Zahid Teymurov, “Ədəbiyyat və incəsənət” üçün
İnsan həyatı A nöqtəsindən B nöqtəsinə uzanan düz bir xətt deyil. Bəzən bir günlük yolu illərlə addımlayırsan. Bəzən isə, bir omür yolunu bir günə dəf edirsən. Xoşbəxt, qayğısız, düşüncəsiz uşaqlığımı kənara qoysam, 17 yaşımdan yürüdüyüm həyat xətti iki zirvə arasında, uçurum üzərindən tarıma çəkilmış, külək və fırtınaların ayaqlarım altından qaçırmaq istədiyi bir kəndirə bənzəyir.
...Axşam qəfildən düşdü. Darıxdım.Üşüdüm. Pencəyimi atıb çiynimə dağ yolu ilə addımladım. Gəldiyim yolun əvvəlinə getmək istədim. 17 yaşıma çox darıxdım. Qarşıdan iti addımlarla bir gənc gəlirdi. Rastlaşdıq. Ötəri gözlərimiz sataşdı. Ayaq saxlamadan ayrıldıq. Ürəyim sancaraq döyündü. Çöndüm. O, həyacanlı gözləri ilə dönüb mənə baxırdı. Yaxınlaşdıq. Diqqətlə üz cizgilərimi seyr edirdi.
- Sən mənsən!? - qollarımdan yapışıb həyacanlandı.
17 yaşım qarşımda idi.
- Hə. Mən sənəm. 50 il aramızda yol var. Necəyəm?
- Yaxşı görünmürsən, yorğunsan, - diqqətlə başdan ayağa süzdü məni.
Meşə kənarından çör-çöp yığıb tonqal qaladı. Oturduq. Titrək səslə soruşdu:
- Atam...? Anam...?
Dinmədim. Gözləri yaşardı.
- Qardaşım...? Bacım...?
Susdum. Anladı. Əlləri ilə üzünü ovuşdurub göz yaşlarını yaxdı uşaq sifətinə.
- Mən olmaq istədiyim insan ola bildinmi? - ciddi şoruşdu.
Həyacanla cavab gözləyirdi. Titrək alov 17 yaş cağında olan sifətində bərq vururdu. 50 il keçdiyim yolu səbrlə danışdım. Tez-tez kövrələrək, əlini qoyurdu çiynimə.
- Belə bir yol keçdim: heç kimi aldatmadım, heç nə oğurlamadım, heç nə yalvarıb istəmədim, heç kimin haqqına girmədim. Sən Vətən qorumaq üçün geydiyin libası ləyaqətlə daşıdım. Müharibə alovunda yandım, məğlub döyüşçü taleyi yaşadım, təslim olmadım, sonda qalib əsgər oldum. Ata-Ana öyüd-nəsihətinə naxələf çıxmadlm. Hər an məni qəlbində yaşadan, əli göylərdə məni dualarıyla qoruyan xanımla xoşbəxt kişi həyatı yaşadım. Duyğulu, sayqılı, insanlara, vətənə yardımçı, ləyaqətli övladlar böyütdüm. Sənə layiq nəvələrim var. Birinə sənin adını verdim. Mən hər an sən oldum. Sənin 17 yaşında olan saf insanlığına sadiq qaldım.
Gözləri parıldayırdı, baxışları danışırdı. Artıq tonqal da sönürdü. Ayrılmaq vaxtı idi. Qarşıda bir az da yolum qalmışdı. Onu da getməliydim. 17 yaşıma layiq getməliydim...
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)