“Aktyor üçün təhsil almaq, staj keçmək şərtdir…” - MÜSAHİBƏ Featured

Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”

 

 

“Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında bugünkü müsahibimiz Azərbaycan kino sənətinin tanınmış simalarından biri olan, yer aldığı filmlərdə yaratdığı obrazlarla yaddaşlarda qalan Xuraman Nicatdır.

 

 -Xuraman xanım, başlayaq ilk sualımızdan. Məncə, bir oxucu üçün ilk öncə  bu qədər filmlərdəki obrazları yaradan Xuraman Nicatı tanımaq daha maraqlı olardı. Xuraman Nicat kimdir?

 

- Mən - Əliyeva Xuraman Nicat qızı (Hər kəs Xuraman Nicat kimi tanıyır) 1978-ci ildə Kəlbəcər rayonunun Əsrik kəndində doğulmuşam.Diqqətinizə çatdırım ki, doğulduğum kənd ucqar bir dağ kəndidir. On dörd yaşıma kimi doğulduğum kənddə yaşamışam. Yəni, 8-ci sinfə kimi kənd orta məktəbində təhsil almışam. 1993-cü ildə mənfur düşmənlər torpaqlarımızı işğal edəndə mənim də taleyimə qaçqınlıq yazıldı. On dörd yaşlı bir qızcığazın acılarla dolu bir həyat hekayəsi başladı. Buna baxmayaraq  həyata tutunmağa çalışdım. Torpağımdan uzaq düşmək sarsıntısı yaşadığım günlərdə ailəmlə birlikdə Sumqayıt  şəhərinə yerləşəsi oldum. Orta təhsilimə Sumqayıt şəhər 4 nömrəli məktəbdə davam etdim. 1995-ci ildə həmin məktəbi bitirdim. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və Ìncəsənət Universitetinin Kino və Dram aktyoru fakültəsinə daxil oldum. 2001-ci ildə Universiteti yaxşı qiymətlərlə bitirib elə həmin il Ìrəvan Dövlət Dram teatrında işləməyə başladım. 2003-cü ilə kimi həmin teatrda işlədim, öncə aktrisa, rejissor asistanı kimi calışmışam. Təbii ki, aktrisalıq sənətinə də davam etmişəm. Bütün bunlarla yanaşı alman, rus, turk dillərinə də yiyələnmişəm.

 

-Peşənizi dəyişmək haqqında fikirləşmisiniz?

 

-Heç vaxt istəməmişdim, 6 il bundan  öncəyə kimi. Amma yenə də sənətimi çox sevirəm. Bu sənəti seçdiyim üçün peşman deyiləm. Nə qədər çətinlik çəksəm də, işsiz qalsam da... Bunun günahı mənim sənət seçməyimdə deyil. Bu gün sənətdə istedada çox da önəm verilmir... Nə isə, bu çox geniş mövzudur, danışdıqca bitməz. Burda mənə sadəcə susmaq düşür. Onu da diqqətinizə çatdırım ki, sənətimi dəyişmək fikrinə düşsəm də yenə də bu sahənin başqa bir qolunda olardım.

         

-Aktyor olmaq üçün xüsusi bir istedad lazımdır? Bu zaman aktyor hansı   qabiliyyətlərə malik olmalıdır?

 

-Aktyorluq sənəti qədim bir peşə sayılır. Aktyor olmaq, əlbəttə ki, xüsusi istedada malik olmaq deməkdir. Bu fitri bir istedaddır. Bunu hər insan bacara bilməz. Mən bir iynə vurmaği öyrənə bilərəm, amma məndən peşəkar həkim olmaz. Peşəkar bir həkim də bir insanın həyatını həmin insanın ruhu olaraq kamera önündə canlandıra bilməz. Yəni, biz hər sahənin insanı olub onu canlandıra bilərik. Bizim hansı qabiliyyətə sahib olduğumuz burdan bəlli olur. Bununla yanaşı, təhsil almaq, staj keçmək şərtdir. Sənə aktyorluq sənətini öyrədən əsas prinsipləri - səhnə mədəniyyəti, səhnə texnikası, səhnə diksiyası, səhnə plastikası və s... bu siyahını daha da çox uzatmaq olar - bunların hamısını bilməlisən. 

 

-Qabiliyyətli bir aktyorun təhsil alıb almamasının nə dərəcədə önəmi var?

 

 -Qabiliyyəti olan ancaq peşəkar aktyor ola bilər. İşinə dəyər verən biri mütləq o sahənin məktəbini oxumalı, sirlərini òyrənməlidir. Bu sənətin tavanı yoxdu. Bu sənət hər gün, hər an, hər dəqiqə nəsə öyrənir və öyrədir. Mütaliə də çox vacib faktorlardan biri sayılır. Aktyotluğun əsas məqsədi hər bir səhnə obrazına əsasən izləyicilərin içindəki duyğuları oyatmaqdır.

       

-Bildiyimiz kimi bir çox filmlərdə bir aktrisa kimi yer almısınız. Sizə uğur gətirən obraz hansı olmuşdur və bu uğur sizə nələri qazandırmışdır?

 

-Bir çox filmlərdə iştirak etmişəm. Hələ də film çəkilişlərimiz davam edir. “Pərvanələrin rəqsi”, “Ləkə”, “Həyat sən nə qəribəsən”, “Üzeyir ömrü”, “Ağabəyovlar”, ”Cavadxan”, “Ata ocağı”, “Sovqat”, “Sonuncu fəsil”, “İntizar”, “Uçurum” və başqa filmlərdə yer almışam. Ən çox “Bir arşın malçı əhvalatı” bədii-sənədli filmi mənim üçün çox önəmli və yadda qalan  filmdir. Çünki bu filmdə doğma qardaşım da iştirak edirdi. Filmdə bir bacı- qardaş kimi tərəf müqabili olmaq məndə  fərqli təəssürat yaradırdı. O, Vəli obrazında, mən isə Telli obrazında çıxış edirdim. Bir aktyor üçün isə bütün obrazlar uğurludur. İstənilən hər bir obraz maraqlı olur. Yaradıcı bir insan üçün isə yaratdığı  heç bir obrazın fərqi olmur.

 

 -Həyatın bütün sevinci yaradıcılıqdadır. Bəs sizin yaradıcılığınız sizin üçün hansı hisləri ifadə edir.

 

 -Xeyir, həyatın bütün sevinci yaradıcılıqda deyil. Yaradıcılıq insanın sevdiyi işlə məşğul olmasıdır. Əlbəttə ki, bu işdə insani düşüncələr, hərəkətlər, mimikalar, hislər bir-biri ilə vəhdət təşkil edir, yoxsa ortada bir yaradıcılıq olmaz. Bütün bunlarla yanaşı, bir səhnədə tamaşaçılar tərəfindən qazanılan rəğbət, təbii ki, uğura böyük imzadır. Bu da mənim yaradıcılığımın dərin, unudulmaz sevincidir.

 

-Duyğular -sənətdə, ağıl -elmdə özünü ifadə edir. Fikrinizcə bütün bu üstünlüklər sizin üçün nəyin təzahürüdür?

     

-İnsan duyğuları ən başlıca olaraq yaradılan hər bir obrazın sənət nümunəsidir. Ağil isə düşüncəyə əsaslansa da elmin inkişafı da məhz ağıla söykənir. Çünki ağılsız insan elmlə inkişaf edə bilməz. Bunun üçün də hər ikisi də bir-birinin məhsuludur. Yəni, elm ilk öncə ağılı tanımalıdır.

   

-Bir teleaparıcı kimi televiziya sahəsinə gələn insanlara öz fəaliyyətlərində hansı maarifləndirici tövsiyələr verə bilərsiniz?

 

-Çox gözəl bir sualdır... Düzdür, mən jurnalistikanı bitirməmişəm. Amma teleaparıcılığı da aktyorluq qədər çox sevmişəm və hər iki işimi də bərabər idarə etmişəm. Mən işlədiyim hər proje üçün əmək sərf etmişəm. Muğam verilişim olub. Muğamı bilmək üçün muğam dərsi almışam. 27 bölüm sənədli film çəkmişəm, montaj və rejissorluq öyrənmişəm. Təməli tibb olan və sənət adamlarının olduğu proje işləmişəm. Yaratdığım layıhələrdə aparıcı kimi peşəkarcasına çalışmışam və hər layihədə öyrəndiyim çox şey olub. Tədbir ssenarisi yazmağı, orqanizatorluğu, interyeri, geyimi, qrimi və .s çox şeyləri öyrənmişəm. Bu yolda da ilk qədəmlərini atan insanlara tövsiyəm o ola bilər ki, sənətin yolu potensial imkanların genişliyi və bu imkanlardan istifadə yolları, davamlı öyrənərək addımlamaq inkişafın ən böyük sisteminin formalaşmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.