Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Fikrət Sadıq yadigarı yazıçı, publisist Aysel Fikrətin "Qəmin tərifi" adlı kitabının təqdimat mərasimi keçirildi və biz də bu mərasimdə böyük həvəslə qatıldıq.
Tədbirdə Xalq artisti Xalidə Quliyeva, rejissor Sədaqət Maarif, şairlər Qabil Nəbi, Yadigar Təvəkkül, qəzəlxan şair Mahcamal Babayeva, Qəhrəman Kamiloğlu, jurnalist Salihə Əliyeva, eyni zamanda digər ziyalılar və oxucular iştirak edirdilər.
Tədbiri Kitabxananın əməkdaşı açıq elan etdi və sonra tədbirdə iştirak edən qonaqlar ardıcılıqla Aysel Fikrətə təbriklərini bildirdilər. Çıxışlar zamanı Azərbaycan ədəbiyyatında silinməz izi olan şair Fikrət Sadıqla bağlı xatirələr də yada salındı və Aysel Fikrətin bu ailənin layiqli davamçısı olduğu vurğulandı.
Qonaqlar Aysel Fikrətin poeziyasından bir neçə şeir səsləndirdilər və nəsr yaradıcılığından bəzi məqamları müzakirə etdilər.
Tədbirin sonunda isə Aysel Fikrət qonaqlara təşəkkürünü bildirdi, ədəbiyyata ilk nəsrlə gəldiyini söylədi və atasının yadigar qalmış kitabxanasına həsr etdiyi şeirini söylədi.
Kitabın təqdimatının Beynəlxalq Kitab Bağışlanma Gününə təsadüf etməsi Aysel Fikrətin oxucularına gözəl hədiyyəsi idi.
Biz də "Ədəbiyyat və İncəsənət" portalı adından Aysel Fikrətə uğurlar arzu edib bol nailiyyətlər dilədik.
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)