Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Ağına da lənət, qarasına da dediyimiz ilanlar haqqında heç oxumusunuz? Bəzi yerlərdə deyirlər ki, ilana toxunmasan sənə toxunmaz. Lakin dünya əhli olaraq ən böyük qorxularımızdan biridir bu sürünən heyvanlar.
Bir rəvayətə görə ilanlar 7qardaş olur. Onlardan birini öldürsən, onun qardaşları da sənin və ailənin sonunu gətirərmiş. Hətta gəlin sizə bir yaşanmış hadisədən bəhs edim. Əhvalatı nağıla çevirək.
Biri var imiş, biri yox imiş. Qədim kəndlərin birində sevimli bir ailə varmış. 2oğlu, mehriban yoldaşıyla birgə ömür sürən Hüseyn kişi bağ-bostanla məşğul olarmış. Günlərin bir günü o yenə bağda olarkən bir ilanla rastlaşır. Təlaşa qapılır və əlindəki kürəklə onu vurur. Lakin öldümü, yaralandımı əmin ola bilmir. Elə oradaca buraxıb gedir. Lakin içinə bir qorxu gəlir səbəbsiz yerinə. Vaxt-vədə keçir. Hüseyn kişinin balaca oğlunu həyətdə oynayarkən, böyük oğlunu evdə yatarkən ilan vurur. Yoldaşı iki oğlunun ölümünə dözə bilmir. Hüseyn kişini günahkar bilir. Onu tərk edib gəlir şəhərə. Bir müddət sonra xəbər tutur ki, Hüseyn kişini bağda ilan vurub. Son vəfa borcunu ödəmək üçün yenidən kəndinə, doğma yurduna qayıtmaq qərarı alır. Gəlir və doğma kəndində yasdan sonra gəzməyə başlayır. Gəncliyinin keçdiyi bulaq başına gəlib oradan su içmək istəyəndə elə oradaca bulaqdan ilan çıxır və ailənin son fərdi olan qadın da oradaca can verir.
Kindar deyə tanıdığımız dəvələr var, bir də intiqam hissinin sahibi ilanlar. Bəs həqiqətən heyvanlardır bu duyğuların kökləri?
Düzdür, mən şəxsən ilanların məsum canlılar olduğuna inanmıram. Onları bir növ iblisin vücud bulmuş halı adlandıranlar da az deyil. Lakin gəlin qəbul edək ki, heyvanlarla insanların münasibətləri əksər hallarda məhz elə bizim qəddar cinsimizin əlindədir. Həm ilanlardan, həm ilan cildindəki insanlardan uzaq, hüzurlu həyat diləyi ilə.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)