Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda yazıçı-publisist Kənan Hacının Xəzər Yazıçılar Birliyinin dəstəyi ilə ərsəyə gələn "Hacı İsgəndər" kitabının təqdimatı keçirilib.
AYB-nin Xəzər bölməsindən AzərTAC-a bildirilib ki, məclisi giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Hacı İsgəndər kimi tarixi şəxsiyyət haqqında roman yazılmasını müsbət qiymətləndirib.
Əsər haqqında məlumat verən İ.Fəhmi bildirib ki, belə unudulmuş qəhrəmanları yad etməklə həm onların ruhunu şad etmiş oluruq, həm də gələcək nəsillərə tarixə çevrilmiş qəhrəmanlarımız haqqında məlumat veririk.
Yazıçılar Birliyinin sədrinin müşaviri, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Buzovna cümə məscidinin axundu Hacı Soltan Əlizadə və digər tədbir iştirakçıları müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, roman 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş hadisələrdən bəhs edir. Həmin dönəmlərdə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etməsi, hətta malından və canından keçmiş Hacı İsgəndərin yenilməz xarakteri təsvir edilib.
Romanda Ömər Faiq Nemanzadənin, Hacı Zeynalabdin Tağıyevin, Ənvər Paşanın, Nuru Paşanın, Ruhulla Axundovun, klassik şairlərdən Məşədi Azərin, Əliağa Vahidin, Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.
“Hacı İsgəndər” kitabının təqdimatı olub
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/mutalie-medeniyyeti/item/1095-hadz-iszhaendaer-kitab-n-n-taegdimat-olub#sigProGalleria28d04fc15f
https://edebiyyatveincesenet.az/ru/mutalie-medeniyyeti/item/1095-hadz-iszhaendaer-kitab-n-n-taegdimat-olub#sigProGalleria28d04fc15f