Şəhid Aslan Rzayevin cənnətdəki doğum gününə həsr edilmiş tədbir
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
C. Cabbarlı adına 187 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində adının mənasını dərk edərək adına layiq olan, cəsur, qorxmaz, rəşadətli şəhid Aslan Rzayevin mövlud günü münasibətilə "Bir Ulduz Yandıqca" adlı tədbir keçirilib.
Tədbiri təşkil edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Babayeva idi.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra isə bütün tədbirlərimizdə olduğu kimi şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər.
Bu məktəbin məzunu, hazırda BDU-nun Jurnalistika fakültəsinin tələbəsi,BDU könüllüləri jurnalistika fakültəsinin idarə heyətinin üzvü, "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı olan bəndəniz - Nigar Həsənzadə də tədbirdə "Qəhrəmanımızı Tanıyaq " başlıqlı çıxışını təqdim etdi.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (Asəf Zeynallı adına musiqi məktəbi) tələbəsi Bəşirzadə Yaşar da bu tədbirdə kamançada ifası ilə çıxış etdi.
Tədbirin hazırlanması və təqdimatında məktəbin iştirak edən şagirdlərini təqdim edim:
Fatimə Abdullayeva (aparıcı)
Nihad Quliyev (çıxış)
Məmmədova Xumar (səhnəcik – şəhidin həyat yoldaşı rolu)
Soltanlı Fatimə (şeir)
Aslanova Zəhra (şeir)
Sadıqova Zəhra (ifa)
Babazadə Rüfət (kompozisiyada rol)
Rüstəmov Eltun (şeir)
Ramal Səmədov (səhnəcik – şəhid rolu)
Kənan Məmmədov (şeir)
Tədbirin gedişatında məktəbin 2A sinfinin "Sülh" və 6A sinfinin "Zəfər" mövzusuna aid rəqs kompozisiyası təqdim edildi.
Sadıqova Zəhranın Özlem Üngörün "Şəhidim, Rahat Uyu" mahnısını canlı ifası tədbirin gedişatında öz möhtəşəm təsirini göstərdi.
Daha sonra isə şəhid Aslanın müəllimləri Gülnarə Məmmədova və Zülfiyyə Quliyeva onun haqqında xatirələrini bölüşdü.
Həmçinin qazilər, şəhidimizin döyüş yoldaşları, məktəb və universitet yoldaşları da tədbirdə iştirak etdilər, çıxış etdilər.
Şəhidin valideynləri Süleyman Rzayev və Hafizə Rzayeva da qəhrəman oğulları haqqında qürurla fikirlərini bildirdilər.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova da çıxışında Aslanın qəhrəmanlığından fəxrlə danışdı, valideynlərinə səbir arzuladı.
Daha sonra isə söz şəhid ailələrinə daim dəstək olan Vəfa Rzayevaya verildi.
Şeirlər, səhnəciklər isə tədbirə xüsusi rəng qatdı.
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)