Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə birgə layihələr reallaşdıracaq

 

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyə Respublikası Mədəniyyət Turizm Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Mədəniyyət Mərkəzi rəhbəri Zeki Eraslan ilə görüşmüşdür.

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Ankarada Atatürk Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı, Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələr, Türk dünyasının ortaq dəyərləri, milli mədəniyyətin təbliği məqsədi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq müzakirə olunmuş və tərəflər arasında bu istiqamətdə yol xəritəsinin hazırlanması razılaşdırılmışdır.

Türkiyədəki Atatürk Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türk Dövləti və Düşüncə Həyatını Formalaşdıran Şəxsiyyətlərin Qısa Ömür Hekayələri silsiləsi və tərcüməsi” adlı layihəyə, Azərbaycan tarixi şəxsiyyətləri, mütəfəkkirlərinin daxil edilməsi, Türkiyə tərəfinin yaratdığı uşaq ədəbiyyatı və nağılların təbliğinə dair onlayn portala Azərbaycanın qoşulması, Türk dünyası və Şərqin böyük bayramı Novruz bayramı, onun adət-ənənələri ilə bağlı birgə layihələrin reallaşdırılması, Azərbaycana dair kitabların Türkiyədəki Atatürk Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə olunması ilə əlaqədar təkliflər  müzakirə edilmiş, onların həyata keçirilməsinə dair birgə iş aparılması qərara alınıb.  

Daha sonra Atatürk Mədəniyyət Mərkəzinin yeni binası, Mərkəzin kitabxanası, konfrans və konsert sarayı, araşdırma mərkəzləri ilə tanışlıq olmuş, gələcəkdə birgə tədbirlər, layihələrin reallaşdırılması yollarına dair fikir mübadiləsi olub.

 

 “Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.