211-ci Suvorov ordenli Çerniqov diviziyasının tərkibində uzun və ağır döyüş yolu keçmiş atam bir-neçə dəfə güllə, qəlpə yaraları alsa da, hər dəfə qospitalda müalicəsi başa çatar-çatmaz yenidən döyüşə yollanıb. Müharibədən sinəsində orden-medallarla, bədənində isə qəlpələrlə, güllə yaraları ilə qayıtmışdı. 2-ci qrup müharibə əlili idi. Buna baxmayaraq, dinc quruculuq illərində uzun müddət Şəkinin taxılçılıq sovxozunda çalışdı, kənd Sovetinin deputatı oldu, doğma elinin-obasının xeyrində-şərində fəallıqla iştirak etdi.
1990-cı ilin 20 yanvar faciəsi baş verəndə atam göz yaşını saxlaya bilməyərək, vaxtilə xidmət etdiyi Sovet ordusuna, Qorbaçov it balasına lənətlər yağdırmışdı. Gücü yalnız ona çatmışdı ki, səhərisi günü kəndin ortasında öz gücü ilə, bacardığı kimi (ustalığı da vardı) şəhidlərimizə xatirə abidəsi düzəltmişdi. Sovxoz rəhbərliyi, kəndin camaatı, məktəblilər axın-axın gəlib, abidə önünə gül dəstələri düzür, günahsız həlak olmuş şəhidlərimizin, həmçinin kəndimizdən olan Fərman Məmmədovun o qanlı gecədə həlak olmuş məktəbli qızı Larisanın ruhunu yad etmişdilər. Atam elə abidənin yaxınılığındaca çadır quraraq, şəhidlərimiz üçün yas mərasimi də vermişdi.
Atam öz ömrünü mənalı yaşadı, 6 övlad böyütdü, onlarla nəvə-nəticə babası oldu. Bircə ona heyfsilənirəm ki, uca boylu, cüssəli-gövdəli olsa da, bir nanəcibin ucbatından həyatdan vaxtsız getdi və orden-medallarının bəzilərini isə 11-12 yaşlı iki naxələf uşaq oğurlayıb, hardasa satmışdılar. Ancaq görəsən o vaxt dələduzluq, nankorluq edən, bu gün isə artıq “yekəlmiş” uşaqlar geriyə baxıb, heç utanıb, xəcalət çəkirlərmi? Axı, Məhəmməd baba kimi müqəddəs bir din, Allah adamının oğlu olan, nəsli həmişə halallıq sevən, haqqa sitayiş edən Abdurahman kişiyə qarşı bu cür hərəkət etmək olmazdı və Allah onları yəqin ki, heç vaxt bağışlamaz!
Allah Sənə, dünyadan köçmüş əzizlərimizə-doğmalarımıza və Sənin bütün döyüş dostlarına rəhmət eləsin, əziz və heç zaman unudulmayacaq ATAM!
Azərbaycanlı şair Ümid Nəccari beynəlxalq mükafata layiq görülüb
Azərbaycanlı şair və tərcüməçi Ümid Nəccari Ruminiyanın nüfuzlu Beynəlxalq Mihai Eminescu medalına layiq görülüb və Mihai Eminescu akademiyasının üzvü seçilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mihai Eminescu Akademiyasının Beynəlxalq festivalında 30-dan çox ölkənin nümayəndəsi iştirak edib. Festival Ruminiyanın şairlər şəhəri adını qazanmış Craiovada keçirilib.
Qeyd edək ki, Ümid Nəccarinin əsərləri İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Kosovo, Ruminiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında şeir və yazıları tərcümə olunaraq işıqlandırılıb.
Gənc rəssamlara dəstək layihəsi çərçivəsində “İntibah günləri” adlı tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin təşkilatçılığı ilə gənc rəssamlara dəstək layihəsi çərçivəsində Avropa mədəniyyətinə həsr olunmuş “İntibah günləri” adlı tədbir keçirilib.
Baş İdarədən bildirilib ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dizayn məktəbinin gənc rəssamlarının İntibah mədəniyyətinə aid çəkdikləri rəsm əsərləri nümayiş olunub. İntibah dövrünə məxsus olan kübar musiqi və rəqs nümunələri təqdim edilib.
Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev çıxışında mədəniyyətlərin təbliği və ənənələrin yaşadılmasının əhəmiyyətini və layihənin maarifləndirici xüsusiyyətini vurğulayaraq təşkilatçılara və gənclərə uğurlar arzulayıb. UNEC dizayn məktəbinin direktoru Lalə Məmmədova tədbirin yüksək səviyyədə təşkilinə və gənc rəssamları dəstəkləyən layihəni gerçəkləşdirdiklərinə görə minnətdarlığını bildirib. Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əməkdaşı Əliseyfəl Quliyev çıxış edərək XIV əsrin əvvəlləri – XVI əsrin sonlarında Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin yeni, mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarması haqqında danışıb.
Qeyd edək ki, layihə gənc rəssamlara dəstək məqsədi daşıyır və intibah mədəniyyətini yaşadan və bu sahə üzrə yaradıcılıqla məşğul olan bütün gənclərə şamil edilir. Növbəti tədbirlər ictimaiyyətə açıq şəkildə keçiriləcək. Bu barədə layihənin sosial şəbəkə hesablarında məlumat veriləcək.
Yazıçılar Birliyinin sədri Anar Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamına görə Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir:
“Möhtərəm cənab Prezident. Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz.
Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.
Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.
Sağ olun, var olun!”