Özbəkistanın tanınmış yazarı, "Kitab dünyası" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Xasiyyət Rüstəmin "Adı Lalə idi o qızın..."poeması 44 günlük Vətən müharibəsi dövründə yazılmış diqqətçəkən ədəbi nümunələr sırasındaydı, həmin poemanın da yer aldığı "44 gün" kitabı Sumqayıtda ədəbi ictimaiyyətə təqdim olundu. Xasiyyət xanımla birgə Azərbaycana gəlmiş araşdırmaçı yazar Şöhrət Barlas da tədbirə qatılmışdı.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı yeni nəşri həm Azərbaycan, həm də özbək oxucuları üçün çox dəyərli adlandırdı. O, Şöhrət Barlasın da türk dünyası üçün önəmli işlərə imza atdığını vurğuladı: "44 günlük müharibədə Şöhlət Barlas sona qədər yanımızda olduğunu, hətta savaşmağa hazır olduğunu demişdi".
Həm Xasiyyət xanım, həm də tarixçi-yazar Şöhrət Barlas Özbəkistan-Azərbaycan ədəbi-mədəni bağlarının möhkəmlənməsində göstərdikləri xidmətlərə görə Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin Fəxri üzvü elan edildilər.
Ardınca çıxış edən Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair Əkbər Qoşalı yeni nəşri tarixi hadisə kimi qiymətləndirdi.
Kitabın ədəbi məsləhətçisi, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva Xasiyyət xanımın fədakar əməyini yüksək dəyərləndirdi: "Dünyanın müxtəlif yerlərində eyni qanı daşıdığımız qardaşlarımız var. Amma 44 günlük müharibə dövründə qardaşlarımız arasında susanlar oldu. Ürəyi bizimlə döyünən qardaş-bacılarımızı da gördük. Zəfərimizə bizimlə birgə sevindilər. Xasiyyət xanım da onlardan biridir".
Qənirə xanım Xasiyyət Rüstəmin Özbəkistanda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliğində dəstəyini əsirgəmədiyinə diqqət çəkdi. Qənirə Paşayeva əlavə etdi ki, Nizami ilində "Xəmsə" orijinaldan özbək dilində tərcümə olunub. Eyni zamanda, qardaş şəhərlər layihəsi üzərində iş gedir.
Həm Xasiyyət xanım, həm də tarixçi-yazar Şöhrət Barlas Özbəkistan-Azərbaycan ədəbi-mədəni bağlarının möhkəmlənməsində göstərdikləri xidmətlərə görə təltif olunublar.
Qeyd edək ki, “44 gün" kitabı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin maliyyə dəstəyilə nəşr olunub.
Mərkəzin direktoru Samir Abbasov Şuşa səfərinin unudulmaz olduğunu, Vətən müharibəsi dövründə yaşadıqlarını ifadə etməkdə çətinlik çəkdiyini, zəfəri bizə yaşadan şəhidlərimizin qarşısında baş əydiyini dilə gətirdi: "Mədəniyyət mərkəzimiz 44 gün ərzində 244 məqalə dərc etdirdi. Məhz Xasiyyət xanım və Şöhrət bəy bizə bu işdə çox böyük dəstək göstərdilər".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Vətən müharibəsi dövründə demək olar ki, hər gün Şöhrət Barlasla təmasda olduğunu bildirdi: “Daha çox Türkiyənin, Pakistanın adı çəkilirdi, amma Özbəkistan Ön Asiyada fərqlənirdi. 70 il bizə təlqin ediblər ki, biz qardaş deyilik. Dost kimi Qafqaz xalqlarını göstərirdilər. Lakin son illər özbəklərlə bizim qardaşlıq əlaqələrimizin qədim köklərə malik olduğunu sübut edən ziyalılar sayəsində gerçəklik ortaya çıxdı”.
Qarabağ Veteranları Birliyininin Sumqayıt bölməsinin sədri Mübariz Quliyev də özbək yazarlara minnətdarlığını ifadə etdi.
Qonaqlara həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi "Milli Ordu-100" medalı təqdim olundu.
Qeyd edək ki, “44 gün” kitabının Gədəbəydə də təqdimatı keçiriləcək.
Özbək şairəsi Xasiyyət Rüstəmin “44 gün” kitabının Sumqayıtda təqdimatı oldu
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/ru/edebiyyat/item/351-oezbaek-shairaesi-khasiyyaet-rustaemin-44-zhun-kitab-n-n-sumgay-tda-taegdimat-oldu#sigProGalleriae1f2975b91
https://edebiyyatveincesenet.az/ru/edebiyyat/item/351-oezbaek-shairaesi-khasiyyaet-rustaemin-44-zhun-kitab-n-n-sumgay-tda-taegdimat-oldu#sigProGalleriae1f2975b91