“Ədəbiyyat və incəsənət” portalında mən - Əlibala Məhərrəmzadə hər dəfə “Ev tapşırığı. Uğur düstürünü tapmalı” kitabımdan maraqlı zənn etdiyim, diqqət cəlb edən hissələri oxucuların ixtiyarına verəcəyəm.. Bu dəfə “Uğur nədir” sualına cavab axtaracaq, dünya mütəfəkkirlərinin “uğur” barədə dedikləri aforizmlərlə tanış olacaqsınız.
«Uğur» anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə dədə-baba deyimi var, onu söyləyirik: «Uğurlar olsun!» Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız uğurumuzdur. Və bütün uğur qazanmaq düsturları eyni strategiya uzrə müəyyənləşir: arzu-məqsəd-planlaşdırma-hərəkət-nəticə.
«Uğur» ümumən hamı üçün eyni məna kəsb edirsə bu mənanı hərə öz subyektiv istəkləri ilə məzmuna gətirir. Kiminçunsə uğur vəzifə, nüfuz, ad-sandır, kiminçünsə hədsiz var-dövlətdir, kiminçünsə sevgi qovuşuğu, uğurlu ailədir, kiminçünsə yarış qalibiyyətidir.
Ümumən isə bütün dillərin lüğət tərkibində «uğur» sözünün mənası təxminən bu cür izah edilir: insan həyatında gözlənilməkdə olan, arzulanan bu və ya digər prosesin, hadisənin pozitiv notlarla yekunlaşması, məqsədə çatma! Və əksər dillərdə «uğur» sözü həm də «bəxtigətirmə» sözünün sinonimi kimi də işlənir. Bu zaman isə o, hər hansı təsadüfi, öncədən gözlənilmədən bir müvəffəqiyyətə nail olmanı nəzərdə tutur («Bəxtigətirmə»nin ən bariz nümunəsi lotereya uduşları hesab oluna bilər).
İndiyə qədər neçə-neçə yazıçı romanına, rejissor filminə «Uğur» adını qoyub (İtalyan kinorejissor Dino Rizi 1963-cü ildə, sovet kinorejissoru Konstantin Xudyakov 1984-cü ildə çəkdikləri filmlərə, alman yazıçısı Lion Feyxtvanger 1930-cu ildə yazdığı romana bu adı qoyublar).
Bir kəlmə ilə desək, bütün şüurlu həyatlarını uğur qazanmağa kökləyən insanlar, heç də təsadüfi deyil ki, özlərinə uğur simvolları, müxtəlif talismanlar da seçirlər. Məsələn, Qərbdəki bəzi ənənəvi uğur simvollarına nəzər yetirək: yonca bitkisi, parabüzən həşəratı, bacatəmizləyən... Xüsusən , «bacatəmizləyən» maraqlı seçimdir, deyilmi? Əgər insan çox vacib bir işinin ardınca yollananda «bacatəmizləyənlə» (peç borularını, kaminləri, qazanxanaları, ventilyasiya sistemlərini yoxlayan və təmizləyən mütəxəssislə) rastlaşarsa, demək, onun uğur qazanacağı təmin olunub. Hətta almanlar, avstriyalılar, polyaklar, danimarkalılar bacatəmizləyənin əksi həkk olunmuş əşyaları bir-birilərinə hədiyyə də edirlər.
Dördyarpaqlı yonca dünyada ən geniş yayılmış uğur simvoludur. İnanclara görə, kim bu bitki növü ilə rastlaşırsa, onu həyatda böyük uğurlar gözləyir. Gərək, bu yoncanın yarpağını qurudub həmişə üstündə gəzdirəsən. O, səni mənfiliklərdən, bəd nəzərlərdən qoruyacaq, yaxşı nə varsa hamısını maqnit kimi çəkib sənə doğru gətirəcək.
Siz təsəvvür edin ki, irlandlar dördyarpaqlı yoncanı (shamrock adlandırırlar) öz milli simvolları elan ediblər!
Parabüzən tapmaq da Qərb xalqlarında çox yaxşı əlamət hesab olunur, bu da, əsasən, miflərlə və ayinlərlə bağlıdır. Belə ki, miflərə görə, bu həşərat səmalarda yaşayır, yalnız istisna hallarda yerə enib Tanrının iradəsini yerdəkilərə çatdırır. Üstünə parabüzən qonmuş holland, yaxud parabüzənlə rastlaşmış çex qədər xoşbəxt adam görə bilərsinizmi? Fransızlar isə uşaqlarına parabüzənin rəsmi həkk edilmiş amulet verərək onların xata-baladan hifz olunacaqlarına inanırlar.
Təsadüfi deyil ki, ruslar bu həşərata Tanrı inəyi adı veribllər. İngilisdilli ölkələrdə o, Müqəddəs Məryəmə işarə ilə Lady adlandırılır, almanlar ona «Tanrı şamı», bolqarlar «Tanrının gözəli» deyirlər. Digər Avropa xalqları da ona «Mariya (Məryəm) böcəyi», «Müqəddəs Məryəm quşu», «Tanrı heyvanı» kimi adlar veriblər. Parabüzənin əksi olan talisman, xurafata görə, həmişə uğur gətirir. Xüsusən, kürəyində yeddi qara xal olan parabüzən əbədi uğur və xoşbəxtlik rəmzi sayılır.
Başqa bir populyar uğur simvolu nal hesab olunur. Özü də nal tək Qərbin yox, həm də Şərqin uğur simvoludur.
Uğur və xoşbəxtlik gətirən naldan söhbət gedirsə, onu satın almaq olmaz, onu mütləq yerdən tapmalısan. Özü də o, mütləq metal olmalıdır. Başqa bir şərt nalı ucluqları yuxarı, yaxud aşağı asmaq məsələsidir ki, buna da iki baxış var. Şərqdə, Latın Amerikasında və Avropada nalı ucluqları aşağı asmaq dəbdir, bu, uğurun və xoşbəxtliyin sənə doğru axması deməkdir. Əksinə, ingilislər və irlandlar isə nalı ucluqları yuxarı asırlar ki, uğur və xoşbəxtlik dağılmasın, axıb getməsin.
Çində uğur, bolluq rəmzi qızıl balıq hesab olunur. Çin ailələrində içində səkkiz qızılı rəngli (qırmızı da olar) və bir qara balıq olan akvariumlara gen-bol rast gələrsən.
Uzaq Şərqin başqa bir uğur simvolu ağzında qızıl sikkə saxlayan üçayaqlı qurbağadır. Bu simvolu var-dövlət simvolu da hesab edirlər. İnanca görə, bu varlıq bir vaxtlar şər qüvvələrə aid imiş, amma Budda onu ram edərək insanlara xidmətə məcbur edib və o, insanlar üçün ağzından qızıl sikkələr ifraz etməyə başlayıb.
Amerikalının ilk qazandığı pul əskinası uğur simvolu hesab olunduğundan həmin əskinas xərclənmədən saxlanılır. Yaponlarda bir ayağını qaldırmış Maneki-pekuo adlanqırdıqları pişik fiquru uğur rəmzidir. İtalyanlarda uğur rəmzi açardır.
Müxtəlif xalqlarda xrizantema çiçəyi, yarasa da uğur simvolu hesab olunur.
Geniş yayılmış uğur simvollarından başqa, uğur əlamətlərinə, ayinlərinə də rast gəlmək olar ki, müxtəlif xalqlarda bu əlamətlər müxtəlifdir.
Biz azərbaycanlıların da çox maraqlı, özünəməxsus uğur əlamətləri var. Hər hansı bir işin dalınca gedərkən rastına ilk çıxan adamı sınayırsan, işin uğurlu alınırsa, həmin adamı «ayağı yüngül» adlandırır və növbəti dəfələrdə o rastına çıxarkən işinin uğurla nəticələnəcəyinə bir arxayınçılıq hiss edirsən. Bundan başqa, bizlərdə hər hansı bir işin dalınca gedəndə rastına əlində içi dolu qab, zənbil tutmuş adam çıxarsa, bu da uğura işarə hesab olunur.
Bizdə Uğur həm də insan adıdır. Xüsusən indi, XXI əsrin ilk yüzilliyinin əvvəllərində valideynlər böyük ümidlərlə oğlan uşaqlarının adlarını Uğur qoyurlar.
Uğurun gətirdiyi sevinc və xoşbəxtliyin müqabilində, təbii ki, onun antonimi olan uğursuzluq da məyusluq, kədər gətirir.
Kimsə işşizliyinə, kimsə cavabsız sevgisinə, kimsə maddi ehtiyacına, kimsə xəstəliyinə görə özünü uğursuz hesab edir (Təbii ki, uğursuzluq barədə də ayrıca danışacağıq).
Hətta bəzən uğur anlayışı ifrat dərəcəyədək bəsit forma da ala bilir. Mən hər gün məhəllədə bekarçılıqdan oynadığı domino oyununda qazandığı qalibiyyətlərə görə özünü ən uğurlu adam adlandıran məzmunsuz biveci də tanıyıram, hələ dünyaya gəlməyən nəvə-nəticəsinə aldığı mülkləri tam təmir edərək içlərini əşyalarla doldurmaq «uğuruna» imza atmasını bayram edən nadürüst harını da.
Amma bizim mövzu obyektimiz şişirdilmiş, təhrif olunmuş «uğur» deyil, mütləq anlamda tanıyıb dərk etdiyimiz adi, statistik «uğur»dur. O uğur ki, hamımız varlı, yaxud kasıb, kişi, yaxud qadın, yaşlı yoxsa cavan, savadlı, yoxsa savadsız olmağımızdan asılı olmayaraq ona doğru yürüyürük.
Bəs bu uğuru necə qazanmalı? Ona doğru ən kəsə və ən dürüst yolu necə tapmalı?
Kitabımız boyunca bu suala cavab axtarmağa çalışacağıq, əlbəttə ki.
Və bir də mütləq nəyi vurğulamaq istəyirəm?
Xaraktercə ətalətli adam deyiləm, həm elm adamı, həm biznesmen, həm auditor kimi həddən artıq gərgin iş qrafikim var. Bir yandan, ictimai xadim kimi də fəalam, ən müxtəlif, elmi, sosial, mədəni, media tədbirlərinə dəvət alır, hamısında iştirak etməyə çalışıram. Xeyriyyəçilik işləri də mənim həyatımda ayrılmaz yer tutur. Bəzən onlarca insanın bu və ya digər probleminə yardım etmək zorunda qalıram. Təbii ki, söhbət həm maddi yardımdan, həm də hüquqi, mənəvi yardımdan gedir. Mən gördüyüm işlər üçün heç vaxt mükafat, «çox sağ ol» gözləmirəm, bu, öz yerində. Demək istədiyim odur ki, yaxşı mütaliəm, keçdiyim zəngin və çoxşaxəli fəaliyyət yolum, həmişə aqil və ağsaqqal insanlardan nəsə öyrənmək istəyim məndə insanları motivasiya etmək bacarığı və vərdişləri yaradıb ki, bu vərdişlər get-gedə daha da təkmilləşir, daha effektiv olur. İllərdir ki, biliklərimi kitab halına gətirmək istəyim də buradan qaynaqlanıb.
42 ildə ən müxtəlif sahələrdə qazandığım nailiyyətlər mənim həm də uğurlu bir insan olmağıma dəlalət edir. Demək, öz uğur formulamı paylaşmaq, həyatın bu və ya digər mərhələlərində çətinliklərlə üzləşən, uğur tapmaqda, necə deyərlər, oxu daşa dəyən gənclərə nələrisə tövsiyə etmək, «nə edin» və «nə etməyin» söyləmək haqqına da malikəm. Bu, isə kitab yazmaq qərarımın digər bir tərəfidir.
Hələlik isə öz uğur formulumun qısaca olaraq məğzini söyləmək istəyirəm. Bunu, haradasa, mənim əsərimin rezyümesi də hesab etmək olar: usanmadan işləmək, qarşına məqsədlər qoymaq və yerinə yetirmək. Uğur – özlüyündə bir materialist anlayışdır. Zəhmətkeşliyinlə, məqsədyönlülüyünlə, biliyinlə, ətrafına yığdığın insanları motivə etmək bacarığınla yalnız və yalnız hədəfə doğru irəliləməlisən!
Uğur barədə söylənilən dəyərli fikirlər
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, kitabın başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.
Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər. Ç.Marden
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. J.Kopp
Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir. M.Qandi
Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan. J.Labrüer
İrəli getmək gözləməkdən yaxşıdır. M.K.Atatürk
İrəlini görməyən yerində sayır. R.Beyker
Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır. Budda
«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir. A.Düma
Uğur sağlam düşüncəli insanları sevir. Evripid
Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir. U.Feder
Uğurun nələrin bahasına başa gəldiyini düşünəndə ona qarşı bir həqarət duyuram. Q.Flober
İnsanlar uğursuzluqla qarşılaşmaq qorxusundan təslim olmağı üstün tuturlar. H.Ford
Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək. K.Gebbel
İynəni tikməyi bacaran adama verirlər. A.Hoffman
Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma! C.Rumi
Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur. Xaq
Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır. A.Kamyu
Qələbənin ilkin şərti cəsarətdir. A.Kembell
Yalnız həyatın sirlərini bilən insanlar uğur qazana bilər. C.Kollenz
Kamalındır dövlətin, kamalına arxalan. N.Gəncəvi
Uğur qazanıb yolunu azmayan adam, başqa uğurlar da qazanar. H.Laski
Babanın kim olması deyil, onun nəslinin necə olması əhəmiyyətlidir. A.Linkoln
Uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, xoşbəxt olmaq üçün heç bir səy göstərmirik. Lukian
Viktor Hüqodan: «Uğur qazanmaq üçün əhəmiyyətli olan nədir: pul, iş ya ağıl?», - deyə soruşduqda, o demişdir: «Təsəvvür edin ki, üçtəkərli maşınınız var. Sizcə, təkərlərdən hansı daha əhəmiyyətlidir?» Naməlum
Uğur istedad, zəhmət və bəxtin birliyindən yaranır. Naməlum
Uğur qazanmaq üçün böyük səbr tələb olunur. Napoleon
Uğur və sevgi cəsurların tərəfindədir. P.Ovidi
Uğur başda əks-səda verir, uğursuzluq ürəkdə. L.Piter
Hər bir insan öz uğurunun memarıdır. Q.Sallyusti
Təbiətə qalib gəlmək üçün əvvəlcə ona itaət etmək lazımdır. M.Sksiro
Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan. Y.Simonis
İnsan həyatına müdriklik deyil, uğurlar yön verir. Siseron
Kiçik uğurlarınızla qürrələnməyin. Sokrat
Layiq olmadan qazanılan uğurlar narahatlıq doğurur. H.Spenser
Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar. C.Teylor
Rahat yaşamaq və uğur qazanmaq üçün səy göstərmək lazımdır. A.Tomas
İnsan uğur qazana bilməsə də, əgər o, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin. C.Vaşinqton
Kürək çəkməyi bacarana qayıqda həmişə yer tapılar. Afrika xalqları atalar sözü
Uğur qazanmaq üçün bir az da laqeyd olmaq lazımdır. Alman atalar sözü
Səndən hərəkət, məndən bərəkət. Azərbaycan atalar sözü
Uğurun yol yoldaşı nizam-intizamdır. Çin atalar sözü
Qələbə günü yorğunluq hiss olunmaz. Fars atalar sözü
Uğuru həzm edə bilmək uğursuzluğun başlanğıcıdır. İtalyan atalar sözü
İnsan heç vaxt uğurdan doymaz. Yunan atalar sözü
Məqsədə yaxınlaşmaq hələ onu əldə etmək demək deyil, çünki məqsədə bir addım qalmış, heç cür adlaya bilməyəcəyin uçuruma rast gələ bilərsən. L.Blanki
Məqsədi böyük olan iş böyük sayıla bilər. A.Çexov
Həyatda başlıca məqsəd xoşbəxtlik olmalıdır, əks halda, qəlbinizin atəşi kifayət qədər gur yanmayacaq, hərəkətverici qüvvə lazımınca güclü olmayacaq və nəticədə siz öz məqsədinizə tam nail ola bilməyəcəksiniz. T.Drayzer
Məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görə bilmirsən. D.Didro.
Məqsədlərimizi gerçəkliyi nəzərə alaraq müəyyənləşdirməliyik. R.Emerson
Hər cür çətinlik qüvvəni artırır. C.Ferrari
İnsan öz qüvvəsinə inandığı vaxt istəyinə nail olur. L.Feyerbax
Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. E.Heminquey
Əldə edilməsi mümkün olmayan ali məqsədlər bizə əldə edə biləcəyimiz kiçik məqsədlərdən daha əzizdir. İ.Höte
Tərəqqi məqsəd, ideal isə nümunədir. V.Hüqo
Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər. V.İrvinq
Adam evdən çıxanda nə edəcəyi barədə fikirləşməli, evə gələndə isə nə etdiyi haqqında düşünməlidir. Kleovul
Uzaqgörən adam hər bir istəyi üçün dəqiq yer ayırmalı və sonra bunları ardıcıl surətdə həyata keçirməyə başlamalıdır. Bizim tamahkarlığımız çox vaxt bu ardıcıllığı pozur və eyni vaxtda bir neçə məqsəd güdməyə sövq edir, nəticədə biz əsas məqsədi nəzərdən qaçırırıq. F.Laroşfuko
Hətta ən astagəl adam da məqsədinin aydınlığını göz önündə saxlayırsa, onun işi məqsədsiz dolaşan adamlardan daha irəli gedir. K.Lessinq
İstədiyini əldə etmək və ondan lazım olduğu kimi bəhrələnmək ağıllı insanın başlıca hədəfidir. H.Makkey
Qarşınızda konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz. M.Monten
İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir. A.Morua
Hədəfi vurmaq üçün sərrastlıq deyil, cəsarət tələb olunur. Ş.Monteskyö
İdeal öz şəxsi «MƏN»ini həyata keçirmək deməkdir. C.Mur
İnsan bütün qüvvəsini hərəkətə gətirmək üçün özündən irəlidə onu ilhama gətirə biləcək hansısa nəcib məqsədi qoymalıdır. J.Renan
Məqsədsiz həyat taleyə boyun əyməkdir. N.Saymon
İdeal – yol göstərən ulduzdur. Onsuz dəqiq istiqamət yoxdur, istiqamət olmayanda isə həyat yoxdur. L.Tolstoy
İnsanın məqsədləri böyüdükcə, özü də böyüyür. F.Şiller
Məqsədsiz və iradəsiz adam sükanı və kompası olmayan gəmiyə bənzəyir: küləyin səmti dəyişdikcə, onun da istiqaməti dəyişir. S.Smayls
https://edebiyyatveincesenet.az/ru/gundem/item/82-uzhhur-naedir-uzhhur-simvollar-hans-lard-r#sigProGalleria0b3b67ff53