Xəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan incəsənətinin inkişafında böyük rolu olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubiley gecəsi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən tədbir barədə daha geniş məlumatı oxucularına çatdırır.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi yubiley gecəsində ilk olaraq nazir Anar Kərimovun yubilyar teatrın kollektivinə təbrik məktubu oxunub. Nazirin təbrikində sənət ocağının zəngin yaradıcılıq yoluna nəzər salınır, kollektivin hazırladığı tamaşaların hər zaman azyaşlı izləyicilərin rəğbətini qazanması, onların teatra sevgi ruhunda böyüməsində önəmi vurğulanıb. Nazir teatrın kollektivinə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək yola salmağa hazırlaşdığımız 2021-ci ilin maraqlı yubiley tədbirləri ilə yadda qaldığını bildirib. Deyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Ordusunun qazandığı Qələbə bütün xalqımızın, xüsusən yaradıcı insanların əzmini, inam və gücünü daha da artırıb.
Elnur Əliyev qeyd edib ki, milli-mənəvi dəyərlərin təbliğatında, yetişən nəsillərin teatr sənətinə sevgi ruhunda formalaşmasında Kukla Teatrı təmsilçilərinin xüsusi rolu var. O deyib:
“Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, ümumiyyətlə, teatr aləmində vacib bir fenomendir. Çünki uşaqların zövqünü formalaşdıran, onlarda bu sahəyə maraq yaradan Kukla Teatrıdır.
Hazırda yaradıcı sənayenin aparıcı qolu olan teatr sənətinin, ümumilikdə incəsənətin televiziya və kompüter, telefon ekranları ilə rəqabətdə olduğu şəksizdir. Bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir. İnanırıq ki, Kukla Teatrı bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracaq, balaca tamaşaçılar üçün daim maraqlı məkan olacaq. Kukla Teatrının bütün kollektivinə möhkəm cansağlığı, yaradıcılıq sahəsində yeni nailiyyətlər arzulayıram”.
Sonra teatrın kollektivindən Rəhman Rəhmanov, Ülviyyə Əliyeva, Elmira Hüseynova və Sona Quliyeva Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırıb. O, Kukla Teatrının məhsuldar fəaliyyəti, zəhmətkeş kollektivi, zəngin repertuarı, yaratmış olduğu səhnə ənənələrindən söz açıb. Sonra teatrın yaradıcı heyətinin bir qrupuna ATXİ-nin fəxri fərmanları təqdim olunub.
Yubiley gecəsində teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edilib. Tamaşaarası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiyada nümayiş olunub. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri də nümayiş etdirilib.
Salyan, Gəncə və Qax Dövlət Kukla teatrlarının rəhbərləri də səhnəyə çıxaraq həmkarlarını təbrik ediblər. Dövlət Gənc Tamaşaçılar Teatrının yubileyə töhfə olan səhnəciyi də böyük maraqla qarşılanıb.
Tədbirin sonunda yubilyar kollektivlə görüşən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev onları bir daha təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsası 1931-ci ildə böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirli tərəfindən qoyulub. 1932-ci ildə kollektiv “Sirk” adlı tamaşa ilə səhnəyə çıxıb. Bu günədək 600-dən artıq tamaşa hazırlayan teatr daim rəngarəng və zəngin repertuarı ilə seçilir. Hazırda teatrın cari repertuarında 28 səhnə əsəri var. Teatrda Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzi yaradılıb və teatr qurumla sıx yaradıcılıq əlaqələri saxlayır.
Təbriklər, yubilyarlar!