Sizə istedadlı bir gənc şairi təqdim etmək istəyirik. Mammədov Sahibi. O, 21 oktyabr 1986-cı ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Çox gənc yaşlarından poeziyaya vurğun olması aşkarlanıb, özü də lirik-fəlsəfi şeirlər yazıb. İndiyə qədər xeyli uğur da qazanıb. Nəsimi festivalının beynəlxalq ədəbi müsabiqəsinin iki qat laureatıdır (2018 və 2019-cu illərdə). Bakıda keçirilən Avrasiya materikinin LiFFt festivallar festivalının "Gənc şair" nominasiyasının qalibidir (2019-cu ildə). Rusiyada Mixail Plastov adına Beynəlxalq Ədəbiyyat Mükafatının laureatıdır (2020-ci ildə). LiFFt - 2020 Ümumrusiya ədəbi marafonunun "Şeir" nominasiyasında 1-ci dərəcəli diplom sahibidir. "Çexov Payızı - 2021" XI Beynəlxalq Ədəbiyyat Festivalının laureatıdır həm də.
2021-ci ildə əsərləri Azərbaycan Respublikası məktəb ədəbiyyatına daxil edilib. Azərbaycan və Rusiya Yazıçılar Birliyinin, eləcə də Şimali Amerika Rusdilli Yazıçılar İttifaqının, Beynəlmiləl Yazıçılar İttifaqının üzvüdür, Nigar Həsənzadənin başçılıq etdiyi Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki "SÖZ" ədəbi layihəsinin daimi iştirakçısıdır.
"Ötən günlərin tapmacaları" və "Cənnətdə bir yer üçün" kitablarının müəllifidir. Sahib şeirlərini rus dilində yazır. “Ədəbiyyat və incəsənət” portalı ilk dəfə gənc şairin ruscadan Azərbaycan dilinə çevrilmiş şeirlərini dərc edir. Şeirləri Aydan Xəndan tərcümə etmişdir.
YAĞIŞLI BİR GÜNDƏ
Vaxt gəldi, əzizim, mən getməliyəm
Yaxşı, gəl səninlə bir çay da içək.
Bayırda yağış da bayaqdan yağır
İslanmamaq üçün çıxmayım gərək.
Oturub gözləyək bir az səninlə
Necə də gözəlsən indi, bir bilsən!
Elə sən özün də yağış kimisən
Durmadan səs-küylə pəncərə döyən.
Sən də su kimisən, yumşaq, zərifsən
Baş vurub qoynuna, üzüb dərinə,
Boynumda bir iplə boğulubsan ki
Gedirəm bilərək suyun dibinə...
Sən bir vadi kimi özünə çəkir,
Sənə atılıram heç düşünmədən
Bircə yağan yağış yalan söyləmir,
Hələ də səsini duyuruq çöldən.
Yağış səngiməyir, yağdıqca yağır,
Zərif şırşırıyla daşları yuyur,
Zümzümə edərkən həzin damcılar
Sarsılmaz qayalar birdən ram olur.
Tərtəmiz, çox şəffaf su kimisən sən
Bu bənzərlikdən də yaxşısı varmı?
Bütün qadınlardan əzizsən mənə
Əksim əbəs yerə səndə yaşamır.
Yağış bütün günü döyür hər yeri
Payızın günahı yoxdur anında
Əslində yağış da günahkar deyil
Xoşbəxtəm sadəcə sənin yanında
DOSTLAR HAQQINDA
Sadiq dost bir atəş böcəyi kimi
Bizə yol göstərər zülmət gecələr,
Gündüzlər yanında olsa da yenə,
Kimsəyə görünməz, sakitcə gəzər.
Saxta dost kölgə tək ömrünü sürər,
Günəş üstündəysə, o yanındadır.
Elə ki günəşin çöküşü başlar,
Altında sərilər ayaqlarının.
Sən də alışmısan artıq bunlara,
Fəqət bu həyatın bir qanunu var.
Səmanı buludlar örtdüyü zaman
Kölgən sənlə qalmaz, birdən qeyb olar...
BƏLALARIN KÖKÜ
Bu səhər yoluma taksiylə çıxdım
Yollara baxırdım çirk idi ətraf
Günəş də səmadan tutqun baxırdı
Hara nəzər salsam, bərbaddı, bərbad!
Maşın şütüyürdü palçıq yollarda,
Boz rənglər içində qalmışdı evlər,
Təkərlər tullayıb hər yerə çirki,
Könlümü salırdı sonsuz təşvişə.
O an birdən-birə daraldı nəfəs,
Açdım pəncərəni təmiz havaya
Şüşənin çirki də yox oldu birdən
Vuruldum bu meşə, dəniz havaya
İçimdə düşündüm ötən həyatı
Sanki pəncərədən görsənir əksi
İnsanlar boylanır ordan, sadəcə,
Fərqlidir hər kəsin ömür şüşəsi.
Yağış bütün günü döyür hər yeri…
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/edebiyyat/item/354-yazhh-sh-butun-zhunu-doeyur-haer-yeri#sigProGalleria4e84498791
https://edebiyyatveincesenet.az/ru/edebiyyat/item/354-yazhh-sh-butun-zhunu-doeyur-haer-yeri#sigProGalleria4e84498791