İnsanın insanı müşahidəsi: maraq, yoxsa ehtiyac? – “The Truman show”nun öyrətdikləri Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Müşahidə qavramı həyatımızın, demək olar ki, hər anında vardır. Çağımızda hər şey dəyişir, özümüz də...  Təbii, səhvlərimiz də, vərdişlərimiz də...

 

Uşaqkən bizə deyirdilər: “Ayıb etməyin, etsəniz də, ayıbınızı çöllərə salmayın!” İndi hamı ayıb edir... Məşhur “Cinayəti yazan qadın” serialında Angela Lensberi`nin canlandırdığı qəhrəman deyirdi: “Hamımızın demək istəmədiyimiz əməllərimiz var....” Yəni ayıb edəni qınamaq fikrində deyiləm. Sadəcə, heyrətimi dilə gətirmək istəyirəm. Ayıb etmək təbiidir, amma indi elə dövrə gəlib çıxmışıq ki, insanlar ayıbından utanmır, onunla fəxr edirlər.

Bəlkə də, mənə qəribə gələn, anlaya bilmədiyim bu fəxarətin bir səbəbi elə müşahidə qavramıdır. Modern insan müşahidə olunduğunun fərqindədir... İnsanların müşahidə edilməkdən qaçacaq yeri qalmamışdır. Texnologiya həyatımızın  hər anına elə daxil olub ki, müşahidə  qavramı birdən-birə, sanki minilliklərin başı üstündən sıçrayıb. Bu cür sürət, təbii, müşahidənin məqsədini də dəyişib.

Bəşər tarixinin ilkin mərhələsində də müşahidə vardı, lakin o vaxt insanlar bir-birlərinin nə etdiyindən xəbərdar olmaq, anlamaq,  öyrənmək məqsədilə  müşahidə aparırdılar.  Zaman keçdikcə, insan şüuru inkişaf etdikcə, idraki qabiliyyətinin əhatəsi genişləndikcə  müşahidə, həm də, nəzarətdə saxlamaq üçün vasitəyə çevrildi.

Və bir gün, internet gəldi bəşərin həyatına. İnsanların hər gün, hər an nizamlı olaraq müşahidə olunması prosesi belə başladı.  Bu gün isə, müşahidə etməyimiz də, müşahidə olunmağımız da adiləşib. “Bəyənmə”, “tıklama”, “görüntüləmə”, “oxunma”, “mesajlaşma”  eqomuzun təminatına çevrilib.  “Status”umuz, “paylaşım”ımız   nəzər cəlb etməyəndə, dərdə düşürük, stresslənirik.  Bunlar vasitəsilə müşahidə olunduğumuz çox vaxt, ağlımızın ucundan belə, keçmir.

Bir mənada müasir cəmiyyəti “müşahidə cəmiyyəti” də adlandıra bilərik.  Hələ 1785-ci ildə ingilis filosof  Ceremi Bentham ( Jeremy Bentham)   panoptikon modelindən danışırdı. “Pan”-“bütün”, “opticon”-“müşahidə etmək” sözlərindən əmələ gələn qavramın izahı belədir: “Bütünü müşahidə etmək”.  Bentham bu modeli həbsxanalarda tətbiq etməyi irəli sürmüşdü. Həmdövrləri filosofun nəzəriyyəsini utopiya adlandırmaqda  gecikmədilər.  Amma  zaman  elə gəldi ki, artıq biz panoptikon cəmiyyətin bir hissəsi olduq...

Hamımız hamımızı izləyirik-bunu könüllü şəkildə edirik. Və hamımız da könüllü şəkildə izlənirik. Qabaq izləyən vicdanımız idi... Uşaqkən sinifdənxaric oxu saatında  oxumuşduq Biləndərin “Allahın məni görmədiyi bir yer tapmadım” dediyi əhvalatı.  İndi isə “kamera var, bunu etməyək...” deyir uşaqlar...  Ac da olsaq, qonşunun  əlimizə uzatdığı yaxmanı götürmürdük: “Evdə yeyib gəlmişik...” “Nə yemisən?” sualını verən az adam tapılırdı, o adamlar haqqında da heç yaxşı fikirləşmirdik. İndi harda nə yesək, çəkib paylaşırıq, hətta o yeməyin bizə neçəyə başa gəldiyini də bilir “bizi tanıyanlar”.

Müşahidə cəmiyyəti haqqında ən yaxşı filmdir “Trumanın şousu” (The Truman show”).  1998-ci ildə  komedik dram janrında çəkilmiş film bir çox mütəxəssis tərəfindən  cəmiyyətlərin analizi istiqamətində dərslik kimi qəbul edildi. Endryu Nikkolun ssenarisi əsasında Peter Veirin çəkdiyi film ABŞ-da 125 milyon dollardan çox, bütün dünyada 264 milyon dollardan çox gəlir gətirdi. Halbuki, büdcəsi, cəmi, 60 milyon dollar idi...

Cim Kerrinin canlandırdığı qəhrəman-Truman Burbank hamımızın prototipidir.   Düzdür, biz doğulduğumuz andan etibarən müşahidə üçün seçilməmişik, amma bununla belə, zamanla könüllü olaraq müşahidə edilən obyektə çevrilirik... Bəlkə də, bu mənada Truman bizdən daha şanslıdır-ən azından, onun  həyatının  konkret anlamı və istiqaməti var...

Filmin ilk 20 dəqiqəsində rejissor və Cim Kerri bizə deyir: “Hər biriniz, həm də, yaxşı reklamçısınız!” Deyilmiyik? Əlbəttə, eləyik! Bizim ölkəmizdə bilmirəm, amma  xarici ölkələrdə belə bir ənənə var: bir tiktoker (“bu da məsləkmi?” sualı ayrıca mövzudur) restorana gedir, sifariş verir, yeyir-içir, -təbii ki, açıq kameranın qarşısında,-sonda  ofisianta kameranı göstərir və deyir: “Sizi pulsuz reklam edirəm, hesab ödəmirəm!”  Məkan sahiblərinin, administratorların içərisində onlarla razılaşanlar da olur, razılaşmayıb, pulunu tələb edən də... Pul tələb edilən məkanın anti-reklamı o andan etibarən başlayır... Düzdür, reklamçılıqda “qara piar da şöhrətdir” inancı var, amma bəs vicdan? Bəs abır? Bəs ayıb?

“Trumanın şousu” ayıbsızlığın cəmiyyət tərəfindən qəbullanmasının anladılmasıdır bir az da.  30 illik həyatı 24 saat canlı yayımlanan Trumanın  bundan xəbəri yoxdur.  Anasının, atasının, arvadının, hətta aşiq olduğu qızın belə, aktyor olduğunu bilmir.  Onun tanıdığı həyat elə budur-nizamlı,  hər gün təkrarlanan...  Hamı onu izləyir...

Corc Oruellin “Böyük qardaş səni izləyir!” şüarından fərqli olaraq, burada izlənən təkcə Truman, izləyən çoxluqdur...Uyğun cümlə qursaq, belə alınardı: “Truman, səni izləyirlər!”   Oruell cəmiyyətin üzünə  tüpürmək cəhdində idisə,  bu film kül silələnmiş vedrəyə dönməliydi... Amma dönmədi!  Hə, kül ələndi cəmiyyətin başına, sadəcə, insanlar bundan utanmadılar, əksinə, zövq aldılar, saçında küldən barmaq qoyası yer tapılmayan belə sevindirdi özünü: “Mən seçilmişəm!”, “Mən fərqliyəm!”

“Trumanın şousu” bizə həm də, televizor asılılığından danışır. 24 saat Trumanı izləyənlərin həyatı televizorun önündə keçir... Və tamaşaçı tərəddüd qarşısında qalır: izlənən daha  şanslıdır, yoxsa izləyən? İzlənənin həyatı daha yaxşıdır, yoxsa izləyənin? 

Filmdə paralel xətt sevgidir... Və biz burada da sevginin üsyankarlığının, boyunəyməzliyinin şahidi oluruq. Truman haqqındakı bu sözləri də Silviya işlədir: “O bir aktyor deyil! O bir məhkumdur!”  Bəli, müşahidə cəmiyyətinin içində hamımız məhkumuq... Geyindiyimizi də, yediyimizi də, hətta salam verəcəyimiz insanları da cəmiyyətə görə seçiriksə, bizə “azad insan” demək olarmı? Yox... 

Ola bilər ki, ilk insanları müşahidə etməyə maraq sövq etmişdi, lakin çağdaşlarımızı müşahidə etməyə və müşahidə olunmaqçün könüllülüyə məcbur edən özlərinin güzgüsünə çevrilə biıməmələri, bu güzgünü başqa yerlərdə/başqa insanlarda axtarmalarıdır.  Klassik ədəbiyyatda aşiqin güzgüsü məşuqun gözləri  idi... Bu istiqamətdən yanaşsaq belə, nəyinsə doğru olmadığını görürük... Tanıdıqlarımız bir yana, tanımadıqlarımıza-sosial şəbəkə dostlarımıza,  bizi “follov” edənlərə aşiq olmağımız  fizikən də, mənən də mümkünsüzdür. Eşq bu deyil axı... Demək, axtardığımız eşq də deyil...

Bəs ehtiyac duyduğumuz nədir? “Trumanın şousu” filminin əvvəlində filmdəki rejissor (Ed Harris) bizə deyir: “...Artıq aktyorları və bizə hiss etdirdikləri o saxta duyğuları izləməkdən bezdik. Ehtişamlı göstərilərdən və xüsusi effektlərdən  yorulduq. İçində olduğumuz dünya bəzi yönləriylə saxta olsa da, Trumanın özündə süni heç nə yoxdur! Ssenari yoxdur, replika yoxdur!  O, həyatın özüdür!”

Truman -“True man” - “həqiqi insan”  adının seçilməsində də bir məna var, mütləq ki.  Başqa yöndən baxsaq, gerçək olan, həqiqi olan lağlağı yeri olmalıdırmı? Hə, bunu da hamımız yaşamışıq... Kimi necə xatırladığınızı soğrulamıram, amma xatirələrimizdəki o gerçək insanlar deyilmi cəmiyyətin dəyəri? Yox... Müşahidə cəmiyyətində saf olmaq, özümüz olmaq şansı tanınmır axı...

Rejissor Trumana saxta dünya yaratmışdı... Bizim saxta dünyamızın ssenari müəllifi də, rejissoru da bizi müşahidə edənlərdir. Qarşılıqlı şəkildə, biz də başqalarının rejissoru, ssenaristi, hətta aktyoruyuq.  Evimizdən kənarda özümüz deyilik... Müşahidə obyekti olduğumuzdan bəri, evimizin içində də  özümüz deyilik...

Və sonda... Filmin son səhnəsində rejissorun  rəssam Rene Maqritin “Ay işığı memarlığı” əsərini canlandırması...  Filmin bizi müşahidəli yuxular görmək arzumuzdan qurtarmaq cəhdi...   Və təəssüf... Çünki keçən 27 il göstərdi ki, şouya baxmaqda da, şou qəhrəmanına çevrilməkdə də pərgardır bəşər.   Hərçənd, film bizə ümid yeri də qoyur: “EŞQ!” Ümidimiz diri olsun, barı, çağdaşlarım!

                                                                        (2025, fevral)

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.