Super User
Notr-Dam yenidən Neftçilər prospektində, Musiqili teatrda
Ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Nort-Dam kilsəsi” romanın motivləri əsasında rejissor Samir Qulamovun quruluşunda səhnələşdirilən "Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə oynanılıb.
Sənət ocağının repertuarında uğurla təqdim olunan tamaşa Avropanın əzəmətli abidələrindən biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edilib.
Azərbaycanın qocaman teatrı bu hadisəyə biganə qalmadığını dahi Hüqonun qəhrəmanlarını səhnəyə gətirməklə göstərib və dinindən, irqinindən asılı olmayaraq, bütün bəşəriyyəti tarixi abidələrin xilası üçün həmrəyliyə səsləyib.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Samir Qulamov, ideya müəllifi və bədii rəhbəri isə Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanları dayanır. Qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hissləri təcəssüm olunan bu məşhur əsər indiyə qədər dünyanın bir çox tanınmış teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-Damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.
Xatırladaq ki, "Paris Notr-Dama ithaf" fevralın 24-də saat 19:00-da yenidən nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bu gün Köhnə yeni ildir
Bayram həvəskarları Yeni ilin abu-havasından hələ çıxmayıblar, odur ki yanvarın 13-dən 14-nə keçən gecə Köhnə yeni ili də qeyd etmək məhz onlar üçündür. Amma heç düşünürükmü, hardan peyda olub bu ənənə?
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Sovetlər yenicə qurulanda – 1918-ci ildə kommunist başbilənlər köhnə Yulian təqvimi ilə yeni Qriqorian təqvimləri arasında 13 gün fərq olduğuna diqqət çəkərək “niyə bu yeni təqvimlə bayram edirik, köhnəylə etmirik?” deyiblər və Köhnə yeni il bayramının ənənəsini qoyublar. Biz azərbaycanlılar da sovetlər dönəmində bu xristian adətlərinə uyub bu bayramı keçirmişik.
Bu gün də evlərdə bayram olacaq, dəqiq bilirik. Olur olsun da. Bayramın nəyi pisdir ki? Bu acılarla dolu dünyada insan sevinməyə bəhanə tapırsa, bu yaxşı əlamətdir. Təki matəm olmasın.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
“Forbes” jurnalı 2023-də Azərbaycana səyahətə dəvət edir
“Forbes” jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı ölkələr qeyd edilib. Və bu sırada Azərbaycanın da adı var.
Məşhur dərgidə qeyd edilib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir. "Siz şəhərin orta əsrlərə aid köhnə şəhərinin divarlarının yanında parlaq Alov Qüllələrini və məscidləri tapa bilərsiniz. Bakı həm də Formula 1 yarışı olan Azərbaycan Qran-Prisinin vətənidir, ona görə də əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışa çıxa bilərsiniz", - deyə məqalədə bildirilir.
Məqalədə həmçinin, Gürcüstan, Bolqarıstan, Rumıniya, İspaniya, Fransa, Çexiya, İtaliya, Almaniya kim ölkələrin də adı yer alıb
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Almaniyada yaşayan Məsud Pənahinin 80 illik yubileyi qeyd olundu
Tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyinin qeyd ediləcəyinin anonsunu vermişdik. Yibiley qeyd edildi.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda gerçəkləşən yubiley tədbirini giriş sözü ilə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq tanınmış rejissorun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Cəmil Quliyev M. Pənahinin “Bulud niyə ağlayır?”, “Pıspısa xanım və Siçan bəy”, “Dınqıl, sazım, dınqıl” və s. filmlərin yaradılmasında əməyini xüsusi vurğuladı. Qeyd etdi ki, rejissor uzun illərdir öz fəaliyyətini Almaniyada davam etdirir.
Sonra Məsud Pənahi ilə onlayn formatda canlı bağlantı yaradıldı və o, yubiley tədbirinin təşkil olunmasına görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Film Fonduna, “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Animasiya Assosiasiyasına təşəkkürünü bildirdi.
Tədbirdə animasiya filmləri rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov “Azərbaycanfilm” kinostudiyasının nəzdində animasiya studiyasının formalaşdırılmasından və bu prosesdə Məsud Pənahinin fəal iştirakından bəhs etdi. Onun Azərbaycanda animasiya sahəsinə bir çox yeniliklər gətirməsi, 1970-ci illərdə kinostudiyada xüsusi animasiya kursları təşkil etməsi barədə söhbət açdı.
Çıxış edən digər natiqlər və ailə üzvləri Məsud Pənahinin yaradıcılığı haqqında fikirlərini bölüşdülər.
Tədbirin sonunda Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” və “Günlərin bir günündə...” animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi nümayiş etdirildi.
Bəli, sənət fədailəri əsla unudulmur.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər
2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:
Yerdə "əldəqayırma Günəş"
Şimali Kaliforniyadakı "Lourens Livermor" Milli Laboratoriyasının alimləri nüvə sintezi üzrə rekord qıran təcrübə keçiriblər. Belə ki, elm adamları Milli Alovlanma Təsislərində (NIF) saniyənin 100 trilyonda biri üçün 1,3 meqacoul enerji ayrılmasına nail olublar.
Nüvə sintezində iki atom birləşərək daha ağır bir atom meydana gətirir və böyük miqdarda enerji buraxır. Bu proses təbiətdə baş verir - məsələn, Günəş məhz nüvə sintezi vasitəsilə (hidrogen atomlarını birləşdirərək heliumu əmələ gətirməklə) enerji yaradır.
Ən sadə termonüvə sintezi hidrogenlə qidalanır. Alimlər ümid edirlər ki, zaman keçdikcə nüvə sintezi "əhliləşdirilə" və okeanlarda bol olan hidrogendən istifadə etməklə nisbətən təmiz enerji mənbəyinə çevrilə bilər.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Qadın ərinə ən çox hansı səbəblərdən xəyanət edir?
Qadın qətllərindən sonra adətən, bir fikir ortaya çıxır "qadın xəyanət edirdi". Bu fikir çox zaman qatilə haqq qazandırmaq üçün, onun həbsxanada yerinin daha "yaxşı" olması, daha "hörmətli" olması üçün uydurulan bir yalandır.
Demirik, qadınların hamısı mələkdir və xəyanətdən uzaqdır. Əsla. Qadınlar da xəyanət edə bilir. Amma öncə xəyanətin nə olduğuna bir nəzər salaq.
Xəyanət bir münasibət daxilində cütlüklərin birinin bir başqası ilə fiziki, cinsi və duyğusal ünsiyyət yaratmasıdır. Bəli, qadınlar da aldadır. Əslində aldatmaq və ya xəyanət, çox xoş olmayan sözlərdir. Kişilərə çox zaman "niyə aldadırsan" sualı verildiyi zamanı bunu hormonları ilə əlaqələndirirlər. Ancaq qadınlar isə çox zaman duyğusal səbəblərlə aldadır. Münasibətində narahatlıqlar, tez-tez edilən mübahisələr, psixoloji və fiziki zorakılıq varsa, qadın münasibətində dəyər görməməyə başladığını düşünürsə, partnyor yox sayılmağa başlanırsa, qadın ailədən, münasibətdən soyumağa başlayır.
Kişilər, xüsusilə evləndikdən sonra və ya uzun münasibətlərdə qadının getməyəcəyini düşünüb onun şəxsiyyətini öz şəxsiyyəti altında əzməyə çalışırlar. Bu isə qadına dəyərsizlik hissi yaşatmağa başlayır. Qadın, dəyərini tapa bilmək üçün aldatmağa yönəlir. Aldadan qadınların çoxu, həyat yoldaşının da onu aldatdığını bildiyi üçün aldadılmağa layiq olduğunu hesab edir.
Psixoloq Leyla Zaman bildirir ki, cinsi uyğunsuzluq, fiziki zorakılığa məruz qalmaq da aldatma səbəbləri arasındadır.
"Qadınların dözə bilmədiyi digər proses isə onunla kobud davranılmasıdır. Hörmət etməyən, aşağılayan, nəzakətsiz davranışlar sərgiləyən, kişilər qadınları münasibətlərdən soyudur. Münasibətində yetərli qədər tərif, kompliment ala bilməyən, yaşlanmaya başladığını düşünən qadınlar ciddi bir narahatlıqla yaşlanmadıqlarını və hələ də gözəl olduqlarını hiss etmək üçün aldatmağa başlayırlar. Münasibətlərdə həyəcanı qalmayıbsa, hər şey adiləşibsə, kişi qadının yanında şəxsi təmizliyinə diqqət etmirsə, qadınlar münasibətdən uzaqlaşa bilirlər. Münasibətlərində danışmayan kişi ilə yaşayan qadınlar duyğularını böyük şəkildə izah edən kişilərə daha çox üstünlük verirlər",- deyə psixoloq bildirib. Onun sözlərinə görə, münasibətlərdə qadının və ya kişinin aldatmaması üçün azadlıq olmalıdır. Yəni tərəflərin nəfəs ala bilmələri üçün uyğun mühiti olmalıdır.
Bəzən insanlar münasibətlərini o qədər iç-içə yaşayırlar ki, qısa zamanda xoşbəxt hiss edib bədbəxt olaraq münasibətdən çıxrlar: "Qadın xəyanət edirsə, burada kişidə də günah var. Yəni heç bir kişi deməsin ki, "işlədim, evə yemək aldım, geyim aldım, o da xəyanət etdi". Kişi düşünməlidir ki, qadın xəyanət edirsə, hardasa boşluq buraxıb".
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Yeni savaş təhlükəsi: hərbi-əməliyyatlar ola bilərmi?
Rəsmi İrəvan Fransa, İran və Hindistana güvənərək, Azərbaycan-Ermənistan yekun sülh sazişindən israrla yayınmağa çalışır, açıq-aşkar alternativ variantı - yeni müharibəni regiona "çağırır"... Mövcud situasiyanın təhlili isə Ermənistanın günahı ucbatından qısamüddətli də olsa, yeni savaşın Cənubi Qafqaza dönə biləcəyini ehtimal etməyə əsas verir...
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi Cənubi Qafqazda əsas regional problem olaraq, qalmaqdadır. Ötən il ərzində rəsmi Bakı bu istiqamətdə genişmiqyaslı fəaliyyət göstərməklə, diqqəti çəkdi. Hətta 2022-ci ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalana biləcəyi ilə bağlı kifayət qədər inandırıcı ehtimallar da mövcud idi.
Ancaq Ermənistanın hərbi-siyasi təxribat vərdişləri bu prosesin yekunlaşmasını əngəllədi. Rəsmi İrəvan əvvəlcə Rusiyanın regional sülh prosesinin pozulmasında maraqlı olmasından istifadə etdi. Ardınca isə Kremldən uzaqlaşmağa cəhd göstərərək, Fransanın himayəsi və təlimatları ilə sülh prosesinin arxa plana keçirilməsinə nail oldu. Və ona görə də bundan sonra regionda baş verə biləcək istənilən hərbi-siyasi qarşıdurmaya məhz rəsmi İrəvan məsuliyyət daşıyır.
Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarının ümumi məzmunu da rəsmi İrəvanın sülh prosesinin uzadılmasına yönəlik mövqeyində israrlı olacağını biruzə verir. Erməni baş nazir iddia edir ki, 2022-ci ilin sentyabrına qədər Ermənistan öz strateji müttəfiqləri tərəfindən real hərbi təhlükə mühitində təkbaşına buraxılıb. Yəni, Ermənistanın hərbi qarşıdurma şəraitində müttəfiqlər tərəfindən müdafiə olunmadığına eyham vurur.
Təbii ki, erməni baş nazirin bu eyhamlar ilə Rusiyanı hədəfə aldığını anlamaq o qədər də çətin deyil. Çünki rəsmi İrəvan Rusiya ordusunun Ermənistanın maraqları uğrunda Azərbaycanla savaşa girməsi üçün əlindən gələn hər şeyi etdi. Halbuki, Rusiya və Ermənistanın maraqları fərqli məzmun daşıdığından buna nail ola bilmədi.
Ancaq baş nazir Nikol Paşinyanın açıqlamasından belə anlaşılır ki, sentyabr ayından sonra Ermənistan müttəfiqlərlə bağlı problemləri həll olunub. Yəni, erməni baş nazir hesab edir ki, Ermənistan artıq geopolitik proseslərdə təkbaşına deyil. Halbuki, rəsmi İrəvanın Ermənistanın hərbi müttəfiqi Rusiya ilə ziddiyyətləri ilin sonuna doğru daha da dərinləşib. Bu isə o deməkdir ki, erməni baş nazir Rusiyanın deyil, məhz Fransanın Ermənistana hazırda intensiv dəstək verdiyinə işarə edir. Və rəsmi Parisin Azərbaycana qarşı beynəlxalq səviyyədə məkrli davranışları buna örnək sayıla bilər.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan Ermənistan ordusunun yenidən qurulmasının vacibliyini də vurğulayıb. O, bildirib ki, Ermənistana özünü müdafiə etmək üçün güclü ordu lazımdır. Yəni, erməni baş nazir dolayısı ilə demək istəyir ki, rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəliklərdən yayınmağa, sülh prosesini pozmağa çalışdığı bir situasiyada Ermənistanın təhlükəsizliyi yalnız güclü ordu təmin edə bilər.
Əlbəttə ki, rəsmi İrəvan Ermənistan ordusunun yenidən qurulması üçün yetərli maliyyə-iqtisadi potensialının olmadığını da anlayır. Sadəcə, Fransanın maliyyə, İran və Hindistanın silah satışını vəd etməsi rəsmi İrəvanı ümidləndirir. Yəni, Paşinyan hakimiyyəti Fransanın parası ilə Hindistandan silah satın almağı düşünür. Bunun üzərinə İranın "silah hədiyyələri"ni də əlavə edəcəyi təqdirdə, regionda sülh prosesini tamamilə arxa plana keçirib, hərbi-siyasi qarşıdurmaya tab gətirə biləcəyi qənaətindədir.
Belə anlaşılır ki, rəsmi İrəvan bu mövqeyi və davranışları ilə açıq-aşkar, həm də israrla yeni müharibəni çağırmaq niyyətinə düşüb. Hər halda, Azərbaycanın Ermənistana yeni ordu qurub, regionda "meydan oxumaq" imkanı tanıyacağına yalnız sadəlövhlər inana bilər. Rəsmi Bakının konkret hədəfləri var və Ermənistanın "kaprizlər"inə uzun müddət səbr edib, vaxt itirmək niyyətindən uzaq görünür.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti sülh prosesini pozmaqla, əslində, yaxın aylarda regionda yeni savaşın başlamasına səbəb törətməkdədir. ABŞ-ın analitik nəşri olan "Foreign Policy" də məhz tezliklə Cənubi Qafqazda yeni müharibənin başlaya biləcəyini proqnozlaşdırır. Və bu savaşın II Qarabağ müharibəsindən daha qısamüddətli olacağını ehtimal edir.
"Foreign Policy"nin analitikləri hesab edirlər ki, son dövrlər ərzində qüvvələr nisbəti əvvəlkindən də daha çox Azərbaycanın xeyrinə dəyişib. Ermənistan ordusu bərpa edilməyib, silah ehtiyacları təmin olunmayıb. Azərbaycan isə öz ordusunu daha da gücləndirib, müasir silah-sursat və hərbi texnika ilə təchiz edilib. İndi Azərbaycanın hərbi potensialı Ermənistanı dəfələrlə üstələyir, rəsmi Bakı NATO ölkəsi olan Türkiyə tərəfindən də tam dəstəklənir. Avropa məkanında Azərbaycanın enerji resurslarına ehtiyacın ciddi şəkildə artması isə rəsmi Bakının daha rahat və əminliklə davranmasına geniş imkanlar açır.
Digər tərəfdən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunan rus "sülhməramlı" kontingenti isə tədricən öz əhəmiyyətini itirir. Hər halda, rus "sülhməramlılar"ın bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan özünə aid ərazilərin müəyyən hissəsini yenidən nəzarət altına almağa nail olub. Və bu, Rusiyanın yeni savaş ehtimalına müdaxilə imkanlarını məhdudlaşdırır.
Əslində, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma prosesinin pozulmasında Rusiyanın da xüsusi rolu var. Belə ki, amerikalı analitiklərə görə, Rusiyanın Ukraynada "savaş bataqlığı"na düşməsi də Cənubi Qafqazda sülh dövrünün başlanmasını əngəlləyir. Vaxtilə Avropa Birliyinin vasitəçiliyinə qarşı çıxmayan Kreml Rusiyanın regionda sülhməramlı missiyasının mövqeləri möhkəmləndirməyə imkan verəcəyinə ümid bəsləyirdilər.
Ancaq indi Kremldə Avropa diplomatiyası Rusiyanın regiondan sıxışdırılması prosesinin tərkib hissəsi kimi qəbul edilir. Ona görə də, Rusiya hazırda regional sülh prosesinin əngəllənməsində daha çox maraqlıdır. Və bu səbəbdən də indi Cənubi Qafqazda sülh dövründən danışmaq bir qədər çətin görünür.
Təbii ki, yeni savaş ehtimalını ön plana çıxaran əsas faktorlar kifayət qədər ciddi və güclüdür. Amerikalı analitiklər əmindirlər ki, əgər, Azərbaycan və Ermənistan arasında sülh danışıqları müsbət nəticələr verməzsə, rəsmi Bakı daha radikal addımlar atmaqdan çəkinməyəcək. Və Azərbaycan mövcud problemlərin hərbi yolla həllinə nail olacaq.
Göründüyü kimi, rəsmi İrəvan Fransa, İran və Hindistana güvənərək, Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanmasından israrla yayınmağa çalışır. Yəni, Paşinyan hakimiyyəti sülh prosesini pozmaqla, əslində, açıq-aşkar alternativ variantı - yeni müharibəni regiona "çağırır". Mövcud situasiyanın təhlili isə rəsmi İrəvanın "çağırışları" ilə qısamüddətli də olsa, yeni müharibənin Cənubi Qafqaza təkrar dönə biləcəyini ehtimal etməyə əsas verir.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
“Aşk-ı Memnu" yeni "Bihter"lə ekranlara qayıdır
Bir zamanlar Türkiyədə yayımlanan və sevilən, böyük populyarııq qazanmış "Aşk-ı Memnu" serialı ekranlara qayıdır.
“Ədəbiyyat və incəsənət” baku.ws-ə istinadən xəbər verir ki, layihənin adı olduğu kimi qalsa da, bu dəfə film olaraq lentə alınacaq.
"Aşk-ı Memnu"nun əsas obrazlarından biri "Bihter"i isə aktrisa Farah Zeynep Abdullah canlandıracaq.
Ekran işini "TAFF Pictures" ərsəyə gətirəcək. Yeni filmin ssenarisini Merve Göntem yazıb.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
“İndi sevmək də əzabdı…” -Əlizadə Nurinin şeirləri
Poetik qiraət qubrikasında şair Əlizadə Nurinin “Ağırlıq” adlı silsilə şeirlərini oxucularımıza təqdim edirik.
1.
Bir az yox kimiyik,
Bir az da varıq.
Yolun ağına düşüb,
Qara iş ardınca gedən adamlarıq,
Günəşin ovcunda əriyən qarıq…
Döyüş olmasa da, mühasirə var-
Göydə çar dayanıb,
Yerdə bu çarmıx.
Min ayaq qırılıb qalıb bu yolda
Hər ayaq yanında yorulmuş çarıq.
…İndi sevmək də əzabdı-
Qul əməyidi, qul.
Qarışqalardan başqa
Heç kəs işləmir bu kənddə,
Çoxu özünü GÜNƏ verib,
Gün keçirməklə məşğul.
…Və durub qaçmaq istəyirsən
bu adamlardan
Atmaq istəyirsən özünü yer kürəsindən…
bir də baxıb görürsən ki,
yaxandan qızının əlləri tutub…
…Bir az əsəbi oluram-
sevinc salam verməyərək,
tez yanımdan sovuşanda.
Öz yerini bilməyənlər
Allahın yerini soruşanda…
Qapımızı döyən olmasa da,
kölgəmizi döyən var.
Hər yerə baxdığından
Heç yeri görməyən var.
2.
…Dənizi balığa görə sevirmiş,
Bu balıq sevdası, ilahi, nəydi?
Top da keçirən yox söz qapısından
Bütün atılanlar dirəyə dəydi…
Yüz dəfə bu ömrü dincə qoymuşam,
Bu ömür düzəlmir, bu “şum” düzəlmir.
Hər su yığınına dərya deyilməz,
Min qorxaq əsgərdən qoşun düzəlmir.
Niyə bu sevdalar uzaqdan keçir-
Yoxsa, mən allahın yolu deyiləm?
Dilənçi ovcunu boş qoyan zaman,
Elə bilirəm ki, dolu deyiləm…
3.
…Məni necə görəcəksən ki, qadın-
Sığındığın o kor bucaqdan?
Səni məni unutmaqdan zövq alırsan,
Mən səni xatırlamaqdan…
Buludun yanında üşüyürəm mən,
Amma həvəs də yox yerə düşməyə.
bir az fərqimiz var, qadın-
Sən suya, mən isə oda təşnəyəm.
…Dərd də sahibsiz deyil,
Onun da yiyəsi var.
Sənin olan hər şey sənin deyil ki,
Dünya allahındı, ölüm bizimdi.
Hamı yaşayırmış öz ölümündə-
Hamının getməyə bir yeri varmış…
…Bir qürub çağında mən də gedərəm,
Arxamca əllərin ağlayar, qadın…
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Aktyorumuz hind filmində rol alıb
Aktyor Faiq Mirzəyev hind filmi "Saardar"da rol alıb. “Ədəbiyyat və incəsənət” olay-a istinadən bildirir ki, "Prince Pictures" tərəfindən ötən ilin yayında bəzi epizodları Bakıda çəkilən ekran işində sənətçi beynəlxalq məhkəmənin hakimi obrazında rol alıb.
Qeyd edək ki, filmin treylerinə YouTube platformasında 10 milyon baxış olub.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)