Könül, “Ədəbiyyat və incəsənət”
Bərbad görkəmi, sıfır infrastrukturu və sıfır xidməti ilə duqqət çəkən ölkə otelləri var ki, üzərikərində 5 olmasa da, ən azından 4 ulduz gəzdirirlər.
Bu, həqiqətən də rüsvayçılıqdır. Ölkəmizə gələn turistlərdə ikrah doğuran bir mənzərədir.
Bəs bu özbaşınalıq nədən qaynaqlanır? Deyirlər ki, vaxtı ilə ağına-bozuna baxmadan bu ulduzlar təmənna münasibəti ilə paylanıbdır.
Yaxşı ki, barı indi cavabdeh qurumlar hərəkətə keçiblər.
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində regionlardakı otel və hostinqlərin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, bu haqda razılıq hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib. (Təqdim edilən fotoda məhz elə bu razılaşma görüşü kadra alınıb- red.)
İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşmə müəssisəsi üzrə keçiriləcək.
Bildiyiniz kimi, məhz bura paytaxtdan sonra ölkənin ən qonaq-qaralı yeridir.
Aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqları qeyd olunub.
“Reklam haqqında” qanunda da qeyd olunduğu kimi, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
Bizim işbazlar isə bunu utanmadan edirlər.
Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb. Bu, özündə bərbad məkanın təmtəraqlı küçə reklamlarının - boldinqlərin yığışdırılmasını ehtiva edir.
Qeyd edək ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün bundan sonra “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.
Bu isə öz yerində olmayanların süqutu deməkdir.
“Ədəbiyyat və incəsənət”
(15.02.2025)