Ölkədə qarlı-şaxtalı hava şəraiti hökmranlıq edir. Xüsusən ölkəmizin şimal-qərb hissəsində şaxta daha güclüdür, qar örtüyü daha qalındır. O cümlədən də Şəkidə. Amma heç bir soyuq hava Ana dili ilə bağlı tədbir keçirməyə mane olmadı.
21 fevral tarixində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirib.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul şəxsləri, şəhid ailələri, mədəniyyət, təhsil işçiləri, müəllimlər, şagirdlər iştirak edib.
Şəki şəhər Səməd Vurğun adına Folklor evində təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən bəhs edərək, hər bir xalqın ana dilinin onun milli sərvəti və kimliyinin göstəricisi olduğunu söyləyiblər.
Qeyd olunub ki, tarix boyu xalqların və millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapmışdır. Dilimizin qorunması və gələcək nəsillərə miras olaraq ötürülməsinin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran natiqlər, həmçinin nitqimizdə və yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini vurğulayıblar.
Sonda Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(22.02.2025)