GƏNC ŞAİR EL ROMANDAN POEZİYA BUKETİ
Poeziya bir halda sənin qəlbinə hüzn və rahatlıq gətirmədisə, digər halda səni hiss və həyəcan burulğanına salmadısa, demək o, poeziya deyil.
“Ədəbiyyat və incəsənət” portalı gənc və həddən artıq istedadlı şair Elroman Əlizadənin ən yeni şeirlərini və özünütəqdimini oxucularının ixtiyarına verir.
Mən, El Roman
-Nə vaxt doğulmuşam mən?
-Bundan 20 il öncə...
-Nə vaxt şeir yazıram?
-Hərdən...
İlham gəlincə...
-Nəyə şeir yazıram?
-Özüm yerdə yaşayıb,
göyə şeir yazıram...
-Niyə şeir yazıram?
-Məni həyatda tutur deyə şeir yazıram...
-Şeirdən, ya da sözdən razıyammı keçməyə?
-Şeiri dəyişmərəm
o dünyada cənnətə,
bu dünyada heç nəyə...
-Sözümün gücüdürmü düşmənimin qorxusu?
-Təki, sinəmdəkini
düşmənim də oxusun...
-Şair, ruhun necədir?
-Həm kobuddur, həm incə...
-Nə vaxt şeir yazıram?
-Hərdən.
İlham gəlincə...
“Adam bilmir”
Zaman daha insafsızdı,
Zaman ölüm-itim bilmir.
Evinizi, qapınızı
Küçənizin iti bilmir.
Hardan bilsin yetim, bilmir.
Göyün yeddi qatı var? Var!
Göyləri məskən bilirsən.
Ölümün saatı var? Var!
Mən bilirəm, sən bilirsən,
Əzrayıl saatı bilmir.
Daha mən də qocalmışam.
Daha atam da qocalıb,
Siqareti ata bilmir.
Daha anam da qocalıb
Corabımın tayı itir,
Ha axtarır, tapa bilmir.
Səndən sonra təkliyimi,
Mənim nələr çəkdiyimi
Sən bilirsən, Allah bilir,
anam bilir, atam bilmir...
Külək əsir həzin-həzin,
Qulağımda sənin səsin.
Neyləsin, qızım, neyləsin,
Adam bilmir, adam bilmir...
“Altıncı hiss”
Bağışlama gedəni,
çünki ən böyük haqqı
nahaqla dəyişmisən.
Səni kitab edəni
sənə xitab edənə
nə haqla dəyişmisən?
Təkliyə öyrəşmirəm,
təsəlli verirəm ki,
yar atmış ola bilməz.
Sən ayrısan, mən ayrı,
ikimizi bir Tanrı
yaratmış ola bilməz.
Sən ki gündüz getmisən,
məcburam ki, gündüzə
gecə deyim, əzizim.
Səni alana baxıb
“səni verənə şükür"
necə deyim, əzizim?
Bu sevda nə sevdadır,
əvəzimə kor olub
məni yenə görməzlər.
Saçın ucun da hörsəm,
gülü sulu da dərsəm,
səni mənə verməzlər.
Altıncı hissim susub,
saat beşdə gedən qız,
dörd fəsildir itmisən.
Üç illik məhəbbəti
iki gündə unudub
bir dəfəlik getmisən...
“Sənsizliyin baş hərfi”
Körpülərin yıxıldı,
sən onu səhvlərindən
keçə-keçə unutdun.
Dünən ayaqlarına
qaça-qaça sevirdin,
içə-içə unutdun.
O da səni unutdu,
gedənlər ayrılığın
adını qismət qoyar.
Həyatdı da, gün gələr,
xətrinə can qoyduğun
ətrinə həsrət qoyar.
Elə gözəl gedər ki,
göydən düşən hər ulduz
gedəninə bənzəyər.
"Sənsizliyin" baş hərfi
yataqda tək qıvrılan
bədəninə bənzəyər.
Sənsiz nə edə bildi,
gözlərinin yaşını
qurutdu, qurutmadı?
Daha sevməkdən keçib,
ləçəkləri qopar, de:
"unutdu, unutmadı..."
Ya da bəlkə, hələ də
səni unuda bilmir
unutduğun həmin qız.
Kitabın arasında
çiçəyin əvəzinə
qurutduğun həmin qız.
“O qədər uzağıq ki”
Nəfəs alıb dərindən
ötüb keçən ayıma,
ilimə inanmışam.
Göz-qaşını görəndən
qaşla göz arasında
ölümə inanmışam.
Gözlərimi zilləyib
baxırdım uzaqlara,
sənsə getdin yağışla.
Sən yağışı sevirsən,
güvəndiyim dağlara
qar yağarsa bağışla...
Canına od qoyduğun
yoxluğunda Tanrını
Gözüylə zikr eylədi.
Tanrı səni yaradıb
əlini göyə açdı,
Özünə şükr eylədi.
Gecə-gündüz demədən
gözlədim ki, gələsən,
gəlməmisən hələ sən.
Tələyə düşmək arzum,
çünki mənə tələsən,
mənəm sənə tələsən.
Ümidimə qar yağa,
qardan həyat düzəldim,
dizi keçincə qayıt.
Sol qolumu dişləyib
sənə saat düzəldim,
izi keçincə qayıt.
Gülümsəmir birinə
sən gedəli gözlərim,
mənimlə üz-göz oldun.
Gülüm, sənin yerinə
o qədər ölmüşəm ki,
artıq ölümsüz oldun.
Ay bəri bax, bəri bax..
Mən tərəfdə od yanır
Kül olmağa hazıram.
Tanrının iki əllə
yaratdığı qadını
Mən tək əllə yazıram.
Üzməyimi bilmirik,
niyə bizi dərd boğur,
içimizdə kin yatır?
O qədər uzağıq ki,
sən tərəfdə gün doğur,
mən tərəfdə gün batır...
“Məktub”
Sonuncu məktubunda
düzü, gözlədiyimdən
bir az da çox yazmısan.
Getdiyin gün evimdən
nə var, nə yox aparıb
"nə var, nə yox?" yazmısan.
Gecəm-gündüzüm olmur,
gündüzlər oxuyuram,
gecə yata bilmirəm.
Məktubdu da, neyniyim,
atsam, ata bilmirəm,
satsam, sata bilmirəm
Elə ağır yazmısan,
gözümün gücü çatmır
bir az nəzər yetirsin.
Elə ağır yazmısan,
quşların gücü çatmır
məktubunu gətirsin.
Məni yerə yıxmısan,
barı, insafın olsun,
yanımdan keçmə, qaldır.
On bir il yazdıqlarım
on bir sətir məktubun
yanında heç nə qaldı.
Məktubu bitirəndə
kağızlarda yaşayan
qadını sığalladım.
Elə çarəsiz idim,
məktubun sonundakı
adını sığalladım...
“Axır qəmim”
Səni seçən mən idim,
özün seçən oğlanı
gözün kimi sevirsən.
Həyatdı da, əzizim,
dünən kimi sevirdin,
bu gün kimi sevirsən...
Gözlərimiz danışdı,
gözlərimin yağışı
gözlərinə dolmadı.
Təsəllilər axışdı,
axır qəmim olan qız
axır mənim olmadı.
Gecələr də danışmır,
içə-içə ölmüşəm
gecənin ortasında.
Küçələrdə böyüyüb
səni necə itirdim
küçənin ortasında?
Gözüm çəkilmir izdən,
gəlmirsən, daha gəlmə,
saat heçə sən qalıb.
Dağ boyda eşqimizdən
geriyə iki kəlmə
salam, necəsən qalıb.
Necə şeir gətirmir
könlümdəki pərilər,
yoxsa, mənə qarşıdı?
Gecə xeyir gətirmir,
gecənin xeyirindən
sənin şərin yaxşıdı.
“Ağac”
İncimədi kağızım,
indicə bir qələmlə
incidəni yazıram.
Həyatdı da əzizim,
bir vaxt sənə yazırdım,
indi səni yazıram.
Həsrət bükdü belimi,
barı, yanımda qalsan,
cəhənnəm, dik olardım.
O qədər ağlamışdım,
kirpiyim oruc olsa,
cəhənnəmlik olardım.
Alnımda bir ləkə var,
səbəbi nə, sirri nə,
bəlkə bir tikə qaldım?
Alın yazım sən idin,
tanrı səni pozanda
yerində ləkə qaldı.
Ağaca səni yazdım,
yağış yerə düşdükcə
göyə buxarı qalxdı.
Hər ağac böyüdükcə
ağacdakı adın da
bir az yuxarı qalxdı.
Qızarmış gözlərim də
adını çəkə bilmir,
çünki səni unutdu.
Üç dəfə qapımı döy,
dördüncüdə açmasam,
bil ki, səni unutdum...
https://edebiyyatveincesenet.az/ru/edebiyyat/item/58-bu-sevda-nae-sevdadir#sigProGalleriac51a7139b9