"HƏYAT AYRILIQ İMİŞ… insanla ölüm arasında” Featured

Hafiz Ataxanlı, yazıçı, ssenarist, kulturoloq – “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bu tamaşaya illər öncə Akademik Milli Dram Teatrında baxdım. Evə çatan kimi bu yazını qələmə aldım. Necə oldusa, yazdıqlarımı itirdim. Bu günlərdə  arxivimdən tapdım. Düşündüm ki, əməkdar incəsənət xadimi Ramiz Həsənoğlunun təvəllüd bayramına hədiyyə olar.

 

 

Vaqif Səmədoğlunun yazdığı, Ramiz Həsənoğlunun quruluş verdiyi "Generalın son əmri" tamaşası haqqında 

Günah- düşüncə.

 

"Oxunmaq istəyirəm- əvvəldən axıradək, oxumaq"

...Allah günaha yazmasın, dünyanın işinə bax ki, Cəllad da qorxu və xofdan danışır.Özü də elə bəlağət növü qatır danışığına ki, elə biləsən, məhəbbət qəzəlinin fəlsəfi məqamını xırdalayır. Başının üstündə də yiyəsini gözləyən etibarlı(?!) dar ağacı. İş o yerə çatır ki, Cəlladı cəllad  kimi görmürsən, bir nağılçı, meydanbəyi kimi qəbul edibən izləyirsən. Hələ Generalı demirsən?!

Binəva əsgəri qəbirdən xortladıb şeypur çaldırır. Qoymur ki, bədbəxtin balası gorda rahat yata. Hərçənd, nə yatmaqdı o? Allah kəssin elə yatmağı. Yatdığın yerin ki adı qardaşlıq məzarı ola, o yerdə ki, qaynaqçının əli dəymədən sümük sümüyə calana, qol qıça pərçim ola, hansı dinçilikdən danışasan?

Yox, yox, əstəğfirullah! Mənə elə baxmayın!Bu ironiya, lağlağı, məsxərə məndən gəlmir, əttövbə! Allah sənə rəhmət eləsin,Vaqif Səmədoğlu, necə zərif yumorun varmış?! Sən nə oyun çıxartmısan?!Rejissorlar da ölmürlər, mayası sosial qroteksdən yoğrulmuş əsər üçün?

İllah da, belə material düşə pirolmuş Ramiz Həsənoğlunun əlinə.

...Ərinməyəsən, Ramiz müəllim, iki hissəli tragikomik misteriyanı götürüb uğurlu truppanın əyninə ölçüb - biçəsən, kəsəsən, doğrayasan, bəzəyəsən, özündənnaxışları bir düzəsən, bir düzəsən, əsəri gətirib çıxarasan mistik xoxma halına.Məzarın nurla dolsun, ay Vaqif İbrahimoğlu, ustad, sənin bu iki məhdudlaşdırıcı ədatının idraka verdiyi qüvvət, ideyaya suvadığı şövq, ruhi tam o qədər yerinə düşür ki...Amma və lakin... Xoxma nə xoxma! Tamaşaçı uğunub gedir. Yenə də amma və lakin ki, baxıb görürsən; tamaşaçı əvvəl düşünür, sonra gülür. Demək ki, qəm yeməyə dəyməz. Qaymağı intellekt olan yumora tələbat varmış hələ.

 

MÜƏLLİFİN "GÜNAHI"

 

Mən bir üfüq olmuşdum,

duman çökdü dənizə...

görünmədim.

Mən bir cığır olmuşdum,

gedib- gələn olmadı,ot basdı üstümü...

görünmədim

Mən bir gün təbəssüm olmuşdum,

nə oldu,bilmədim...

görünmədim...

 

İtmiş üfüqdən boylanan, ot basmış cığırı tapdalayıb keçən şairin donmuş təbəssümünü xatırladınızmı? Mən xatırladım. Gözümdən bir damla yaş gəldi. Satira, yumor, sarkazmla sosial- ictimai fəlsəfənin ideal sintezindən yaranan tamaşaya bir də baxdım.

Göz yaşımı səmanın duruluğuna bənzədib dərdini yüngülləşdirən, kədəri ömrün  katarsis dayanacağı sayan, hıçqırığı hələ yazılmamış sənət əsəri - simfoniya qəbul edən, bir gözü ağlayan, bir gözü gülən şair- dramaturqun bütün yaradıcılıq imkanları tragikomik misteriyada göstərilə bilir.

Qulaqlarda şapalaq kimi şappıldayan, fəqət, dodaqlarda təbəssüm kimi parıldayan, gözlərdə sevinc tək yaşaran Vaqif Səmədoğlu gülüşü mükəmməl bir əsər doğurub.

Mistik aləmlə gerçək dünyanın keçid məntəqəsində yaşamaq rolunu oynayan General, onun vecsiz nəvələri, içki düşkünü, məkrli, avantürist qonşu, atasının qisasını almaq istəyən qazaxıstanlı qız, sonacan nə baş verdiyini anlamayan polislər, dar ağacının fəlsəfəsini açmaq, qorxunun mahiyyətini anlatmaq və törətdiyi cinayətlərə missiya donu geyindirmək istəyən Cəllad, virtual həyatın məchul obrazları - Məşuqə, Fərari, Şeypurçalan əsgər - bu qəhrəmanların hər biri tipajlar, koloritli obrazlar olsa da, yenə də hər birini günah və Vaqif Səmədoğlu sarkazmı birləşdirir, bir- birinin ardınca dar ağacına doğru aparır. Əslində, bütün obrazlar günah simvollarıdır və müəllifin bir himinə bəndmiş kimi günahlarını asmaq istərkən, növbəti günaha yol verirlər ( axı şəriətdə intihar günah sayılır), günahı günahla yuyurlar.

....Və Vaqif Səmədoğlunun yaratdığı obrazların adı, soyadı, milliyəti, irqiyyəti yoxdur. Sadəcə cəmiyyətdə tutduqları sosial status ( bəlkə də statusuzluq), yaş həddi var. Bu, müəllif mesajının qlobal spektri ehtiva etməsinin, bəşəri düşüncəsinin göstəricisidir.

...Və bir də Vaqif Səmədoğlu dramaturgiyasının özəyi - Azərbaycan dilinin şəhdi- şirəsini vermək, canlı xalq dilində dialoq  qurmaq, el hikmətindən, el nəsihətindən mayalanan yumoru qara yumora çevirmək üstünlüyü özünü göstərə bilib.

 

REJİSSOR YOZUMUNDAKI İPUCU

 

Heykəllərin çoxundan soyuq gəlir, buz qoxuyur

qardan yonulub bu abidələr

Günəş çıxsa, açılsa istiyə qapılar

Əriyəcək heykəllərin çoxu- buz qoxuyan abidələr.

 

Günaha batıb yalandan söyləyə bilmərəm: Ramiz Həsənoğlu  bu şeiri konkret oxuyub, ya yox? Amma və lakin, zənnimcə, elə rejissor yozumundakı  ipucu bu üşüyən misralardadır.

Quruluşçu rejissor əsərə açarı müəllifin digər əsərindəki açardan götürüb.Amma bu açara qədər uzun bir gəlişmə var axı. "Günahı günahla yumağın günahıdır günahımız! "Bu günah fikri götürüb quruluşçu rejissor, " getdik"-, deyibən günahın dabanına tüpürüb, əsərin alt qatına  baş vurub,Günahı elə bir metaforaya, arxitipə döndərib ki, axşam- axşam səhnədə qarabasma kimi yepyekə bir günah görürsən.

Ramiz müəllim,sağ olmuş Cəlladı da qoşub oyuna.Günah fəlsəfəsinin portret cizgiləri tamamlansın deyə, fırçanı da verib Cəlladın əlinə. Cəlladın da nə vecinə. Araz aşığından, Kür topuğundan. Sobası, isti çayı, çaydanı yanında, qalaq- qalaq kitabları da qarşısında. Hər səhnə fırlananda da durub bir- iki kəlmə ibarəli söz deyir. Söz də ki, nə söz? Dəymişin qalar, kalın tökülər. Bir yandan da hər şeyi qanuniləşdirir, kitab- dəftərə salır. Odur, yazıq Fərari Generalın son əmrinə əsasən asılmaq xahişi ilə ağız açır. Di gəl ki, Cəllad zalımoğluna söz təsir eləmir ha!

Əslində rejissor günahı bir kabusa çevirib, asıb bu ikimərtəbəli qədim, insafən, bir az da koloritli taxta məhəccərli evin üstündən. Cəllad isə Ramiz müəllimin yozum tapşırığında rüzgar qələmidir, peydərpey Generalı - zaman yolçuluğunun karıxmış döngələrində itib-batmış, əslində heç yaşamayan, bəzən yüngül yük kimi suyun üzünə çıxıb üzən, batmaq bilməyən günahın günahsızlığını daban daşında kirə çıxarmaq istəyən kabusun ümumiləşmiş günah obrazını qırmanclayıb, 2 saat ərzində göz qırpmağa imkan vermir. General əsasən 2- ci mərtəbədə olur, digərləri zirzəmidə. Hər kəs öz günahı dərəcəsində üzə çıxır, ya da batır. Yaxşısı budur, günahların siyahısına nəzər yetirək.

Generalın günahı Şeypurçalan əsgərdir, Fəraridir ki, onun ayaqlarını gerçəklik müstəvisindən qoparıb, yəni ayaqlarını yerdən üzüb dallarınca sürüyürlər, zavallı qocanı qaranəfəsə döndərirlər.

İkincisi- Qazaxstandan gəlmiş qisasçı qadındır. Ölümünə fərman verdiyi kişinin, atasını qəhrəman zənn edən qızı.

Üçüncüsü- işini səliqəli və qanuni görən Cəlladdır, bəlkə də Generalın dünənki obrazıdır.

Dördüncüsü- içki düşkünü olan oğlan nəvədir ki, hər dəqiqə babasının ölümünü arzulayır və bu ölümün ucunda var- dövlət var.

Beşincisi- çilçıraqdan özgə beyninə heç nə girməyən qız nəvədir.

Altıncısı- yağlı tikə axtaran və nəvələri qızışdıran qonşudur.

Amma bəzən günah ədalət mühakiməsinə, həqiqət şişinə də çevrilir, başqa bir günahı üzə çıxarır.

Qisasçı qadın atasının vaxtilə Generala yazdığı donoslarla tanış olduqda  əlində tutduğu silahın tuşlanma yönünü dəyişir.Demə, aydan arı, sudan duru  bildiyi atası nə boyda günah yükü daşıyırmış?!

Fərarinin günahı ayrı- ayrı ictimai- siyasi  formasiyaların sərhəddində, zamansızlıq xaosunda gülləyə çevrilib olmayan ömrünü qana boyayır. Bir sözlə, quruluş yiyəsi ştangetin iplərini  də, avansəhnənin örtüyünü də, səhnənin dərinliyini də, səhnə güzgülərini də  bir zəncirə çevirib asıb personajların boğazından.

Özü gorbagor olmasa da, ruhu didərgin düşdükdən sonra məkanını tapa bilməyən Generalın təbəddülatları, ictimai- siyasi fərqlərin təzad dərəcələri, üzbəüz durmuş nəsillərin qollarına keçirilmiş qırmızı dilemma kələfinin düyünə düşmüş məqamı rejissor tərəfindən dürüst mizanlarla verilib. Qərinənin sərhədsizliyində, varlıqla yoxluğun qarşılıqlı  məkanında Ramiz Həsənoğlu mistika ilə  gerçəklik, ölülərlə dirilər arasında elə gözəl mizan ünsiyyəti yaradıb ki, ilk anda tamaşaçı  karıxa bilər; ölü kimdir, diri kim? Müəllifdən gələn mistik fəlsəfəni quruluşçu rejissor elə yoğurub ki, bir günah fəlsəfəsinin soyulduqca soyulan  çoxqatlı mahiyyəti səhnədən diş ağardır.

Bir də Generalın bu günkü evi, dünənki istintaq otağı, hökmranlıq taxtı,sabahın yel vurub yengələr oynayan xaraba dəyirmanı rejissor ixtiyarında bir məzhəkə meydanıdır, oyun guşəsidir, katarsis dəyirmanıdır.Bu katarsis dəyirmanının qulaqbatırıcı uğultusunda ölülər və dirilər, gerçəklər və miflər "Mənə sükut əl çalır, belə alqış olarmı?"poetikasını doğru ünvana çatdırmağa tələsirlər.

Birnəfəsə baxılan tamaşanın maraqlı məqamlarından biri də Ramiz Həsənoğlunun televiziya təfəkkürünün, ekran vərdişinin özünü işin xeyrinə qabartmasıdır. Rejissor bu təfəkkür diktəsini zərurətə çevirib. Bibinin monitordan tənəsi, qara zanbaqların ağarması maraqlı effekt yaradır. Habelə dekorasiyanın çevik oyuna qoşulmasında, epizodların dinamik əvəzlənməsində, musiqi, hərəkət, dialoq, işıq aksentlərinin mükəmməl sinxronluğunda rejissorun televiziya düşüncəsi xüsusilə qabarıqdır. İkinci maraqlı teledüşüncədən gələn bir priyom diqqət çəkir.

Tamaşanın birinci hissəsi başa çatır.

Qisasçı qadın 2- ci mərtəbəyə qalxıb qapını döyür. Bütün məsələlərdən agah General qapını açır, özü qapının arxasında gizlənir. Tamaşaçı nigarançılıqla, bəlkə də bəziləri sevinc hissi ilə fonoqramdan Generalı yerə sərəcək güllə səsini gözləyirlər. Fəqət, bu yerdə pərdə bağlanır, antraktdır. İkinci hissə başlandıqda aktyorlar yenidən 1- ci hissənin sonundakı mizanı təkrar edirlər. Yenidən Qisasçı qadın pillələri çıxır.

 

CƏFƏR NAMİQ KAMALIN GENERALI

 

Yuxumda bir ömür gördüm pozulmamışdı,

Yuxumda bir yol gördüm azılmamışdı,

Yuxumda bir şeir gördüm yazılmamışdı,

Yuxumda bir məzar gördüm qazılmamışdı.

 

Xalq artisti Cəfər Namiq Kamal səhnə şöhrətini zəhmətkeş arı güllərdən bal  toplayırmış kimi zərrə- zərrə toplamış, öz üzərində işləməyi sevən, oynadığı rolun sosial- fəlsəfi strukturunu öyrənib onun təqdimat yönümünü düzgün çeşidləyən çoxprofilli  oyun imkanına malik aktyorlardandır.General obrazında Cəfər müəllimin potensial imkanları Vaqif Səmədoğlu- Ramiz Həsənoğlu tandeminin yoğurub ortaya qoyduğu prikolun mayası ilə  üst- üstə düşür. Öz aramızdı, belə sərrast hədəf hələm- hələm ələ düşən deyil.

Cəfər Namiq Kamalın ətə-qana gətirdiyi Generalı izlədikcə yenə rəhmətlik Səmədoğlunun bir poetik ovqatını xatırlamalı olursan:

Çörəksiz- susuz qalmaq olar, vay o gündən

Salam verməyə adamın olmaya yer üzündə.

General tənhadır.Nəvələri ondan həzər edirlər. Xəsisliyindən gileylənirlər. Qonşu oğlanın "bu kişi niyə ölmür?" qınağı hər dəfə bir oxa çevrilib batır qocanın kürəyinə, Cəllad da bir tuği- lənət kimi keçib qocanın xılxına. Qisasçı qadın o boyda yolu basa- basa durub gəlib, arsız- arsız çeçendən silah da alıb ki, çaxsın Generalın başına.

Şeypurçalan əsgər də, Fərari də onu girinc ediblər. Bir sözlə, yerlə- göylə əlləşən Generala hər kəsin, hətta tamaşa salonunda oturan hövsələsiz tamaşaçıların da  gözlərindən "ah, qoca əbləh" nifrəti yuxu kimi tökülür. Fəqət, bu qoca əbləhin öz dərdi özünə bəsdir. İçi özünü yandırır, çölü özgəni. Özü də bilmir, yaşayır, ya ölüb? Yaşayırsa, harada yaşayır, ölübsə, niyə gorbagor olub qalıb ortalıqda?

Bir ayağı gorda, bir ayağı bizim yanımızda olan, səhər dirilərlə salamlaşan, axşam ölülərə xeyirli gecə arzulayan General əslində bütün günah yiyələrinin yükünü atıb çiyninə.Yükü ağırdır,o səbəbdən də gor götürmür, axır məcburən girir  rejissorun qurduğu  katarsis meydanına ki, bəlkə təmizlənə...Cəfər Namiq Kamalın plastikası, səs tempindəki yerinə düşən ziqzaqlar, xarakterin açılışına, dramaturgiyaya xidmət edən artikuliyasiya jestləri, göz yaşı içində gülüşə yönəlik mükəmməl oyun tərzi, tərəf müqabillə qüsursuz işləmək vərdişi və etikası musiqi duyumu, bədii dekorasiya sınırlarına uyğunlaşdırılmış, ölçülüb- biçilmiş mizanlar, dinamika, həlim, sakit danışığın üstündə həyatın hər boz üzünü görmüş qocanın uğurlu təqdimatı, Cəfərin aktyorluq bacarığı tamaşanı sevdirən önəmli şərtlərdəndir. Ümumilikdə, Cəfər Namiq Kamalın  oyun tərzi, aktyorluq imkanları sərhədsizdir, məhdud ölçüdə deyil, bir janrın tələbləri çərçivəsində qalmır. Amma bu məqamda - "Generalın son əmri" tamaşasında istedadlı aktyor sonsuz üfüqlərin işıq salma bucağını çox dəqiq riyazi hesablamalarla, dürüst koordinasiya bucaqlarında paylaşdıra bilib və mükəmməl tragikomik obrazın konturlarını cızıb.

 

BİVEC NƏVƏNİN İSLAH MƏQAMI

 

Ömür yolu açıq yoldir 

nə getdi, getdi...

Əlində bir gün də qalmır 

nə itdi, itdi...

Bu dünya dəmyə günahdır

nə bitdi, bitdi...

 

Birinci mərhələdə, həyatın dibində gününü otaran oğul nəvə əməkdar artist Sabir Məmmədovun oyun tərzində fərqli çalar bəxş edir.

Oğul nəvə içkidən qısa müddət ayrılmaq istəsə də, iradəsi nəfsi qarşısında əl qaldırır. Ən böyük arzusu nifrət etdiyi babasının ölümünü görmək, onun mirasının şəriksiz yiyəsi olmaqdır. Hətta, arabir gözünə görsənən  bibisinə - virtual obraza verdiyi vədi də unutmur. Gah qonşusu ilə razılaşır, gah da Qisasçı qadının plan qurmasına yol göstərir. Sabirin dramatik- dedektiv səs tempri  çox böyük peşəkarlıqla komik çalara keçir. Aktyorun tapdığı lirik- psixoloji nüanslar, komik- dramatik mizanlar, tragikomik xarakterin düşdüyü stiasiyaya uyğun manevrlər, davranış cizgiləri obraza rəngarənglik qatır.

 

QIZ NƏVƏNİN DƏRDİ

 

...di gəl, əlacsızam, yaddaşsızam,

zəifəm,deyəsən

bəlkə də xatirələrim əlsiz- ayaqsız,

dayaqsızdır artıq...

Yadıma sala bilmirəm özümü.

 

Bu qızın da dərdi- səri, azarı anasından qalma çil- çıraqdır.Nə babasının keçmişdə törətdiyi cinayətlər, nə qardaşının avaragorluğu, tüfeyli həyatı, nə qonşu oğlanın tamah dolu baxışları, nə Qisasçı qadının ölüm planı, nə də Cəlladın isti soba qırağında  söylədiyi poetik ölüm dastanları vecinə deyil. Allah saxlamış Dilarə də canında nə qədər zarafat, məzə, duz var, hamısını götürüb keçirib obrazın əyninə. Nəvə bütün tamaşa boyu zar- zar ağlayır, anasını xatırlayır, babasına nifrin yağdırır, qardaşını yamanlayır. Elə ki mövzu bitdi, yenidən baş vurur "lyustra"ya. O, ağlayır, zarıncı olur,xöşbəxtlik düsturunun babasının ondan zorla qopartdığı çil- çıraqda gizləndiyini bəyan edir, hətta sonda misteriyanın janr tələbləri qarşısında bütün bədənində çil- çıraq "bitirir".Amma yenə tamaşaçı uğunub gedir. Çünki obrazın tipologiyası, tiragik - komik rəng həlli, qroteks həddi, sosial- mənəvi strukturu, fəlsəfi yükü əməkdar artist Dilarə Əliyevanın oyun  tərzində mükəmməl cizgilərlə oturuşub.

 

QONŞU QONŞU DEYİL

 

Birdən gəlir, birdən gedir,

Unudulmuş köhnə sözlər.

İşıqda da heç nə görmür,

Qaranlıqdan çıxan gözlər.

 

Avantüra, günah, avaraçılıq, korazehinlik, haramzadəlik, intriqabazlıq, tüfeylilik, içki düşkünlüyü - bütün bu naqisləri Qonşu oğlanda məharətlə canlandıran istedadlı aktyor Rövşən Kərimduxt da gözəl oyun nümayiş etdirir və ampula fərqi uğurla sınaqdan çıxır.

 

GÜNAHLARIN QƏNİMİ- GÜNAHKAR

 

Nə varım var, nə barxanam,

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa.

 

Əməkdar artist Ayşad Məmmədovun Cəlladı hüdudsuz günahları, azıb- karıxan, qaçıb canını qurtara bilməyən möhnətləri, xotdamışları, qorxan qorxuları yolun yarısından tutub buxovlayır, qaldırır dar ağacına.Günahları boğazından asır ki, bəlkə bu yolla özü də günahdan təmizlənə. Bəlkə də, Allahım, elə dövrün, mühitin, despotizmin simvoludur Ayşadın Cəlladı. O səbəbdən işini heç cürə bitirə bilmir. Amma sonda çarə tapır, bütün günahları qəlbini dəlib keçən ağrılara bələyib çıxır dar ağacına.

Ayşad Məmmədovun fəlsəfi- duyğusal oyun tərzi obrazın tanıtımında yerinə düşür.

 

ÖLÜM MƏLƏYİNİN MİSSİYASI

 

...Gəlmə, gəlişindən yaman qorxuram...

 

...Yox,bu,Generalın sevgilisi, ilk məhəbbəti, məşuqəsi deyil.Qız qalasının başında çiçək açacaq nar ağacı da deyil. Ölüm mələyidir, vəssalam. İntəhası, gəl bunu Generala anlat, görüm necə anladırsan?! Bir tərəfdən də Generalı qınaya bilmirsən.

Əməkdar artist Sənubər İskəndərlinin naz- qəmzəsi, xanım- xatınlığı məşuqə obrazının başı üstünə necə çətir salıbsa, ölüm mələyi nəinki Generalı, tamaşaçıları belə ahənrüba kimi özünə çəkir.

Sənubər İskəndərlinin lirik- dramatik oyun tərzi faciəvi sonluğu romantikaya çevirə bilir.

Bu nə gözəl ölüm mələyi imiş, gəldi, gəlişi ilə Generalı zillətdən, xaosdan, məchulluqdan qurtardı, yüngülləşdirdi, ruhunu təbəddülatların məngənəsindən çıxartdı.

 

QİSASÇI QADIN DA GÜNAHA BATDI

 

Bura bağmı, meşəmi,

Kim deyə bilər indi?

Yerdə qalan izləri

Bir yağış silər indi.

 

Qisasçı qadın bəlkə də, yeganə günahsız obrazdır... fəqət, pilləkənləri qalxana qədər. Tamaşanın gedişatında ilk dəfə  günahı soyundu, bütün çılpaqlıq üzə çıxdı. Məlum oldu ki, uğrunda cinayətə belə, hazır olduğu atasının günah köynəyinə hələ neçə adam sığınıb. Qolları qırılıb yanına düşür. O boyda hay- küylə, ədalət bayrağı ilə gələn Qadın lal olub geri qayıdır və əməkdar artist Almaz Amanova bu lal dönüşün ağırlığını- mənəvi şoku fiziksəl sapmaya uğurla transfer edə bilir.

 

ÖLÜ FƏRARİNİN ÖLÜM DİLƏYİ

 

Deyirlər ki, Ay çıxıb,

Ömrümün eşiyində.

Ömürsə yırğalanır,

Ölümün beşiyində.

 

Əməkdar artist Pərviz Məmmədrzayevin oyuna saldığı Fərari zaman sərhədlərində, daha doğrusu, sərhədsizliyində dolaşan ruh, əmri yerinə yetirməyə cəsarəti  və iradəsi çatmayan mistik obrazdır. Əzab çəkən, utanan, usanan, özünü yamanlayan Fərari obrazının mənəvi- fizioloji qarabasmaları xüsusi səhnə plastikası ilə seçilən Pərvizin oyununda mükəmməldir.

Habelə, əməkdar artistlər Hicran Nəsirovanın, Əjdər Həmidovun, Telman Əliyevin, aktyor Rəşad Bəxtiyarovun yaratdıqları obrazlar koloriti ilə maraqlıdır.

Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyevin bədii tərtibata verdiyi ştrixlət, əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin musiqisi bütöv harmoniya yaradır.

 

...İki saatlıq tamaşada Vaqif Səmədoğlu - Ramiz Həsənoğlu  tandemi istedadlı bir truppanın köməyi ilə insan- ölüm məsafəsini apaydın göstərə bildi. Həm də göz yaşarıncaya qədər güldürdü.

Allah sizi güldürsün və düşündürsün!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.