Ölkəmizdə və xaricdə yüzlərlə tədbiri keçirilən, bir çox layihələrlə əlamətdar olan böyük mədəniyyət bayramının – “Nizami Gəncəvi İli”nin artıq son akkordlarıdır. İlin daha bir maraqlı tədbiri dekabrın 16-da paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki Mədəniyyət Mərkəzi–Eko Parkda gerçəkləşib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Zirə Mədəniyyət Mərkəzi–Eko Park, “Azərenerji” ASC və “Kapitalbank”ın birgə layihəsi olan “Nizami Gəncəvi mədəni irsi: XXI əsr” mövzusunda simpoziumun yekun tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın qalereya hissəsində Nizami Gəncəvinin “Xəmsə”si motivləri əsasında hazırlanmış əl işlərindən ibarət sərgiyə baxıblar.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi tədbiri açıq elan edərək qonaqları salamlayıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın böyük mütəfəkkirlərin irsinə diqqət həm də mədəni irsimizin yaşadılmasına xidmət edir. Ölkəmizdə "Nəsimi ili", daha sonra “Nizami ili"nin elan edilməsi bu dahilərin yaradıcılığının və Azərbaycan mədəniyyətinin nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə təbliğinə böyük töhfə olub.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, milli-mənəvi dəyərlərimizin qədim kökü var. Onlardan biri də Nizami Gəncəvidir: “Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Ona görə ki, əsərlərində ən yüksək dəyərlərə inam var. Vətənə məhəbbət, ailə institutu, xeyir əməllər – bütün bunların hamısı Nizami yaradıcılığında öz əksini tapıb. Bugünkü tədbir Nizaminin zəngin irsini gələcək nəsillərə ötürmək baxımından əhəmiyyətlidir. 2021-ci ili “Nizami ili” elan etdiyinə görə cənab Prezidentə minnətdarıq. Əlamətdar il çərçivəsində müxtəlif ölkələrdə keçirilən müxtəlif tədbirlərlə bir daha Azərbaycan mədəniyyətini və mədəni dəyərlərimizi dünyaya təbliğ etmiş olduq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Nizami Gəncəvini Azərbaycan fəlsəfi fikrinin böyük elçisi kimi səciyyələndirib: “Biz Nizami ideyalarını uşaq və gənclərimizə ötürməliyik. Nizami böyük dəyərdir və onun ideyaları hər zaman aktualdır. Bu gün dünyada onun əsərlərindəki qadın azadlığı, xeyirxahlıq kimi dəyərlərə ehtiyac var”.
Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri, şair Arif Buzovnalı Nizaminin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. Qeyd edib ki, əbədiyaşar ideyalar müəllifi olan Nizaminin hər bir əsəri yenidən araşdırılmalıdır.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev növbəti Nizami bayramına toplaşanları səmimi salamlayıb. Bildirib ki, dünya neçə əsrdir Nizamini oxuyur, dərk edir, öyrənir.
Nizami Gəncəvinin əcnəbi tədqiqatçıları şairin irsi ilə tanış olduqca Azərbaycan mütəfəkkirinin dahiliyini, insan ruhuna necə böyük təsir etdiyini vurğulayırlar. Nizami ideyaları ona görə dünya tərəfindən qəbul olunur ki, o, ideal cəmiyyət, humanizm, sülh, bərabərlik kimi bəşəriyyəti bu gün də məşğul edən aktual məsələlərdən yazırdı: “Əcnəbi elm adamları Nizamini araşdırdıqca Azərbaycan mədəniyyətinə də baxışları dəyişir. Çünki Nizami Azərbaycan mədəniyyətinin ən layiqli təmsilçisidir. Azərbaycandakı dünyaya örnək multikultural, tolerant mühitin bir qaynağı da Nizami kimi mütəfəkkirlərimizin ideallarından gəlir. Nizami nə qədər bəşəri olsa da, öz kökü ilə fəxr edirdi”.
Milli Məclisin deputatı Soltan Məmmədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti və ədəbiyyatının qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıb.
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, millət vəkili, akademik Rafael Hüseynov Nizami Gəncəvini Azərbaycanın rəmzi adlandırıb. Qeyd edib ki, Nizami ideoloji qüvvədir. Nizami Azərbaycanı güclü göstərən amildir: “2021-ci ilin “Nizami ili” elan edilməsi, ölkəmizin siyasi hədəfidir. 8 əsr boyunca Nizamiyə yüzlərlə cavab yazılıb, o həm Şərqə, həm də Qərbə işıq ötürən mayak olub. Onun irsinin təbliği davamlı olmalı, bu ənənə davam etdirilməlidir. Bu gün biz Nizamini müasirimiz kimi anırıq. “Yüz il sonra sorsanız hardadır o, Hər beyti səslənər burda, burdadır”. Bu fikir bu gün də öz gücünü saxlayır. Əgər Nizaminin sözü dünyanın dörd bir yanında bu gün yaşayırsa, demək o daim yaşayır”.
Çıxışlardan sonra qonaqlar mərkəzin Xalça muzeyi ilə tanış olublar. Burada Nizaminin qəzəlləri üstdə xanəndə, Əməkdar artist Babək Niftəliyevin ifasında səslənən muğamlar tədbirə rəng qatıb.
Daha sonra simpozium çərçivəsində elan olunan üç istiqamət üzrə əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Rəngkarlıq üzrə Əminə Rəcəbəliyeva I, Reyhan Aslanova II, Fəxri Abbasov III yerə layiq görülüblər. Onlara diplom və hədiyyələr təqdim olunub.
Dekorativ-tətbiqi sənət üzrə isə İsgəndər Məmmədov I, Səbinə İsmayılova II, Aytac Atakişiyeva III yer tutublar. Heykəltəraşlıq üzrə qrup işinə görə mükafat isə 6 iştirakçı arasında bölünüb.
Mükafatlandırmadan sonra konsert proqramı təqdim olunu . Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqment, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Fikrət Əmirovun “Nizami” baletindən fraqment, teatrının solisti, Əməkdar artist Fərid Əliyevin ifasında “Sənsiz” romansı səsləndirilib. Azərbaycan Dövlət Rəqs Ansamblı isə “Cəngavərlərin döyüş rəqsi”ni təqdim edib.
Bədii hissə Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımovanın ifaları və qiraətçi Nadir Hüseynovun çıxışı ilə sona çatıb.
Beləcə, Nizami bayramına yekun vurulub.
Zirə qəsəbəsində möhtəşəm Nizami Gəncəvi simpoziumunun yekun tədbiri keçirilib Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/gundem/item/1339-zirae-zhaesaebaesindae-moehtaeshaem-nizami-zhaendzaevi-simpoziumunun-yekun-taedbiri-kedzhirilib#sigProGalleria4507595026
https://edebiyyatveincesenet.az/ru/gundem/item/1339-zirae-zhaesaebaesindae-moehtaeshaem-nizami-zhaendzaevi-simpoziumunun-yekun-taedbiri-kedzhirilib#sigProGalleria4507595026