Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Mütaliə edən insan artıq cəmiyyətin seçilmişi hesab edilir. Biz ictimai nəqliyyatda, park skamyalarında, iş yerlərində, auditoriyalarda əllərində bədii kitab olan şəxsləri görəndə onlara rəğbət hissimiz yaranır. O da var ki, kitab oxuyanlarla həbsxana kameralarında rastlaşasan.
4 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyi Penitensiar Xidməti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” (ANAİB) və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” ictimai birliklərinin təşkilatçılığı, “Amal” xeyriyyə təşkilatının sponsorluğu ilə həyata keçirilən “V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu”nun mükafatlandırma mərasimi keçirildi.
Mükafatlandırma mərasimində ANAİB sədri Şəmil Sadiq, marafonun ideya müəllifi və rəhbəri Səbuhi Şahmursoy, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova, “Amal” xeyriyyə təşkilatının sədri Rüfət Mirzəyev, yazıçılar Varis, Rövşən Abdullaoğlu çıxış edib, layihənin əhəmiyyətindən söz açdılar. Çıxışçılar azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının daha səmərəli təmin olunması baxımından bu kimi tədbirləri müsbət qiymətləndirdilər.
Bəs V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu dedikdə nə başa düşülür? Qeyd edək ki, final mərhələsində qaliblərin müəyyənləşdirilməsi üçün 5 ay ərzində 10 nəşriyyatın hər birindən 1 kitab olmaqla, 10 kitab oxuyan 83 qadın məhkum oxuduqları mövzularla bağlı hazırlanmış sualları cavablandırmışdılar.
Yekunda ən yaxşı nəticə göstərənlər mükafatlandırıldılar.
İlk dörd yeri tutmuş qadınların hər birinə müvafiq olaraq 1500, 1000, 500 və 300 manat məbləğində pul mükafatı təqdim edildi. Həmin vəsait ANAİB tərəfindən onların şəxsi hesablarına köçürüldü.
Maraqlıdır ki, iştirakçılar maksimum 30 xal toplaya bilərdilər. Və 1-ci yeri tutan iştirakçı tam 29 xal topladı. ANAİB bu müsabiqəni müəllimlər, şagirdlər və digər kateqoriyadan olan insanlar arasında keçirmişdi, amma hələ heç kəs qalıb olan məhkum xanım qədər 29 xal toplaya bilməmişdi.
İnanılmaz nəticədir, deyilmi?
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)