Lənkəranda “Ölüm sevinməsin qoy” deyildi Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

15 fevral 2025-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində Azərbaycanın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 115 illiyi münasibətilə "Ölüm sevinməsin qoy.." adlı tədbir keçirildi. 

 

Tədbir barədə daha dolğun məlumat almaq üçün AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərliyə müraciət etdik.

Qafar Cəfərli bildirdi ki, tədbiri giriş sözü ilə o özü açıb. O, görkəmli sərkərdənin yubiley tədbirinə yığışan bütün iştirakçıları salamlayıb, İkinci Dünya müharibəsində sovet xalqının faşizm üzərində qələbə qazanmasında azərbaycanlıların göstərdiyi şücaətdən danışıb. Bu şanlı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-mayor yüksək hərbi rütbəyə və Sovetlər dövrünün ən yüksək mükafatı olan Sovet İttifaqı Qəhrəmanı adına iki dəfə layiq görülən Həzi Aslanovun xidmətlərindən söz açıb. Qafar Cəfərli hərbi sərkərdə olaraq Həzi Aslanovun ədəbiyyatımızda ən çox tərənnüm olunan ədəbi qəhrəman kimi xalqımız tərəfindən çox sevildiyini xüsusilə vurğulayıb. Bu səbəbdən AYB Lənkəran Bölməsi olaraq bu tədbirin keçirilməsini həm də mənəvi borc olaraq qəbul etdiyini, görkəmli sərkərdənin əziz xatirəsinin anılmasının insanlarımızın, xüsusən gənclərimizin hərbi vətənpərvərlik ruhunun formalaşmasında önəmli rol  oynadığını bildirub. 

Sonra Q.Cəfərli sözü tədbir iştirakçılarına verib. Həzi Aslanovun Ev Muzeyinin direktoru Həcər Nəsirova generalın həyat yolundan, muzeyin fəaliyyətindən, qəhrəmanla bağlı görülən işlərdən danışıb. Lənkəran Dövlət Tarix Diyarşünaslıq Muzeyinin direktoru, LDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova məruzəsi ilə qəhrəmanın keçdiyi həyat və döyüş yoluna işıq salıb. AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavad məşhur sərkərdə haqqında rus və Azərbaycan ədəbiyyatında yazılmış bədii, tarixi və publisistik əsərlər, filmlər barədə məlumat verib. Azərbaycan ədəbiyyatında H. Aslanov obrazını yaradan yazıçı və şairlərlə yanaşı yerli yazarlardan Məmmədhüseyn Əliyevin, Mirhaşım Talışlının, Şəkər Aslanın, Mütəllim Abdulovun, Qüdrət Cəfərovun, Səyavuş Süleymanlının, Xudaverdi Cavadın və başqalarının əsərlərindən söz açıb. 

Tədbirdə çıxış edən yazıçı Səyavuş Süleymanlı H.Aslanova həsr etdiyi "Tale yolu" romanı, "Qətl" pyesi və "Xəbis niyyətlər" hekayəsi haqqında danışıb. Şair-publisist Xudaverdi Cavad "Generalla söhbət" poemasının yer aldığı eyni adlı kitab barədə iştirakçılara məlumat verib, poemadan parçalar oxuyub. Yazıçı-publisist Şəfahət Şəfi "Müharibənin taleyini dəyişən sərkərdə" adlı pyes yazdığını qeyd edib.

Tədqiqatçı-tarixçi İldırım Şükürzadə öz çıxışında Həzi Aslanovun adının əbədiləşdirilməsi tarixindən, Lənkəranda ona qoyulmuş abidələrin, onun adını daşıyan müəssisə və təşkilatların tarixindən söz açlb.

Yazarlardan Hafiz Mirzə, Bəxtiyar Hüseynov, Əlizadə Əsədov və Kamil Duyğun Lənkəranın mədəniyyət və idman sahəsində Həzi Aslanova həsr etdikləri mədəni-kütləvi tədbirlərdən, adına təyin olunan mükafatlardan, idman turnirlərindən danışıb, bu tədbir və yarışların bir ənənə halını aldığını söyləyiblər

Şairlərdən Salman Məmmədoğlu, Nəriman Azəri və Əfsanə Soltan qəhrəmana həsr etdikləri şeirlərini oxuyublar

Tədbirdə iştirak edən gənc qiraətçilərdən Lənkəran şəhər 4 saylı tam orta məktəbin şagirdi Zəhra Əliyeva və 5 saylı tam orta məktəbin şagirdi Nazxanım Rzayeva H. Aslanova həsr olunan şeirlər ifa ediblər. 

Tədbirin sonunda Qafar Cəfərli çıxış edərək ruhu yad edilən görkəmli sərkərdənin yubiley tədbirin iştirakçılarına təşəkkür edərək böyük şairimiz S.Vurğunun obrazlı ifadəsi ilə deyilsə, “Ölüm  sevinməsin ki, qəhrəmanı əlimizdən aldı”, onun  adının daima yaşayayacağına, əziz xatirəsi həmişə xalqımız tərəfindən əziz tutulacağına, dünya və ölkə hərb tarixində əbədiyaşar bir sərkərdə olaraq ən uca yerdə qalacağına əmin olduğunu bildirib.

Tədbir xatirə şəkilləri çəkilməklə başa çatıb.

Beləcə, daim fəal olan AYB Lənkəran bölməsinin növbəti tədbiri də major notlarla başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.