Super User

Super User

Понедельник, 09 Январь 2023 11:45

Marionet Leyli və marionet Məcnun

 

Şənbə günü Bakı Marionet teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunub. Tamaşaya bir gün qalmış artıq itiscet.az saytında “biletlər satılıb” qeydinin verilməsi tamaşaya həddən artıq marağın olmasına bir sübutdur.

 

Tamaşa “qara kabinet” üslubunda hazırlanmışdı. Bu cür quruluşun texniki özəlliklərinə görə, tamaşaçılar aşağıdakı şərtlərə birmənalı riayət edirlər: a) gecikməmək (gecikdiyi təqdirdə tamaşaçı zala buraxılmır); b) yaş həddini gözləmək (yaşı 12-dən az olan uşaqlar zala buraxılmır); c) telefon və s. işıqlanan cihazları söndürmək (hətta cüzi ekran işığı tamaşanı pozur). 

Adətən bizim tamaşaçılar mobil telefonsuz zalda otura bilmirlər, zəng edir, mesajlaşır, fotolar çəkirlər. “Qara kabinet” üslubunda isə qaydalara riayət etmək şərtdir. 

Keçək tamaşaya. “Leyli və Məcnun” ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun, bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur... 

Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da tamaşada diqqət çəkirdi.

Bir sözlə, Marionet teatrına bu modern klassika nümayişinə görə minnətdarlıq düşür.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Понедельник, 09 Январь 2023 11:30

Muzeylərimiz “Şuşa İli”ni necə başa vurdu?

Mədəniyyət sahəsində 2022-ci ilə yekun vurmaqdayıq. Bu dəfə mövzu Azərbaycan muzeyləridir. “Şuşa İli” Azərbaycan muzeyləri üçün maraqlı layihələr, çoxsaylı təqdimatlar, rəngarəng sərgilərlə yadda qaldı.

 

Milli İncəsənət Muzeyi

 

2022-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) müxtəlif tədbirlər, sərgilər təşkil olunub. Xalq rəssamı Sirus Mirzəzadənin “Qadın ətri” adlı fərdi sərgisi maraqla qarşılanıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə AMİM-də Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeydə gecə” adlı multimedia layihəsi həyata keçirilib. İl boyunca muzeydə görkəmli rəssamların yaradıcılığını təbliğ etmək və mədəni irsimizi yeni nəslə tanıtmaq məqsədilə “Bədii lövhələr” adlı layihə, həmçinin muzeyin əməkdaşları tərəfindən ümumtəhsil müəssisələrində incəsənətə dair mühazirələr oxunub.

 

Milli Xalça Muzeyi

 

Ötən il Azərbaycan Milli Xalça Muzeyi üçün xüsusilə əlamətdar olub. 55 yaşını qeyd edən muzeydə yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilib. Yubiley ilində muzeyin kolleksiyası 30-dan çox eksponat, o cümlədən Qarabağın XVIII əsrə aid bədii tikməsi, XIX əsrə aid minalı sırğalar kimi nadir nümunələrlə zənginləşib.

“Şuşa İli” ilə bağlı Qalabəyov, Mehmandarov, Çəmənzəminli kimi məşhur şuşalı nəsillərin tarixdəki rolunu təbliğ etmək məqsədilə silsilə görüşlər təşkil olunub. Muzeyin Ənənəvi texnologiya şöbəsində isə Mehmandarovların Şuşadakı malikanəsinin (XIX əsr) tavanında çəkilmiş rəsm əsasında “Ləçək-turunc” kompozisiyalı xalça hazırlanıb.

Azərbaycan xalça sənətinin dünyada təbliği məqsədilə dekabrda Rumıniyanın Sibiu şəhərindəki Brukenthal Müasir İncəsənət Muzeyində “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb.

Ötən il Milli Xalça Muzeyində 20-dək ölkədən mütəxəssisin qatıldığı “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans da keçirilib.

 

Milli Azərbaycan Tarixi Muzeyi

 

Muzeydə “Şuşa İli” ilə əlaqədar “Xarıbülbülün vətəni – Şuşa” adlı sərgi açılıb. Mədəniyyət paytaxtımızın tarixinin müxtəlif dövrlərini əks etdirən zəngin eksponatlar əsasında hazırlanmış sərgidə 300-dən artıq muzey materialı, informasiya paneli, fotoşəkillər, rəsm əsərləri nümayiş olunub.

Muzeydə, həmçinin Qarabağ tarixinin ayrı-ayrı problemlərinin tədqiqi istiqamətində də işlər görülüb. Tanınmış Azərbaycan ziyalısı, şuşalı Mir Möhsün Nəvvabın muzeydə qorunan silah kolleksiyası ilk dəfə tədqiqata cəlb olunub, həmçinin “Mir Möhsün Nəvvab və onun silah kolleksiyası” adlı kitab (Azərbaycan və ingilis dillərində) çap edilib.

Muzeydə 2021-ci ildə yaradılan Vətən müharibəsi fondunun zənginləşdirilməsi istiqamətində il ərzində işlər davam etdirilib. Hazırda fondda 260-dan çox şəhid və qaziyə məxsus 3150 ədəd inventar qorunur.

 

Azərbaycan İstiqlal Muzeyi 

 

Muzeydə ötən il ərzində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətçiliyimizin təbliği, tariximizin şanlı səhifələrinin daha dərindən öyrənilməsi məqsədilə müxtəlif səpkili tədbirlər keçirib. 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yaşatmaq, vətənpərvərliyin təbliği məqsədilə ötən ildən başlanan “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə bu il də davam edib. Layihə çərçivəsində keçirilən tədbir-sərgilərdə Vətən müharibəsi şəhidlərinə məxsus əşyalar nümayiş olunub.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 

 

Muzey xüsusilə gənc nəslin mənəvi-əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsini diqqətdə saxlayıb. 2022-ci il ərzində muzeydə və onun filialları olan Niyazinin mənzil-muzeyi, Qara Qarayevin ev-muzeyi və Vaqif Mustafazadənin ev-muzeyində müxtəlif tədbirlər, elmi-praktik konfranslar keçirilib, sərgilər təşkil edilib. Bundan əlavə, il ərzində musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamış görkəmli sənətkarların yubileyləri qeyd olunub, əlamətdar günlərlə bağlı tədbirlər keçirilib.

 

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi

 

Muzeydə əlamətdar mədəniyyət hadisələri, yubileylərlə bağlı müxtəlif tədbirlər keçirilib. Muzeyin və Səbail rayon MKS-in Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Hüseyn Cavidin 140 illik yubileyinə həsr edilən “Mənim tanrım gözəllikdir, sevgidir” adlı dəyirmi masada ədibin həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub. “Şuşa İli”nə həsr olunmuş “Mədəniyyətimizin Şuşa salnaməsi” adlı elmi-praktik konfrans, muzeyin sosial şəbəkə hesablarında yayımlanan “Cənnətim Qarabağ” rubrikası yaddaqalan layihələrdən olub.

 

Və sair

 

Ötən il ərzində görkəmli şəxsiyyətlərin ev-muzeyləri, həmçinin bölgələrdə fəaliyyət göstərən muzeylərdə də müxtəlif səpkili tədbirlər keçirilib.

2023-cü ildə də muzeyləri yeni layihələr, tədbirlər və təqdimatlar gözləyir. 

Sizlərdən isə, istəkli oxucular bir şey tələb olunur. Muzeylərə gedin!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Понедельник, 09 Январь 2023 11:15

Birinci Turan Kitab Festivalı nə vəd edir?

 

Xəbər verdiyimiz kimi, yanvarın 11-dən 15-dək Bakıda Birinci Turan Kitab Festivalı keçiriləcək. “Pasaj-1901” sərgi salonunda təşkil olunacaq festival “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq.

 

Festivaldan nə gözləyək? İl ərzində Mədəniyyət Nazirliyi, ANAİB təsisatı, “Qanun” nəşriyyatı analoji sərgilər keçirir, bu yeni keçirilən ümumi mənzərəyə hansı rəngləri əlavə edəcək? 

Təşkilatçı tərəflərdən biri, Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçın açıqlamasına görə, festivalda 40-a yaxın nəşriyyatın, 20-yə yaxın kitab mağazasının iştirakı gözlənilir. Onun sözlərinə görə, festivalda Türkiyədən olan bir sıra yazarların da iştirakı nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər aparılır. 

Festival günlərində kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.

“Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyalar, zəngin proqram 2023-cü ilin ilk kitab bayramında zamanınızı səmərəli keçirməyə kömək edəcək”, - deyib Səlçuk Karakılıç. 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

 

“TEATR MƏNİM HƏYATIMDIR”

 

Milli kino və teatr sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Həsən Turabovun 60 yaşı tamam oldu. Respublika Prezidentinin fərmanı ilə o “Şöhrət” ordeni ilə təltif olundu. Yubilyarı sənətsevərlə adından təbrik edir, ona həyatda və sənətdə uğurlar arzulayırıq. 

26.03.1998

 

- Hәsәn müәllim, Respublika Prezidentinin fərmanı ilə “Şöhrət” ordeni almağınız münasibətilə sizi ürəkdən təbrik edir, sizə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

- Sağ olun.

 

- Uzun illәrdir ki, səhnəyə çıxmırsınız. Bu nәdәn irәli gәlir: aktyorluq fәaliyyәti sizin üçün adilәşib, bir aktyor kimi bütün arzu etdiklәrinizә nail olmusunuz, yoxsa nәsә başqa bir sәbәblә bağlıdır?

-Aktyorluq arzuları çәtin ki, tükәnә. Yaradıcılıq, ümumiyyәtlә, nәһayәti olmayan bir şeydir. Kim desә ki, o, bütün arzu etdiklәrinә nail olub, demәk, özü tükәnib. Mәnim aktyor kimi fәaliyyətimi dayandırmağım fikri ilə də tam razı deyiləm. Hazırda Nahid Hacızadənin repertuarda olan “Qisas qiyamətə qalmaz” tamaşasında əsas rollardan birini ifa etmişəm.

 

- Şekspirin, Cəlil Məmmədquluzadənin əsərlərində Hamlet, İsgəndər kimi ən mürəkkəb obrazlar yaratmış aktyor üçün bu, çox az deyilmi?

- İndi səhhətim mənə müəyyən qədər mane olur belə ağır yükün altına girməyə. Amma, əgər qismət olsa, yenə də bir çox obrazları oynamaq fikrim var. Bir də teatrın bədii hissə müdiri kimi fəaliyyətim də aktyorluq fəaliyyətimi müəyyən qədər mәһdudlaşdırmağı tәlәb edir.

 

- Son illәr һadisәyә çevrilәn teatr tamaşalarının meydana çıxmamasını nә ilә izaһ edәrdiniz?

-Teatrın tәmirә bağlanması, aktyorların bir neçә il işsiz qalması bunun әsas sәbәblәrindәn biridir. Bir dә indi һәyatın bütün saһәlәrindә bir keçid prosesi baş verir. Bu isә istәr-istәmәz müәyyәn reqress dә doğurmalıdır. Barat kimi aktrisanı hardan alaq ki, Cülyetta oynasın. Odur ki, olanla kifayәtlәnmәyә mәcburuq. Әgәr gәlәcәkdә istedadlı aktyorlar yetişәrsә, onların da üzünә qapı açıqdır. Hansı istedadlı aktyora mane olan olub? Bir dә ki, rol bölgüsü rejissordan asılıdır. Hәr rejissorun öz aktyoru olur, rol bölgüsünü dә o, öz bildiyi kimi aparır.

 

-Teatrın bugünkü repertuarı sizi qane edirmi?

- Әlbәttә. Repertuar da rejissordan, onun һansı әsәri seçmәsindәn asılıdır. Biri istәyir “Fәrһad vә Şirin"i qoyur, biri “Kral Lir"i.

 

-“Kral Lir” tamaşasının adı repertuarda varsa da, özü xeyli müddәtdir ki, səhnədə göstәrilmir.

-O tamaşada iştirak edәn bәzi aktyorlar xәstәdirlәr. Bu, onunla bağlıdır.

 

-Siz һәlә gənc yaşlarından Hamleti oynamısınız. Sizin bu obrazınız barәdә iki fikir var. Bәzilәri bunu sizin vә ümumiyyәtlә Azәrbaycan teatrının uğuru һesab edir. Bәzilәri isә bu tamaşanı bütövlükdə uğursuz Şekspir tamaşası sayır.

- Belә bir fikir ondan irәli gәlir ki, o tamaşanın rejissoru, Azәrbaycan teatr sәnәtinin böyük yenilikçisi Tofiq Kazımov ənənəvi oyun vә yozum tәrzindәn imtina edib, orijinal bir Şekspir tamaşası һazırlamışdı. Yenilik isә һәmişə birmәnalı qarşılanmır. Amma mәn öz rejissoruma һamıdan çox inanırdım vә onun dediyinә görә, bu rolda nail olmuşdum. Moskvanın “Teatr" jurnalı da o vaxt bu barәdә böyük bir mәqalә çap elәmişdi vә tamaşanı tәqdirәlayiq bir iş kimi qiymәtlәndirmişdi.

 

-Tofiq Kazımovun adı çəkilən kimi sizinlə bərabər daha iki aktyor yada düşür: Amaliya Pәnaһova vә Şәfiqә Mәmmәdova. Siz Tofiq Kazımovun başçılığı altında Dram Teatrının sәһnәsindә inqilab elәdiniz. Bәs, birgә işinizi axıra qәdәr niyә davam etdirmәdiniz?

-Şәfiqә xanım ümumiyyətlə səhnəni tərk etdi. Çox tәkid etsәk dә, bu qərarından dönmәdi. Onun niyә belә etmәsinin sәbәbini һәlә dә şәxsәn mәn tam başa düşə bilmirәm. Amaliya xanım isә öz teatrını yaratmaq istәdi.

 

- “Hamlet”, “Unuda bilmirəm” tamaşlarında oynadığınız vaxtlar Amaliya xanımla tərəf müqabili olmusunuz. Hətta onun haqqında qəzetlərdən birində böyük bir mqəalə ilə çıxış etmisiniz. Qırx illik yubileyinzdə Amaliya xanımın sizi necə səmimiyyətlə təbrik etməsi də yadımdadır. Sonra necə oldu ki,  münasibətlərinizdə çat əmələ gəldi?

- Zaman hər şeyi, o cümlədən də münasibətləri tədricən dəyişir. Məşhur bir  aforizmdə deyildiyi kimi Günəşin altında heç nə əbədi deyil. Mən o məqaləni yazanda biz hələ cavan idik, münasibətlərimiz axıracan formalaşmamışdı. İllər keçir, bəzən ən adi bir şeydən soyuyan münasibətlərdə çatlar əmələ gəlir. Bir də ki bizim aktyor-aktrisa münasibətlərimiz pozulmayıb. Sadəcə, müəyyən vaxtdan sonra yaşla, görkəmlə bağlı mən artıq cavan oğlan rollarını oynaya bilmədim və biz Amalaia xanımla tərəf müqabili ola bilmədik. Bizim münasibətlərimizdə problem mən teatrda inzibati vəzifə tutandan sonra başladı. Amaliya xanım tamaşa və rolla bağlı bütün problemlərin ideal səviyyədə həllini istəyən aktrisadır. Teatrın maddi imkanları isə həmişə onun istəklərini həyata keçirməyə imkan vermir. Əsas mübahisələriiz burdan başladı.

 

- Teatrın bəzi aktyorları narazıdır ki, baş rolları həmişə eyni aktyorlar oynayır, bəziləri isə həmişə anturajda səhnəyə çıxır.

- Teatr özü bütöv bir sistemdir və burda hər kəsin öz daimi yeri olmalıdır. Teatrda iki, uzaqbaşı üç aktyor olmalıdır ki, baş rolları oynasın. Qalanları onlara kömək etmək, fon yaratmaq üçündür. Baş rolları hər dəfə bir aktyora verməklə teatrda uzaqbaşı xaos yaratmaq olar. Narazılıq edənlər məhz bu sadə həqiqəti anlamaq istəmirlər. Bütün dünya teatrları tarixində həmişə belə olub. Bu teatrın sərt həqiqətidir və səhnəyə qədəm qoyan hər kəs bunu ilk gündən anlamalı, qəbul etməlidir.  

 

-Müəyyən şəxslərin rol bölügsü ilə bağlı narazılığına baxmayaraq, Teatrın kollektivi sizә böyük eһtiramla yanaşır, qeyri-adi dәrәcәdә һәssas vә alicәnab insan kimi sizdәn öz razılıqlarını bildirirlәr. Belә bir xarakterlә Gəray bәy kimi mәnfi obrazı oynamaq sizin üçün çәtin deyildimi?

-Siz Gəray bәyi mәnfi obraz һesab edә bilәrsiniz. Amma, mәncә, Gəray bәy mәnfi obraz deyil. O vaxtlar onu mәnfi һesab edirdilәr. İndi mәlum oldu ki, onun mübarizəsi ədalətli imiş. Mәn, ümumiyyәtlә, mәnfi obraz oynamamışam. Bütün obrazlarımı düşünərək oynamışam. Ötәri һeç bir rolum olmayıb.

 

- Yaşınızın bu çağında teatr sәnәti sizin üçün nәdir? Belә bir romantik sәnәti seçmәyinizә peşiman deyilsiniz ki?

-Yenidәn dünyaya gəlsəydim, yenә dә bu sәnәti seçәrdim. Teatr mәnim həyatımdır.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

- Şekspirin pyeslər kitabını.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Dünən, yanvarın 8-də saat 22.00-da “Mədəniyyət” kanalında Xurşidbanu Natəvana həsr olunmuş filmin premyerası baş tutdu. Natəvan rolunu tanınmış modelyer Fəxriyyə Xələfova oynayırdı. 

 

XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, Xan qızı Xurşidbanu Natəvana həsr olunmuş sənədli film onun anadan olmasının 190  illiyinə həsr olunub. Filmin ideya müəllifi Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, ssenari müəllifi folklorşunas alim, şairə və dramaturq Fəridə Hicran Vəliyevadır.

Rəssam-modelyer Fəxriyə Xələfovanın filmlə bağlı təəssüratlarına diqqət yetirək. O, ölkə mediasına premyera ərəfəsində söyləmişdi: 

"Azərbaycan qadının parlaq nümunəsi Xurşidbanu Natəvan obrazı mənə təklif olunanda sevinc və qürur hissi ilə qəbul etdim. Film həm də Qarabağ hadisələrini, mənfur ermənilərin vandallığını, vəhşiliyini, tarixi abidələrimizi, şəhər və kəndlərimizi dağıdaraq viran qoymasını geniş ictimaiyyətə və gələcək nəsillərə çatdıracaq. Film üzərində işləyərkən Xan qızı haqqında bəzi yeni məlumatlar öyrəndik. Belə ki, onun əsl adı Xurşidbanu Bəyim olub, lakin yaradıcılığının ilk dövrlərində "Xurşid” təxəllüsü ilə yazsa da, sonradan özünə "Natəvan” təxəllüsünü götürüb. Hətta onun Şuşadakı evi özünün layihəsi əsasında inşa edilib. Çəkiliş zamanı evə daxil olarkən böyük bir risklə qarşılaşacağımı göz önünə almışdım. Dağıntılara məruz qalmış bu evin anındaca uçulub dağılmasından heç kim siğortalanmamışdı. Bununla belə həm Xurşidbanu Natəvanın evindən, həm də yaşadığı evin həyətindən çəkilişlər etdik. Daha maraqlısı isə odur ki, Şuşada olanda insan artıq heç nə düşünə bilmir, hər şeyi unudur. Bir anlıq nə riski, nə də özünü düşünürsən. Dağıntılara məruz qalsa da mən bu evi sevdim, füsunkar memarlıq üslubunda inşa edilmiş Xan qızının evinə heyran qaldım. Dünyanın bir çox ölkələrində olsam da hələ bu gözəllikdə keçidləri olan memarlıq abidəsi görməmişəm”. 

 

Qeyd edək ki, filmin çəkilişlərinə ötən ilin yayında başlanılsa da film soyuq və qarlı günlərdə Şuşada tamamlanıb. Filmin çəkilişləri Ağdamda, Şahbulaq qalasında, son kadrları isə mədəniyyət paytaxtımız Şuşamizda çəkilib. Natəvan xanımın obrazı üzərində işləyərkən, həm də məqsəd  Qarabağ xanlığının geyim mədəniyyətinin tam elmi- etnoqrafik təsvirini yaratmaq olub. Bu işdə məsləhətçi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, “Qarabağ geyimləri kataloqu” kitabının müəllifi Gülzadə Abdulova olub. 

Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş bu filmin bir sıra beynəlxalq kino festivallarına göndərilməsi də nəzərdə tutulur.

Uğurlu olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının çox sevilən Güneydən səslər rubrikasında portalımızın Cüney Azərbaycan təmsilçisi Əli Çağla bu bazar ertəsində sizləri Arda Xaninin şeirləri ilə tanış edir. 

Qeyd: Yazının orfoqrafiyasına toxunulmayıb. 

 

Arda Xani 1993-cü ildə Xiyox şəhərində anadan olubdur. Arda bu günlər gənc şairlər arasında şeirləri bəyənilən xarakterə çevrilibdir. Sosial şəbəkələrdə Azərbaycan ədabiyyatının təbliğatında çalışır.

 

 

SƏHƏR

 

Özümə hər axşam şeir yazıram,

Yazdığım nə varsa, silirəm səhər.

Gecələr yanımda olsan da mənim,

Yuxu olduğunu bilirəm səhər.

 

Dəli tək özumlə danışsam da mən,

Duyduğum hər sözlə alışsam da mən,

Özümdən qaçmağa çalışsam da mən,

Dolanıb özümə gəlirəm səhər.

 

Darıxıb, sıxılıb hey dığlasam da,

Gördüyüm hər şeyə göz bağlasam da,

İçimdə yas tutub çox ağlasam da,

Hamının üzünə gülürəm səhər.

 

Çevrəmdə hamı var, yalnız qalıram,

Divara baxıram, hara dalıram,

Hər gecə yaşayıb nəfəs alıram,

Yenə də ölürəm, ölürəm səhər.

 

 

BU GÜNLƏR

 

Gülüşüm ağacdan tökülən yarpaq,

Pəncərə önündə gözüm yoldadı.

İçimə atdığım neçə xətt şeir,

Bəlkə də hər şeyim qalma-qaldadı.

 

Nə qədər dayansam, nə qədər getsəm,

Yolumu tapmağa həvəs yox daha.

Dağlayıb çox zaman əlimin dalın,

Hər dönə batıram yeni günaha.

 

Gördüyüm bu insan, mənə bənzəmir,

Bu günlər uduram çox sözlərimi.

Gözümü yumanda ölürəm sanki,

Qorxuram bağlayam, aç gözlərimi.

 

Bu günlər görürsən acı çəkirəm,

Beynimdə sevginin gülləsi qalıb.

Üstümə qar yağıb, qış-borandayam,

Canımda ölümün çilləsi qalıb.

 

 

AD GÜNÜM

 

Mən nə yaşamışam?! Neçə yaşım var?!

Yaşamaq illərdir yorur qəlbimi.

Yaşımın üstünə artırdı ancaq,

Xəyalım saçı ağ bir uşaq kimi.

 

Başımda dünyalar oynayır mənim,

Baxışım yenə də süzülür, axır.

Güzgüdə qorxduğum cansız bir şəkil,

Mən ona baxmıram, o mənə baxır.

 

Gördüyün bu insan mənə bənzəmir,

Mən hələ özümdən nəsə bilmirəm.

Mənim həsrətimi kağazlar bilir,

Danışa bilmirəm, susa bilmirəm.

 

Bir otaqdır, bir mən, bir də siqaret,

Çəkirəm ölümə nəfəs-nəfəs can!

Pəncərə önündə şeir oxuyur,

İçimdə illərdir yalnız yaşayan.

 

Yaşadım deyirəm! Neçə yaşım var?!

Özümlə edirdim mən, inad Günüm.

Üzgünəm, yorğunam, biraz ümidsiz,

Və bu gün deyəsən, mənim ad günüm...

 

 

URMU

 

Urmuya qan dolub su şəkilində,

İntihar edilən yerdə dayanıb.

İçində gəzdiyim torpağın indi,

Hər evdə iki-üç satqın oyanıb.

 

Hələ də axacaq damcı-damcı su,

Urmu quruyunca bizim damlardan.

Urmunu evimdə gizlədirəm mən,

Ölkədə qan içən bu adamlardan.

 

Keçdiyim Urmuda qorxu səsi var,

Ölüm qoxusunu unutmamışam.

Əlimi vurduğum yaşlı gəlindən,

İllərdir gölümdən su tutmamışam.

 

Həsrətim göyərir su damcısına,

Nisgilim boy atır duzlu su ilə.

Aylardır köçürəm öz vətənimdən,

Hər gecə yatıram bu qorxu ilə.

 

Urmunun duzların al-ver edirlər,

Ölkədə insanlar duz-çörək yeyir.

Ölümün özünü görürük burda,

Urmunun duzundan qoxuyur şeir.

 

 

ÖZÜN GƏL

 

Mənə məktub yaz

Dəlicəsinə göydə dans edən ulduzları.

Mənə məktub yaz

Özləmlərini bilmirəm.

Səni hiss edə biləcək şəklini yox məndə

Şəkilini qoy paketə göndər.

Can alan dəqiqələrdən vaz keç

Ömrünü yaz.

Gecələr hansı düşüncəylə uyuduğunu

Səhərlər hansı öpücüklə oyandığını

Küçələrdə qorxduqca hansı əllərə sığındığını

Mənə məktub yaz.

Hər sabah günəş burdan çıxıb, orda batır

Sən yaşamın o tayındasan!

Mən bu tayında çırpınıram

Hər gün batıram sizin oralarda...

Hər gecə bir çillədir bizim buralarda

Soyuqdur soyuq!

Günəşi gizlədirsən gözlərində

Qaynağı yox bu gecələrin səhər olmağı.

Yarımçılıq qaldı

Yaşanmadıq

Yaşaya bilmədik

Yaşlandıq

Yaşayış, yaş-yaş axır gözümdən

Canlı bir ölü dolaşır şeir dəftərimdə

Mənə məktub yaz.

Olduğun yeri anlat mənə

Hələ də Türkcə danışan varmı orda?

“Divar-divar mirizəm

Dər la be laye şəhri ke to ra qom kərdeəm”.

İncə-incə qalınlaşır sözlərim

Telefonun o biri ucunda duran qadın!

Səsini məktub yaz.

Qucağını məktub yaz.

Qələmi burax, mənə məktub yazma...

Özün gəl!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyəti iki ölkə arasında son 15 ildə dostluq münasibətlərinin daha da dərinləşməsində, eləcə də Azərbaycan həqiqətlərinin İsraildə təbliğində müstəsna rol oynamış mərhum israilli ictimai xadim və jurnalist, Xocalı həqiqətlərinin dünyada yayılmasında rolu olan Arye Qutun adına xüsusi mükafat təsis edib. 

 

Bundan sonra hər il xüsusi mərasimdə təqdim olunacaq mükafat Azərbaycan və İsrail arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək şəxslərə və ya təşkilatlara təqdim olunacaq. 

Xatırladaq ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringer və ABŞ-nin “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kissin dəstəyi ilə İkinci Qarabağ müharibəsində yaralanmış azərbaycanlı hərbçi Arif Hacıyev haqqında lentə alınan “Göz qırpımında” adlı sənədli film də Arye Qutun əziz xatirəsinə həsr olunub. 

Fondun rəhbəri Nurit Qringer bildirib ki, 2022-ci ilin iyul ayında sonuncu dəfə Arye Qutla görüş zamanı Vətən müharibəsində ağır yaralanan qazi Arif Hacıyev haqqında sənədli film çəkilməsi ideyası ilə bölüşüb və Arye Qut bu təşəbbüsü dəstəkləyib. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə yaralanmış 24 yaşlı azərbaycanlı əsgər Arif Hacıyevin görmə qabiliyyəti israilli donor tərəfindən verilən göz və israilli həkim Yişhay Falikin icra etdiyi əməliyyat sayəsində bərpa edilib. 

Nəzərdə tutulub ki, Arye Qutun adını daşıyan mükafat 2023-cü ildə Bakıda keçirilməsi planlaşdırılan “Göz qırpımında” sənədli filminin təqdimatı zamanı seçilmiş şəxsə və ya təşkilata təqdim olunsun. 

Mərhum Arye Qut 15 ildən çox Azərbaycan və İsrail arasında münasibətlərin yaxınlaşmasına xidmət edib və Azərbaycanda İsrailin xoşməramlı səfiri kimi tanınırdı.

1975-ci ildə Bakıda anadan olan Arye 2000-ci ildə İsrailə köçüb, oradan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinə rəhbərlik edib. O, Türkiyə-İsrail münasibətləri, İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifi olub.

Ruhu şad olsun! 

 

Şəkildə: ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringer və

Arye Qut.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Понедельник, 09 Январь 2023 10:00

Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradılıb

 

Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyinin İcmanın müxtəlif strukturlarında təmsil olunan, Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alimlə görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətinin yaydığı məlumata görə, görüşdə İcmanın qarşısında duran vəzifələr, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriya üçün çatdırılma zərurətindən və üsullarından bəhs edib.

Bir neçə saat davam edən müzakirələr zamanı mövcud problemlərin bütün aspektləri nəzərdən keçirilib. 

Müzakirələrdə İcmanın sədri, deputat Əziz Ələkbərli, İcma sədrinin müavini, deputat professor Hikmət Babaoğlu, İcmanın şöbə müdiri Miraslan Bəkirli, professor Həsən Bayramoğlu, professor Fərrux Rüstəmov, professor, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi çöbəsinin müdiri Cəbi Bəhramov, tanınmış tarixçi alim Nazim Mustafa, dosent Cəlal Allahverdiyev, tədqiqatçı Mirzə Ənsərli iştirak və çıxış ediblər.

Tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, deputat professor Hikmət Babaoğluya tapşırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Понедельник, 09 Январь 2023 09:30

Faciələr yaşamış Azərbaycan gözəlinin hekayəti

 

Leyla Bədəlbəylinin anadan olmasının 103-cü ildönümü tamam oldu

 

Bazar günü Azərbaycan teatrının görkəmli nümayəndəsi, milli kino sənətimizin bənzərsiz siması Leyla Bədirbəylinin anadan olmasının 103 illiyi tamam oldu. “Azərbaycan gözəli” adını almış aktrisanın  çox maraqlı, həm də faciəli bir həyat tarixçəsi var. 

 

Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.

Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.

O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir. Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Kinoda Leyla xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.

Leyla Bədirbəylidən Tanrı heç nəyi əsirgəməmişdi. Çox gözəl idi, istedadlı idi. Onu sevən, anlayan, qiymətləndirən və həyatın  bütün təzyiqlərindən qoruyan həyat yoldaşı vardı. 55 il bir yerdə xoşbəxt, qayğısız həyat sürmüşdülər. İki qız övladları vardı. Bütün bunlar Leyla xanımın təravətli qalması üçün stimul idi. Bir gün həyat yoldaşı ona “sənə yeni maşın almaq üçün Almaniyaya gedəcəm” deyir. Leyla xanım maşınları olduğu üçün etiraz edir, “neyniyirsən yeni maşını, mənə bu da bəsdir” deyir. Kamil “o maşın daha sənə yaraşmır” cavabını verir və səhəri Almaniyaya yola düşür. 

O gedir, maşını alır, yol uzun olduğu üçün məsuliyyəti öz boynuna çəkməyib orda yaşayan bir dostu ilə Bakıya doğru yola çıxırlar. Yağışlı havada necə olursa maşın sürüşüb yoldan çıxır və hər ikisi qəzada həlak olur. Onun cənazəsi Bakıya gələndə Leyla xanım dərddən üzülür. 

 Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurur. Övlad itkisi də ananın ürəyinə dağ çəkir. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başlayır. Bu iki ölümdən sonra o özü də tədricən sağkən ölməyə başlayır. Həyatdan küsür. Ər, övlad itkisindən sonra özünə qapanır. 3-4 il isə ümumiyyətlə, evdən çölə çıxmır. Onun üçün artıq heç nəyin marağı yox idi. Nə televizora baxırdı, nə də mütaliə edirdi. Hətta heç kimlə görüşüb danışmaq belə istəmirdi.

Bunu eşidən ölkə başçısı o vaxt Leyla Bədirbəyliyə istiqlal ordenini təqdim etmək üçün onu evdən çıxarda bilir. İllər ərzində bu görüş, bu evdən çıxma ilk və son dəfə olur. Yenə özünə qapanır. Onu həmin təqdimetmə mərasimindən görənlər Leyla xanımın niyə evə qapıldığını yaxşı anlayırdılar. Azərbaycan gözəli belə dərd içində, yaşlı, miskin kimi yaddaşlarda qalmaq istəmir. Onu əvvəlki, Gülçöhrəli Leyla kimi xatırlamalarını istəyir.

 1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumur. Dünyasını dəyişən gün də o, heç kimlə danışmayıb. Hamıdan, həyatdan, taleyindən küskün kimi sadəcə gözlərini yumub və gedib.

 İndi onun adını kiçik nəvəsi daşıyır.

 

Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Понедельник, 09 Январь 2023 09:00

Mehriban xanım Əliyeva Milad bayramı münasibətilə paylaşım edib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.