Moskvada Polad Bülbüloğlunun yubiley konserti olub

Rusiya paytaxtında görkəmli bəstəkar, müğənni və diplomat Polad Bülbüloğlunun yubiley konserti olub. Klassik musiqi və Azərbaycan musiqi sənətinin həvəskarları Dmitri Yarovski və Murtuza Bülbülün idarəçiliyi ilə Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestrinin ifasında əsərləri dinləyiblər.

 

AzərTAC xəbər verir ki, konsert proqramında maestronun orijinal əsərləri, Azərbaycan xalq mahnılarının aranjemanları, eləcə də simfonik rəqslərin dünya premyerası və skripka və orkestr üçün konsertin Moskva tamaşası təqdim olunub. Gecənin əsas hadisələrindən biri Polad Bülbüloğlunun konsertini təqdim edən görkəmli skripkaçı Vadim Repinin çıxışı olub. Vokal partiyaları tanınmış tenor, Azərbaycanın Xalq artisti Samir Cəfərov ifa edib.

 

Konsertə gələn musiqisevərlər orkestr üçün rapsodiya, konsert valsı, “Eşq və ölüm” baletindən fraqmentlər, “Nolaydı”, “Xumar oldum”, “Bəri bax”, “Qara tellər” mahnılarının aranjemanlarını dinləyiblər. Konsert Moskvanın mədəni həyatında Azərbaycan musiqi və simfonik sənət ənənələrini birləşdirən parlaq hadisəyə çevrilib.

 

 “Ədəbiyyat və incəsənət”

(18.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.