Super User
Günün fotosu: 1600 yaşlı skeletlər tapılıb
Günün fotosu: 1600 yaşlı skeletlər tapılıb
Türkiyənin Adıyaman şəhərinin Gölbaşı qəsəbəsində 1600 yaşı olduğu təxmin edilən 27 insan skeleti tapılıb.
Foto: Magazine
Bu gün “Artım”da vorkşop təşkil olunacaq
Bu gün “Artım” layihə məkanında “Qavrayışı formalaşdıraraq” adlı vorkşop təşkil olunacaq. Vorkşop - ingiliscə iş və emalatxana, mağaza anlamlı iki sözün birləşməsindən əmələ gəlib, müasir təlim formasıdır.
Vorkşop zamanı rəssam Murad Vəliyevin rəhbərliyi altında iştirakçılar inşaat köpüyü, sap və akril daxil olmaqla müxtəlif materiallardan və texnikalardan istifadə edəcəklər, həmçinin modanı müasir incəsənətdə necə tətbiq etməyi öyrənəcəklər.
Murad, İstanbul, Moskva və Bakı kimi şəhərlərdə moda və müasir incəsənət sahələrində çalışan gənc rəssamdır. Onun yaradıcılığının ilham mənbəyi cəmiyyətimizin müxtəlif stereotipləridir və o, modanı müasir incəsənətlə birləşdirərək əsərlər yaradır.
Onun əsərləri "L’Officiel Azerbaijan", "Elle Russia", "Cosmopolitan Turkiye", "GQ", "Esquire", "Schön!", "Based Istanbul" və "Vogue" kimi nəşrlərdə dərc olunub.
Mədəniyyət nazirliyinin Media və Kommunikasiya şöbəsi Londonda CNN kanalının qonağı olub
Mədəniyyət nazirliyinin Media və Kommunikasiya şöbəsi Londonda CNN kanalının qonağı olub və kanalın işi ilə tanış olmaq imkanı qazanıblar.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin şöbə müdiri Məryəm Qafarzadə və şöbənin baş məsləhətçisi Elnarə Kərimova CNN rəhbərliyi ilə görüşüblər. Görüş zamanı diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və CNN illərdir əməkdaşlıq edir, ölkəmizlə bağlı çoxsaylı süjetlər yayımlanıb.
Telekanalı ziyarət zamanı nazirlik rəsmiləri kanalın işi, beynəlxalq layihələri ilə tanış olublar. Həmçinin çəkiliş prosesi, məşhur CNN Breaking News-un canlı yayımlarını, montaj və hazırlıq işlərin necə getdiyini, redaksiya işlərinin necə aparıldığını, strategiyaların necə hazırlandığını izləmək imkanı qazanıblar. Rəqəmsal və yaradıcı həllər üzrə təcrübələrini bölüşüblər.
Görüş zamanı Məryəm Qafarzadə və CNN rəhbərliyi arasında aparılan danışıqlar zamanı telekanalın saytında Azərbaycan tərəfindən Azərbaycan mədəniyyəti ilə bağlı məqalə hazırlanaraq sayta yerləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Görüş zamanı həmçinin gələcək layihələrlə bağlı müzakirələr aparılıb.
CNN rəhbərliyi media sxemi , xəbər ötürmə, marketinqlə bağlı illər ərzində əldə etdiyi təcrübələrini də bölüşüblər.
Məryəm Qafarzadə CNN-ə yaradılan şəraitə görə təşəkkür edərək, zəngin mədəniyyətimizin təbliği üçün yeni metodların tətbiqi və davamlı əməkdaşlığın perspektivlərindən söz açıb.
Qeyd edib ki, cari ildə kanal mədəniyyət paytaxtımız Şuşada keçirilən tədbirlər eyni zamanda Azərbaycan milli sərvəti olan muğam və xalça sənətimizlə bağlı videoçarxlar nümayiş etdirib.
Azərbaycan nümayəndə heyəti sonda şirkətin iş şəraiti və binası ilə yaxından tanış olublar.
Ən çox oxunan: Roma Papası hindulardan üzr istəyib
Ən böyük mədəniyyət insani rəftar, humanizm deyilmi? Kanadada səfərdə olan Roma Papası Fransisk Kanadanın xüsusi internat məktəblərini ziyarət edən yerli xalqların – hindu ailələrinin uşaqları ilə qəddar davranışa yol verən katolik kilsəsinin hərəkətləri üçün üzr istəyib. O, həmçinin kilsə və dini icmaların bir çox üzvlərinin yerli xalqların mədəni məhvinə və məcburi assimilyasiyasına yönələn layihələrdə iştirak etməsi üçün bağışlanmalarını istəyib. Kanadaya etdiyi beş günlük səfər çərçivəsində Pontifik (Papanın dini rütbəsidir – red.) ölkənin yerli sakinləri üçün ilk milli kilsə olan Edmontondakı Müqəddəs Ürək kilsəsində insanların dualarını qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu xəbər ötən günün ən çox oxunan xəbəri kimi manşetlərdə yer alıb. Euronews-un məlumatına görə, Roma Papası Fransisk mərasim zamanı söyləyib: “Pisliyin, təhqirin və aldadılmış etimadın ləyaqətə vurduğu ləkəni heç nə silə bilməz. Və biz xristianlar heç vaxt üzərimizə rüsvayçılıq yığıb onu silməklə məşğul olmamalıyıq. İndi hər şeyi yenidən başlamaq lazımdır".
Gəlin faktlara diqqət edək: 1881-1996-cı illərdə Kanadada yerli xalqlardan 150 mindən çox uşaq öz ailələrindən ayrılaraq, əsasən katoliklərin idarə etdikləri internat məktəblərinə göndərilmişdir. Bir çox uşaqlar ana dilində danışdıqları və ənənəvi ritualları tətbiq etdikləri üçün cinsi istismara, döyülmə və digər cəzalara məruz qalmışdır.
Edmonton yaxınlığındakı Kanadanın ən böyük internat məktəbi olan Ermineskinə getməzdən əvvəl Roma Papası bu məktəbin bir çox şagirdinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib. Ümumilikdə, Kanadanın internat məktəbləri sistemində 4 mindən çox uşaq indiyənədək dünyasını dəyişib.
Gəlin razılaşaq ki, ağdərilər Amerikanı zəbt edtikdən sonra o zamanlar yerli qırmızıdərili xalqlara qarşı necə genosid siyasəti aparırdılarsa, indi də həmin siyasət davam edir. Sadəcə, daha sivil formaya salınıb.
Şəkildə: Roma Papası hindu tayfalarından birinin nümayəndəsi ilə görüşərkən.
YARAT “İNSƏN” adlı multidistiplinar rəsmlər sərgisi açıb
İsti yay günlərində YARAT Müasir İncəsənət Mərkəzində açılan multidistiplinar rəssam Çingizin “İNSƏN” adlı yeni fərdi sərgisi diqqət çəkməkdədir.
“İNSƏN”, Çingizin şəxsi təcrübə prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi və nəfəsi ilə yaşayan, dəyişən İnsan və onun əməlləridir.
Sərginin kuratoru Fərəh Ələkbərli sərgi haqda məlumat verib:
“Bu əslində çox fərqli layihədir. Çünki hamının öyrəşdiyi, bildiyi adi sərgi deyil, 6 ay müddətində işlənib hazırlanan bir layihədir. Rəssamın konsepti ondan ibarətdir ki, o, heç kəslə dialoqa girmir və sərgi haqda danışmağı, hansısa bir məlumatı paylaşmır. O, demək istədiklərini əsərləri vasitəsilə tamaşaçılara çatdırır. Bu ideyanı açıqlamaq üçün dövrün metamorfozlarını, təsir və əks təsirlərini təcəssüm edən heykəl və instalyasiyalar müxtəlif situasiyaların göstəricisi qismində çıxış edir. İnsan və onun ətrafı, hissləri və emosiyaları, təzad və alternativləri üzərində fokuslanan sərgi, baş verən bütün proseslərin mərkəzi, əsas iştirakçısı və performeri olan insanı önə çəkir”.
Sərgidə ağıllı və küt insan prototipi anlamına gələn iki insan beyni, “pambıqdan” düzəldilmiş nərdivan, “yumşaq qəfəs” nümayiş olunan eksponatlar arasında daha çox nəzərə çarpır.
İnsanı kitab şəklində təqdim edən rəssam öz düşüncəsində onu açıq həm də bağlı formada görür. Biri ziyalı, oxumuş, digəri isə yatmış, dünyadan xəbərsiz kimi təsvir olunur.
İnsanların həyəcanını göstərmək üçün içərisindən alov püskürən təbil sanki rəssamın təlatümlü aləmindən xəbər verir.
Sərgi, Çingizin sənətdə formalaşmasına əhəmiyyətli təsir göstərmiş atası Tofiq Babayevə həsr olunub.
Hər bir ziyarətçi oktyabrın 4-dək sərgi ilə tanış ola bilər.
Günay Əfəndiyeva Reza Deqati barədə xoş sözlər söyləyib
Xəbər verdiyimiz kimi, güneyli rəssam Reza Deqatinin 70 illik yubileyi qeyd olunub. Məşhur rəssam haqda indi tanınmış şəxslər fikir bölüşürlər.
“Reza Deqsti öz sahəsində sözünü deyən peşəkar fotojurnalistdir. Dünyanın ən qaynar nöqtələrindən fotolar çəkərək həqiqətləri dünya ictimaiyyətinə çatdırırdı. O, Qarabağ hadisələrində Azərbaycan gerçəklərini dünyaya cəsurluqla nümayiş etdirdi, Vətən borcunu vicdanla yerinə yetirdi. Onun fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyur.”
Bu fikirləri yubiley törəni zamanı mediaya açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dünyaşöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbirdə deyib.
Günay Əfəndiyeva Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərləri tərəfindən türk dünyasının salnaməsinə yeni tarix yazıldığını və torpaqların geri qaytarılmasıyla qürurlu günlər yaşandığını vurğulayıb. G.Əfəndiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdə keçirilmiş bir çox tədbirlərdə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyasının layihələrində Reza Deqatinin yaxından iştirak etdiyini bildirib: “Reza Deqati Azərbaycan həqiqətləri ilə yanaşı, eyni zamanda, Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini beynəlxalq müstəvidə nümayiş etdirirdi”.
G.Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlər çərçivəsində xarici dövlətlərin Azərbaycandakı təmsilçiləri ilə bərabər Reza Deqatinin daimi iştirakını xüsusi vurğulayaraq, onu əsl dünya insanı kimi qiymətləndirib.
Sonra Günay Əfəndiyeva Xalq rəssamı Arif Hüseynovun “Xarıbülbül” adlı rəsm əsərini, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və irsi Fondu adından rəsmi təbrik məktubunu dünyaşöhrətli fotoqrafa hədiyyə edib.
Bu gün Xalq artisti Nəcibə Məlikovanın anım günüdür
Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb. Bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 30 il ötür.
İlk əvvəl kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır. Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.
Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.
Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.
Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi beynəlxalq müsabiqədə Qran-Priyə layiq görülüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin baş müəllimi, beynəlxalq və respublika müsabiqələrinin laureatı Leyla Aslanova Türkiyənin Antalya şəhərində keçirilən daha bir beynəlxalq müsabiqədə uğur qazanıb.
AzərTAC xəbər verir ki, o,"Showmir" Mədəniyyət Mərkəzinin "Filiz" Mədəniyyət, Təhsil, Yardım və Əməkdaşlıq Beynəlxalq İctimai Birliyi və Kəmər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən "Günəşin evi Türkiyə" beynəlxalq yaradıcılıq müsabiqə-festivalının qalibi olub.
Yeddinci dəfə keçirilən festivalda Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Yakutiya və Çeçen Respublikasından 100-ə yaxın ifaçı öz istedadını nümayiş etdirib. Leylanın çıxışı münsiflər heyətinin yekdil qərarı ilə festivalın ən ali mükafatı Qran-Priyə layiq görülüb.
Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin rektoru Ceyran Mahmudova, professor Validə Babayevaya və kafedra müdiri Camalə Nəsirovaya təşəkkürnamələr verilib.
Azərbaycanda fotoqraf Rza Deqatinin 70 illik yubileyi rəsmi şəkildə qeyd olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 26 iyul 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin rəsmi hissəsində Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, xaricdə və Azərbaycanda təşkil edilən fotosərgilərindən söhbət açılıb.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, Reza Deqati 1990-cı ildə “20 Yanvar faciəsi” ərəfəsində çətinliklə Bakıya gəlmiş və burada baş vermiş böyük faciəni lentə almışdır. O, Azərbaycana “Xocalı soyqırımı” zamanı da səfər etmişdir. Reza Deqati 20 yanvar hadisələrini, Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. O, 1992-1993-cü illərdə Ağdamda və digər rayonlarda olaraq xalqımızın başına gətirilmiş müsibətləri lentə alıb. Reza Deqati çəkdiyi fotolarda xalqımızın başına gətirilmiş müsibətlərlə yanaşı, işğal dövründə ermənilər tərəfindən məhv edilmiş Qarabağdakı evləri, abidələri və tarixi binaları da göstərib. O, həmin dövrlərdə çəkdiyi fotoları dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox sərgilər təşkil etmişdir.
44 günlük Vətən müharibəsi zamanı da Reza Deqati Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün şiddətli döyüşləri, igid əsgərlərimizin qəhrəmanlıqlarını və düşmənin vəhşiliklərini böyük məharətlə lentə almışdır.
“Bildiyiniz kimi, Reza Deqati bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dünən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə” görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib. Bu əlamətdar hadisə ilə bağlı mən Reza Deqatini təbrik edirəm”, - deyə nazir fikrini yekunlaşdırıb.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin müxbiri Elnar Məmmədli, Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari çıxış ediblər. Həmçinin Fransız Sənət kuratoru və yazıçısı Pierre BonGiovanninin video müraciəti təqdim edilib.
Sonda çıxış edən Reza Deqati “Dostluq” ordeni ilə təltif olunmasına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. O, yubiley tədbirini həyatının unudulmaz günü kimi dəyərləndirib və mərasimin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Bədii hissədə isə tədbir konsert proqramı ilə davam etdirilib.
“Sevgi şeirləri” albomu: Rəşidə Allahverdiyeva, “Bir ümid göyərdirəm…”
Bir ümid göyərdirəm həsrətin kölğəsində
Boyu boymdan uca.
Gözləyirəm yaz gələ
Mənim ümid ağacım
yarpağından su içə
kötüyündə gül aça..
Mən ümid göyərdirəm ...
Sənsiz..
Sənsə…
Nə isə...
Yoxluğuna sığınıb xəyal qurmaq var hələ:
"Mənsiz nə çəkdiyini bilirəm", - dedin, bəlkə..
Bu qıvırcıq saçları
hər gün sübhdən axşama yüz kərə darayıram.
Güzgüyə boylanıram.
Gözlərimdə gözünün yerini arayıram.
Əl-üzümü yuyuram bir gündə neçə kərə..
Heç bilirsənmi niyə?
"Səni hər an, hər yerdə görürəm", - dedin, bəlkə ..
Hər gün evi, eşiyi silib təmizləyirəm.
Qapı - pəncərələr də əlimdən gəlib cana.
Süfrəni bəzəyirəm,
təzə çay dəmləyirəm.
"Bir dadlı xörək bişir, gəlirəm", - dedin, bəlkə..
Bir ümid göyərdirəm-
Göyərib, solan ümid.
Bir ümid göyərdirəm -
Adı SƏN olan ümid....