Ekranımızın Kələntər dayısı - İSMAYIL OSMANLININ DOĞUM GÜNÜNƏ Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR və  SSRİ xalq artisti İsmayıl Osman oğlu Osmanlının anadan olduğu gündür.

         

İsmayıl Osmanlı 24 (11) aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1921-ci ildən Nuxa və Gəncə dram dərnəklərinin tamaşalarında rollar oynayıb. Teatra gəlməyini sonralar özü belə xatırlayırdı: “Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Nuxada kulübün yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.

1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İlk böyük uğuru Cəfər Cabbarlının “1905-ci ildə” pyesinin tamaşasında Bahadur bəy obrazı olub. İsmayıl Osmanlı həmin illərdə Cəfər Cabbarlı ilə bir teatrda çalışırdı. Aktyor və rejissor İsmayıl Hidayətzadə ilə bir səhnəyə çıxdığına görə özünü xoşbəxt sanırdı. Xatirələrində deyirdi ki, o vaxt belə düşünürdüm ki, mənə daha məktəb lazım deyil: “İsmayıl Hidayətzadənin zərgər işi mənə böyük məktəb idi. Rolda başqalaşmaq, dəyişmək üçün onun sənəti mənə bir dərs oldu”.

Onun böyük sənət yoluna qədəm qoyması belə başlayır. Aktyorluq sənətinə olan məhəbbəti onu qısa müddət ərzində tamaşaçılara sevdirib. Sənət dostlarından fərqli olaraq İsmayıl Osmanlının obrazlar qalereyası öz rəngarəngliyi ilə seçilib.

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların məşhur ifaçısı olub. Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım ("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski, ("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər Cabbarlı), Kefli Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf ("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və "Hamlet", Vilyam Şekspir), Krutitski, Tixon və karandışev ("Müdriklər", "Tufan" və "Cehizsiz qız", Aleksandr Ostrovski)

İsmayıl Osmanlı teatrla yanaşı kinoda da müxtəlif səpgili rollar qalereyası yaradıb.O, "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.

 1970-ci ildə Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” filmində mənfi obraz kimi tanıdığımız Kələntər obrazını da İ.Osmanlı yaradıb. Hətta obrazı o dərəcədə inandırıcı oynayıb ki, nəticədə  tamaşaçı nifrətilə qarşılaşıb.

Aktyor öz xatirələrində bu barədə yazır:

 

Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:

– “Əlin qurusun! Cəlalı Gəray bəyə necə satdın?” oldu.

Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq, bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?

Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm.

Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.
Gəray bəy rolunu böyük ustalıqla oynamış Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:

– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oynadığı rola görə sevgi qazana bilsin.

– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.

– Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.
Mən də Şəki ləhcəsi ilə zarafata salıb:

– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə…” (https://aki.az/ismayil-osmanli)

 

 İsmayıl Osmanlını tanıyanlar onun sadə olduğu qədər də, olduğu kimi görünən, göründüyü kimi olan biri olduğunu qeyd ediblər. Bəzi hallarda aktyorun müsbət rolları da təzyiqlə qarşılaşıb…

1971-ci ildə yazıçı İsa Hüseynovun ssenarisi əsasında rejissor Əjdər İbrahimov “Ulduzlar sönmür” filminə quruluş verir.

Tarixi-bioqrafik janrda çəkilən film şərq xalqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycan Xalq Komissarları Sovetinin sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri, həkim, yazıçı Nəriman Nərimanovun həyat və çoxsahəli fəaliyyətindən bəhs edir. Bir neçə novelladan ibarət olan filmdə Nəriman Nərimanovun həyatının ən parlaq səhifələri yer alıb.

O, bu filmdə Hacı Zeynalabdin Tağıyev obrazını yaradıb və rol çox uğurlu alınıb. Hətta aktyor Tağıyev obrazını o dərəcədə millətpərəst, xalqını sevən xeyriyyəçi kimi gözəl yaradıb ki, nəticədə də filmin başı bəlalı olub.

Azərbaycan kinosuna böyük dəyər verən siyasi xadim, ulu öndər  Heydər Əliyevin sayəsində filmi xilas etmək mümkün olub. Bakı erməniləri şikayət məktubları yazaraq “Nə üçün millətçi Nərimanovu, milyonçu Tağıyevi gənclərə nümunə kimi təqdim edirsiniz?” deyə etiraz səslərini yüksəltmək istəsələr də, Ulu öndər böyük xeyirxahlıq göstərərək büroda bu məsələni həll etmiş və filmin   kinoteatrlarda nümayiş etdirilməsi ilə bağlı göstəriş vermişdir.

Onun keçdiyi işıqlı ömür yolu sonralar gələn aktyorlar nəslinə də öz müsbət təsirini göstərmişdir.

İ.Osmanlı 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.