Qazax səhnəsində “Teleqram” tamaşasının böyük uğuru - RESENZİYA Featured

Fərhad Dost, Türkiyədəki  Süleyman Dəmirəl Universitetinin

jurnalistika fakültəsinin məzunu. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qazax Dövlət Dram Teatrı görkəmli yazıçı-dramaturq, Əməkdar incəsənət  xadimi Ağalar İdrisoğlunun eyni  adlı pyesi əsasında “Teleqram” tamaşasını hazırlayıb. Tamaşanın ilk premyerası 2025-ci ilin aprel ayının 12-də  olub və tamaşa tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Bu da pyesin çox maraqlı, çoxlu konfliktlərlə olmasından, tamaşanın necə peşəkar səviyyədə hazırlanmasından və aktyorların yüksək peşəkarlıqla oyunundan xəbər verirdi.

 

Bu tamaşanın quruluşçu  rejissoru, çox istadadlı rejissor, çoxlu əsərlərə Azərbaycan və Türkiyə səhnələrində həyat verən, Respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Xəzər Gəncəlidir. Qazax Dövlət Dram Teatrı bu tamaşanı hazırlamaqla Ağalar İdrisoğlunun bədii yaradıcılığının 60, peşəkar teatr fəaliyyətinin 50 və anadan olmasının  75 illik yubileyinə həsr  edib.

Bu pyes, mövzu etibarı ilə ailə-məişət məsələlərindən bəhs edir. Satirik, komik mövzuda yazılıb. Bu  əsərin əsas kontekstində iqtisadi çətinliklərdən irəli gələn sosial ziddiyyətlər və bu ziddiyyətlərin doğurduğu sosial problemlərlə ölüm-dirim savaşı verən narahat bir ailənin güzəranı durur və tamaşaçılar da tamaşa boyu  bununla yaxından tanış olurlar.

Bütün həyatını və fəaliyyətini öz ailəsinin normal yaşaması üçün sərf edən ailə başçısı Kərim (Vüsal Hüseynov)  adi bir mühəndisdir, maariflənmə, savadlı olma, təhsil məsələlərinə də böyük diqqət yetirir və övladlarını gələcəkdə savadlı, intellektual səviyyəli şəxsiyyət kimi yetişdirmək arzusu ilə yaşayır. Amma övladları tam əksinə olaraq bu istiqamətdə atanın istədiklərini deyil, meşşan təbiətli ananın- “zəmanə adamı” olan Taftanın (Minayə İbrahimova) cəbhəsində yer almağa üstünlük verirlər və  onun diktə etdiklərinə boyun əyirlər. Övladların ananın istəklərinə kor - koranə əməl etməsi ailə başçısı Kərimlə Tafta arasında əsər boyu baş verən vaxtaşırı polemikalarda xüsusilə tez-tez nəzərə çarpır. Və davalara, konfliktlərə səbəb olur.

Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq, savad və biliyini artırmaq əvəzinə evin qız övladı Fatma (Məlahət Verdiyeva) rəhbər vəzifəli şəxslərdən birininin yanında katibə kimi işləyir, böyük oğul Fəti ( Ceyhun Vəlizadə) qadın əlbəsələri ticarəti ilə məşğul olur, digər kiçik oğul İlqar (Xaqan Qurbanov) isə orta məktəbi yarımçıq buraxıb avaraçılıq edərək, zəhmətsiz gəlir əldə etmə məqsədini güdür. Və ən maraqlısı da budur ki, ailənin bütün üzvləri ümidlərini ali məktəbə, qəbul imtahanlarına girmək üçün Bakıya getmiş ortancıl oğul Ötkəmə (Elşad Əliyev) bağlayıblar.

Ötkəmin onların hər biri üçün əlverişli olan ali məktəbə qəbul olması bu ailə üzvləri üçün başlıca faktdır, istinadgahdır, gələcəkdə onlar üçün başlıca həyat şərti, yaşam mənbəyidir!.. Evin böyuk oğlu ticarət perspektivlərini genişləndirmək məqsədi ilə qadın paltarları satan Fətinin arzusu odur ki, qardaşı Ötkəmi hüquqşünas görsün, evin tək qızı prokuror yanında katibə işləyən Fatma istəyir ki, Ötkəm Xarici  Dillər Universitetinə  daxil olub oranı bitirəndən sonra xaricə getsin və bacısına oradan bahalı şubalar, geyimlər göndərsin.

Evin sonbeşiyi İlqarın arzusu isə öz qardaşını riyaziyyat müəllimi olaraq görməkdir ki, onu əzazil  riyaziyyat müəllimlərinin pəncəsindən qurtarsın. Öz qardaşlarına gəlir mənbəyi, mənfəət subyekti və dayaq nöqtəsi kimi baxan bu parazitlərin anası Tafta arvad isə oğlunu gələcəkdə yalnız  “tamojnu işçisi” görmək istəyir.

 Görmə qabiliyyətini demək olar ki, itirmiş evin bir küncündə oturub söhbətə  ara-sıra müdaxilə edən və müdaxilələr ucbatından gəlini Taftanın həmişə tənəsinə məruz qalan Gülgəz nənənin  (Səyalı İsmayılova) istəyi isə nəvəsi Ötkəmi göz həkimi olaraq görməkdir ki, gözlərinə əlac edən tapılsın. Belə bir mübahisə, konfliktlər doğuran xaotik atmosferdə birdən-birə Otkəmdən universitetə qəbul olunduğu və sabah gələcəyi barədə teleqram gəlir. Ailədə hamı buna hədsiz dərəcədə sevinir...

Beləliklə,  Ötkəmə “bağlı qapıların açılması” kimi baxan ailə üzvləri onun gəlişini və gətirəcəyi xəbəri səbirsizliklə gözləyir, onu merkantil maraqlarının ümid işığında qarşılamağa hazırlaşırlar.

Burada müəllif, Samuel Bekketin  “Qodonu gözlərkən” pyesindən özü də bilmədən ustalıqla yararlanmış, lakin pyesin final mərhələsində və "düyün nöqtəsi"nin açılış anında hadisələri tam fərqli olaraq başqa bir məcraya yönəltməyə üstünlük vermişdir.

Həmin pyesin əsas mövzusu ekzisentslizm müstəvisində insanın bir fərd kimi mövcudlugunun absurdluğu və mənasızlığının tədqiqatını ehtiva edir. Burada da personajlar öz günlərini mütəmadi olaraq, əsər boyu bir dəfə də olsun görünməyən, hətta mövcud olub-olmaması bilinməyən  Qodonu gözləməklə keçirirlər. Buradakı gözləmə-intizar aspekti bir növ həyatda heç bir zaman baş verməyəcək dəyişiklikləri gözləmə simvoluna çevrilir. Personajların mühakimələri və dialoqları absurd və məntiqsizdir. Əsərin qəhrəmanları daima küsüb barışırlar, dialoqları haradasa anlaşılmaz və kinlidir. Amma buna baxmayaraq onlar bir-birindən asılı vəziyyətdədirlər. Səhnədə heç bir zaman görünməyən Qodonun reallığı qeyri-müəyyən olaraq qalır. O, görünməsə belə bir çox şeyi - gerçəklikdən xaric gücləri, məişətin mifik əsasını simvolizə edə bilir, hətta həyatın özünün və onun qeyri-müəyyənliyinin  metaforası kimi də görünə bilir, o, eyni zamanda ümid və qurtuluşun simvolu kimi də göstərilir.

Bütün bu paralellərə yaxın olan  “Teleqramda” isə əsərin əvvəlində adı çəkilən uzun zaman personajları intizarda saxlayan Ötkəm axıra yaxın səhnədə peyda olaraq, butün bu gözləntiyə birdəfəlik son qoyur və ümid sindromunun əsiri olan iştirakçıların bütün problemlərini  “çözür”.

Ötkəm yaxınlarının heç birinin ümidini doğrultmayaraq özünün  sevdiyi  ali məktəbə qəbul olmuş və aktyorluq ixtisasını  seçmişdir. Elə bir ixtisası  ki, özü demişkən  “bütün məsləklər onun qarşısından təzim edib keçər!”..

Yuxarıda yazdığımız kimi bu tamaşada əsas rolları Səyalı İsmayılova, Vüsal Hüseynov, Nazilə Məmmədova, Minayə İbrahimova, Məlahət Vəliyeva, Xaqan Qurbanov, Ceyhun Vəlizadə, Elşad Əliyev ifa edirlər.

 

Beləliklə, 2025-ci ilin aprel ayının 12-də ilk premyerası olan Qazax Dövlət Dram Teatrının yeni tamaşası  Ağalar İdrisoğlunun “Teleqram” əsəri  inanırıq ki, teatrın repertuarında ən uzun ömürlü tamaşalardan biri kimi qalacaq. Çünki bu əsərdəki mövzu elə zalda tamaşaya baxan tamaşaçıların da həyatına çox yaxındır və onlar bir növ səhnədə özlərini görür, aktyorların oyununa sevinir, kədərlənir və yeri gələndə dərin fikirə dalırlar. Çünki bu pyes zamanın neqativlərini, insanların yaxşı dolanmaq üçün çoxlu problemlərlə üzləşdiyini  özündə ehtiva edir.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin sözlərinə görə, tamaşa bir ailənin qarşı-qarşıya gəldiyi sosial təzadlarla ziddiyyətindən bəhs etsə də bu, cəmiyyətin problemidir və o, bu haqda belə dedi: “Bizim bu tamaşada müəllif başda olmaqla  tamaşaçılara əsas ötürmək istədiyimiz mesaj odur ki, ailədə bütün konfliktləri yalnız  mədəniyyət həll edə bilər, yəni mədəni dialoq. Fikrimizi dahi Hüseyn Cavidin sözləri ilə ifadə etsək, Turana qılıncdan daha kəskin, ulu qüvvət; Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət…”

Bu tamaşanın  quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov,  rejissor assistenti Zülfiyyə Hacıyevadır.

Yuxarıda yazdığımız kimi rolları Kərim-Vüsal Hüseynov, Gülgəz nənə- Sayalı xanım  İsmayılova, Tafta- Minayə xanım İbrahimova, Fəti- Ceyhun Vəlizadə,  İlqar- Xaqan Qurbanov, Fatma- Məlahət xanım Vəliyeva, Ötkəm- Elşad Əliyev çox yüksək, peşəkar  səviyyədə ifa etdiklərindən, hər epizod sürəkli alqışlarla qarşılanırdı və sonda isə tamaşaçılar aktyorları “bravo” sözlərilə ayaq üstə bir neçə dəqiqə  alqışladılar.

Biz inanırıq ki, bu tamaşa tezliklə təkcə Qazaxda yox, qonşu rayonlarda və Bakı şəhərində də göstəriləcək və burada da tamaşaçıların alqışlarını qazanacaq. Onu da vurğulamaq istəyirik ki, Qazax Dövlər Dram Teatrı bu gün respublikanın ən aparıcı teatrlarından biridir. Çünki teatrın direktor  əvəzi Allahverdi Musayev, baş rejissor Əməkdar artist Musa Eyyubov, teatrın quruluşçu rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli, bütün aktyor, aktrisa heyyəti və bütövlükdə kollektiv hamısı bir yumruq kimi birləşib və Qazax Dövlət Dram Teatrını təkcə bölgədə yox, respublikada sevdirməyi bacarırlar. Bax, belə bir kollektivlə çox uğurlu işlərə imza atmaq olar. Elə onların keçən ilin 28 oktyabr- 3 noyabr tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən üçüncü Beynəlxalq Teatr  Festivalında uğurlu çıxışı, əsasən Orta Asiya respublikalarının iştirak etdiyi bu mötəbər festivalda böyük uğur  qazanmaları da təkcə 88 yaşlı Qazax Dövlət Dram Teatrının qələbəsi yox, Azərbaycan teatr dünyasının böyük qələbəsi oldu.

Deməli, bu teatra lazım olan bütün şəraitlər yaradılmalıdır və həmin teatra yüksək dərəcə verilməlidir  ki, onlar daha mötəbər festivallarda iştirak etsinlər. Təsəvvür edin ki, keçmiş Mədəniyyət nazirlərinin günahı  ucbatından 88 yaşlı teatr hələ də üçüncü dərəcədədir. Əslində indi ali dərəcəli olmalı idi. Bax, budur kiçmiş Mədəniyyət nazirləri tərəfindən teatrlara olan haqsızlıq. Çox şükür ki, yeni Mədəniyyət naziri cənab Adil Kərimli bu haqsızlıqları aradan qaldırmaq üçün çox işlər görür. Teatrların dərəcələrinin qalxması üçün çalışır. Buna sübut olaraq, Gəncə Dövlət Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının Milli status  alması tam sübutdur. Və inanırıq ki, öz işini yüksək səviyyədə görən, mədəniyyət işçilərinin sevgisini qazanan  cənab Adil Kərimli tərəfindən  respublikamızda olan bütün teatrlara qarşı münasibət yaxşılığa doğru tezliklə dəyişəcək. Tezliklə, bütün layiqli teatrların dərəcəli qaldırılacaq.

Biz  buna  tam inanırıq ki, bu teatr  “Teleqram” tamaşasını Azərbaycanın paytaxtı Bakıda oynasa, bu tamaşa paytaxt tamaşaçılarının da  çox  xoşuna  gələcək. Yəqin ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan “Qonaq Teatr” layihəsilə “Teleqram” tamaşası tezliklə Bakıya gətiriləcək.

Gəlin  Qazax Dövlət  Dram Teatrının  bu tamaşa ilə Bakı qastrolunu  səbirsizliklə  gözləyək.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.