Moskvada “Xəzər üzərində yelləncək” filminin premyerası olub

Moskvada "Xəzər üzərində yelləncək" filminin premyerası keçirilib. AzərTAC xəbər verir ki, rusiyalı yazıçı, ictimai xadim Mariya Suvorovskayanın kitabı əsasında çəkilmiş film ilk dəfə noyabrın 3-də Rusiyanın "İllüzion" kinoteatrında nümayiş olunub. Film Bakı kinoteatrlarında noyabrın 6-dan etibarən nümayiş etdiriləcək.

 

Tədbiri açıq elan edən Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev ekran əsərinin ərsəyə gəlməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Moskvadakı səfirliyinə və şəxsən səfir Polad Bülbüloğluna, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və humanitar proqramların rəhbəri Tamilla Əhmədovaya təşəkkürünü bildirib.

 

Müstəqil Dövlətlər Birliyi, Xaricdə yaşayan həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin ("Rossotrudniçestvo") rəhbərinin müavini Anatoli Şevtsov bu cür layihələrin ölkələr arasında dostluq münasibətlərinin inkişafı üçün əhəmiyyətini qeyd edib. "Bu cür ekran əsərləri xalqlarımızın yaxınlaşmasına imkan yaradır. Sevgi hekayəsi hər zaman insanların ruhuna toxunur. Bu cür filmlər nə qədər çox olarsa, əminəm ki, bir-birimizə daha yaxın olacağıq",- deyə o bildirib.

 

Rusiya Jurnalistlər İttifaqının katibi Natalya Çernışova qeyd edib ki, xalq diplomatiyasının təməlində həmişə insan amili, bu missiyaya səmimi münasibət bəsləyən insanlar dayanır: "İcazənizlə, böyük şair Nizaminin sözlərindən sitat gətirim: "Ürəkdən gələn söz ürəyə nüfuz edər". Düşünürəm ki, bu film bir çox insanın ürəyinə nüfuz edən məhz həmin sözdür”, – deyə o qeyd edib.

 

Filmin baş prodüseri Hüseyn Cavadzadə öz çıxışında vurğulayıb: "Mən "Xəzər üzərində yelləncək" kitabını ilk dəfə oxuyanda təkcə əsərin qəhrəmanları arasındakı səmimi sevgiyə deyil, həm də müəllif Mariya Suvorovskayanın Azərbaycana olan böyük sevgisinə inandım. Mariya Azərbaycan mədəniyyətini və tarixini böyük həvəslə təbliğ edir".

 

Filmin rejissoru Qulu Əsgərov tamaşaçılara filmə göstərdikləri marağa görə öz təşəkkürünü bildirib.

 

"Xəzər üzərində yelləncək" kitabının müəllifi və baş rolun ifaçısı Mariya Suvorovskaya Azərbaycanın Moskvadakı səfirliyinə, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinə, filmin ekranlaşdırılması ideyasının müəllifi Səadət Qarayevaya və filmin ərsəyə gəlməsi layihəsini dəstəkləyənlərin hər birinə öz minnətdarlığını bildirib: "Azərbaycana aşiq olduğum gün üçün Allaha minnətdaram. "Xəzər üzərində yelləncək" təkcə iki gəncin sevgi macərası deyil, həm də iki ölkənin dostluq hekayəsidir".

 

"Xəzər üzərində yelləncək" filmi haqqında

 

Film yalnız əsas personajların taleyini və həyat axtarışlarını deyil, həm də dövlətlər arasında çoxillik dostluğu və dialoqu təcəssüm etdirən melodramatik hekayətdir. Film Azərbaycana xas olan multikulturalizmi əks etdirir. Filmin mühüm məqsədlərindən biri Azərbaycanın Rusiya ilə əlaqəsini insanların taleyi, mədəniyyətlərin oxşarlığı və xalqları birləşdirən çoxillik ənənələr vasitəsilə nümayiş etdirməkdən ibarətdir. Filmdə Azərbaycanın turizm potensialı, çoxşaxəli gözəlliyi parlaq kadrlarla əks etdirilir.

 

Filmin quruluşçu rejissoru Qulu Əsgərov, baş prodüseri Hüseyn Cavadzadə, quruluşçu operatoru Rauf Qurbanəliyevdir. Baş rollarda Mariya Suvorovskaya, Emil Həsənzadə, Duyğu Dəvəli çəkiliblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.