Şamlar, xatirələr, köhnə fotoalbom, bir də qəhər… Demək, 75 illik bir ömrün hesabatı belə olurmuş…
O bir xalqa məxsus müğənni deyil, onu dünyanın hər yerində tanıyır və sevirlər. Eləcə də Azərbaycanda. Söhbət Mirey Matyedən gedir. Şirin səsli, kare saçlı, özü kiçicik, səsi böyükdən böyük Mirey Matyedən.
Mirey Matyenin musiqi karyerasına başlamamışdan iki il əvvəl dünyasını dəyişmiş digər məşhur fransız müğənnisi Edit Piafla müqayisə edilməsi tamamilə məntiqli və proqnozlaşdırılabilən görünür. Doğrudan da, iki artistin yaradıcılığında ümumi cəhətlər çoxdur, özü də təkcə mahnı və ifa tərzində deyil, həm də tərcümeyi-halda.
Fransız mətbuatının yazdığına görə, Mirey Matye Avinyon adlı əyalət şəhərində, çox kasıb ailədə anadan olub, o, Roje Matye və Marsel-Sofi Puarye ailəsində 14 uşaq arasında ən böyüyü olub. Onlar hətta vanna otağı olmayan hansısa köhnə barakda yaşayırdılar və Mirey lap erkən yaşlarından ev işlərində valideynlərinə kömək etmək məcburiyyətində qalmışdı.
Məktəbdə Mireyin işləri yaxşı getmirdi, müəllimlər solaxay olduğuna görə qızı danlayırdılar, o, oxumaqda çətinlik çəkirdi, zəhlətökən və cahil müəllimlər isə onun bəhanələrini dinləməməyə üstünlük verirdilər. Nəhayət, pedaqoqlarla münaqişə o qədər artdı ki, Mirey məktəbdən ayrılmaq və işləmək qərarına gəldi. Cəmi 13 yaşında.
Qız üçün ən şirin nəfəs musiqi, yəni mahnı idi. Mireyin atası möhtəşəm opera səsinə malik idi və Mirey tez-tez atasının gözəl tenorunu dinləməli olurdu. Qız məmnuniyyətlə onun mahnılarını təkrarlayırdı, bundan Müsyö Matye vəcdə gəlirdi.
Qız tezliklə kilsə xorunda oxumağa başladı, atası ilə duet yaradıb çıxış etdilər, 16 yaşında Mirey ilk dəfə mahnı müsabiqəsinə çıxdı, üç ildən sonra isə o, qələbə qazandı və Avinyon şəhərinin adından Parisə televiziya ilə canlı çıxış etməyə getdi.
1965-ci ildə 19 yaşı olanda Mirey Matyeni ilk böyük uğuru gözləyirdi — fransız tamaşaçıları onun ifasında “Jezebel” mahnısını eşitdilər və bu çıxışı çoxsaylı dinləyicilər tam heyranlıqla qarşıladılar. Bir vaxtlar Edit Piafı radiodakı qısa çıxışları ilə milyonlarla auditoriya sevdiyi kimi, Mirey Matye də bir çox tamaşaçıların diqqətini özünə cəlb etdi.
Amma bütün parislilər müğənnidən məmnun qalmadılar. Qız dəhşətli dərəcədə aksentə malik idi, o, sözlərin son hərflərini udurdu, mətnləri qarışdırdı. Bu, tez-tez istehza predmetinə çevrilirdi. Bundan əlavə, o, Edit Piafı tam təqlid edirdi, onun kimi qara geyinirdi və həm də böyük həmkarının repertuarından məşhur mahnıları oxuyurdu.
Mirey xoşbəxtdir, bəxt onun üzünə tez güldü, o, gözəlliyini, unikallığını və istedadını fərqləndirən və onu ictimaiyyətə doğru işıqda göstərməyə kömək edən istedadlı istehsalçı, prodüsser Johnny Starka ilə tanış oldu. Bir ildən sonra Mirey Fransanın böyük səhnəsində — "Olimpia" konsert salonunda şouda iştirak etdi. Onun çıxışı parlaq və təsirli olmasına baxmayaraq, o, xoşagəlməz həqiqətlə qarşılaşmışdı: bir çox pərəstişkarları, həmkarları və tənqidçiləri onu Edit Piafla müqayisə edirlər. Ona Piafın kölgəsi deyirdilər. Buna görə də Mirey öz prodüseri Conni Starkla birlikdə özünün tamamilə unikal və ideal üslubunu tapmaq üçün son dərəcə ciddi çalışdı.
Tezliklə, Mirey şöhrətli bəstəkar Pol Marianın orkestri ilə çıxışlara başladı. Tanınmış bəstəkar müğənnini öz orkestri ilə dəstəklədi, yeni plastinkada bütün mahnılarının aranjimanlarını etdi. Həmin an Matye özü elə bilirdi ki, o, heç nəyə nail ola bilməyəcək. Amma ilk albomun müvəffəqiyyəti, böyük miqyaslı satışları qızın əhval-ruhiyyəsini tamamilə dəyişdi.
Sonra dünyanın bütün qadınlarının təkrar etməyə çalışdıqları dəyişməz bir kare — bir saç düzümü ilə öz imicini yaratdı. Hətta Sezen Aksu da “Minik sərçə” filminə çəkilən vaxtlar Mireyin karyesini daşıyırdı.
Tezliklə Mirey başqasını yamsılamadan çoxlarının oxşamaq istədikləri nümunəyə çevrildi. Sevgi və azadlıq haqqında oxuyan gözəl, şən, zərif qız başladı dünyanı fəth etməyə.
Sənətdə Piafdan aralansa da, Mirey taledə onun bənzəri oldu amma. O, sanki, həyatı boyu faciəvi sevgilərinin məhvedici vərdişlərinin təsiri altında yaşayan Edit Piafın parlaq əksi oldu.
1966-cı ildə Mirey Matye ilk ölkədaxili qastrol turnirinə yollandı, öz ailəsinə kömək etmək, ailəsinin bütün borclarını ödəmək idi amacı. O, inadla öz karyerasından başqa heç bir şeyə diqqət yetirmədən çalışdı və bunun ilk bəhrəsini gördü. Bütün ailə üçün avtomobil, böyük bir ev, atasının öz biznesinin inkişafı ilə sərbəst məşğul ola bilməsi üçün xeyli pul... Daha bir vacib nailiyyət evə telefon çəkdirməsi oldu, o vaxt üçün bu, ən böyük imtiyaz sayılırdı, daha Mirey qastrola və ya Parisə gedəndə həmişə yaxınları ilə əlaqə saxlaya bilirdi...
Mirey öz ifa tərzi, üslubu üzərində işləməyə davam edirdi, dəbdən, incəsənətdən baş çıxarmağı öyrənirdi və qabaqcıl sonqrayterlər və bəstəkarlarla əməkdaşlıq edirdi. O, hər zaman yeni mahnılar yazırdı və tezliklə ölkənin hüdudlarından kənarda da populyarlaşdı. Bu cür uğura hətta dil baryeri də mane olmurdu — onda o, yalnız fransız dilində oxuyurdu.
XX əsrin ikinci yarısında həm rok-n-roll, həm ingilis və Amerika musiqisinin mükəmməl hökmranlığı musiqi dünyasında aparıcı yerdə idi. Britaniyada rok mədəniyyəti yaranır, gitara musiqisi şöhrət qazanır, hər kəs azadlığın timsalı sayılan punk-rokun sədaları altında rəqs edirdi. Lakin Mirey o dövrün ən populyar müğənnilərindən biri olaraq qalır və eyni zamanda öz yaradıcılığına və üslubuna xəyanət etmirdi. Almaniyada, Yaponiyada, Meksikada, ABŞ-da, demək olar ki, hər il plastinka istehsal edirdi və onların hamısı növbəti illərdə yenidən nəşr olunurdu.
Beynəlmiləllik nəticədə müğənninin əsas xüsusiyyətlərindən birinə çevrildi. O, həmişə digər mədəniyyətlər haqqında məhəbbətlə danışdı, səmimi şəkildə təəccübləndi və kəşflərə sevindi.
İndi Matyenin artıq yaşının 75 olduğuna inanmaq çətindir. O, hələ də eyni cazibəli və parlaqdır, dünyanı öz sevgisi ilə işıqlandırmağa və repertuarını genişləndirməyə davam edir.
O, klassikanı — Motsartı, Bramsı, Çaykovskini ifa edir, özü musiqi improvizələri yaradır, variasiyalar və mahnılar yazır.
Tamamilə dəqiqdir ki, indi heç kim onu Piafla müqayisə etməyə cəsarət etmir, çünki Mireyin ulduzu uzun müddətdir ki, öz unikal işığı ilə parlayır.
İyulun 22-də 75 ilini isə müğənni şamlar, xatirələr, köhnə fotoalbom, bir də qəhərlə keçirdi. Axı ən böyük xoşbəxtlik gənclikdir, ötən günlərdəki qədər bir də heç vaxt insan xoşbəxt ola bilmir.
Şəkillərdə: Mirey Matye Pol Maria ilə, 1966-ci il. Mirey Matye Moskvada konsert verərkən, 2018-ci il.
Məşhur fransız müğənnisi 75 yaşını kədər qarışıq nisgillə qeyd etdi Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/musiqi/item/187-maeshhur-frans-z-muzhhaennisi-75-yash-n-kaedaer-zhar-sh-zh-niszhillae-zheyd-etdi#sigProGalleria1adb87599b
https://edebiyyatveincesenet.az/ru/musiqi/item/187-maeshhur-frans-z-muzhhaennisi-75-yash-n-kaedaer-zhar-sh-zh-niszhillae-zheyd-etdi#sigProGalleria1adb87599b