Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Günümüzdə yəni el şairləri yoxdur? Şeirləri dillərdə dolaşan, məclislərin yaraşığı olan el şairləri yəni keçmişdə qaldı? Mən deyərdim ki yox. Bu gün onlardan biri - Əlövsət Saldaş barədə söz açmaq istəyirəm.
Əlövsət Saldaş (Məmmədov Əlövsət Sarı oğlu) 15 iyun 1957-ci ildə Ağdərə rayonunun Çərəkdar kəndində anadan olub. 1974-cü ildə Kəlbəcər rayonunun Qılınclı kənd orta məktəbini, 1978-ci ildə isə Xankəndi Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib. Peşəkar müəllim kimi Kəlbəcərin Nadirxanlı kənd orta məktəbində çalışıb.
1993-cü ildə erməni işğalından sonra etibarən məcburi köçkün həyatı yaşamağa məcbur qalan Əlövsət Saldaş Qobustan rayonunun Təklə kəndində müvəqqəti məskunlaşıb. O, burada Ərəbşalbaş, Çuxanlı və Təklə kəndlərində riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirib. 2022-ci ildə təqaüdə çıxıb.
Ədəbi yaradıcılığı
Əlövsət Saldaş hələ orta məktəb illərindən poeziyaya maraq göstərmiş və ilk şeirlərini yazmışdır. 1979-cu ildən etibarən dövri mətbuatda və müxtəlif almanaxlarda şeirləri dərc olunmuşdür. Lakin 1993-cü ildə Kəlbəcərin işğalı zamanı onun yazdığı şeirlər də işğalçı tərəfindən məhv edilmişdir.
Bütün çətinliklərə baxmayaraq, şair yaradıcılığını davam etdirmiş və üç kitab müəllifi olmuşdur:
"Məni unutmağa tələsmə hələ" (2002)
"Çətindir bu yurdun şairi olmaq" (2009)
"Ömrün payızından üzü yuxarı" (2017)
Əlövsət Saldaşın poeziyası vətən sevgisi, köçkünlük acısı, insanın daxili dünyası və zamanın amansız axarı kimi mövzulara toxunur. Onun şeirləri doğma Kəlbəcər torpağına duyduğu sonsuz bağlılığın, eləcə də məcburi köçkünlük həyatının ağır izlərinin poetik təzahürüdür.
“Ədəbiyyat və incəsənət” portalının oxucularını şairin yaradıcılığından bir neçə nümunə ilə baş-başa qoyuram.
BİR QƏDƏR
Qələmə sarıllam hərdənbir, indi,
Şeir and yerimdi, Qələm pirimdi.
Aşikar görünən dörddən birimdi,
Dərinə işləyib köküm bir qədər...
Yolum daşa çıxır, sərtdə tapıram,
Sınağa çəkilləm bərkdə, tapıram...
Dərdin dərmanını dərddə tapıram,
Qoy sıxım bağrıma, büküm bir qədər.
Dilqəmin naləsi, fəryadı məndə,
Elə bil, gözyaşı dəryadı məndə.
Olum zamananın Fərhadı mən də,
Çapım qayaları, söküm bir qədər.
Yanıram - atəşdi, közdü gedirəm,
Səbrim bura qədər dözdü, gedirəm...
Bəri dur, sən Allah, sözdü, gedirəm,
Açım ürəyimi, töküm bir qədər.
Əlövsət, qalmadı qalası yerim,
Olmadı bir lövbər salası yerim.
Di get, cəhənnəmdə qal, asi yerim,
Haxdan ağır gəlib hökm bir qədər...
ƏLDƏN GEDİR
Elə durduğu yerdə
Bayılır əldən gedir
Oyadırsan adamı
Ayılır...əldən gedir
Dilədim dönə - dönə
Gedənlər yenə dönə
Yaxşılar dənə - dənə
Sayılır əldən gedir
Ümid çürük qoz kimi
İrəngi bomboz kimi
Eh ömür də toz kimi
Yuyulur əldən gedir
Bəndə quldu, dərd ağa
Sinə gərir hər dağa
İnsan yemdi, torpağa
Qoyulur, əldən gedir...
Sevgidən necə doyum
Öpüm gözümə qoyum
Ürəyim soyum - soyum
Soyulur əldən gedir....
BİR QIRIX...
Həsrətin canımı yandırdı, yaxdı,
Gətir vüsalından içim bir qırıx.
Dirilik suyutək çəkim başıma,
Ay zalım, səngisin içim bir qırıx.
Bu da bir nidadı qopdu dilimnən,
Sönürəm, gəl oyna indi külümnən.
İxtiyar çağımdı, yapış əlimnən,
Çətin yoxuşları keçim bir qırıx.
Eh... nəfəsdi getdi, birdən gəlmədi.
Getsin də, yurdumda qalan kəlmədi.
Bu tale yüküdü, Haqdan gəlmədi,
Şələm nə boydadı,..gücüm bir qırıx.
Yanasım qalmayıb indi ta yansın,
Baxsın bu halıma yanan, ha yansın...
Bir bulaq başında azca dayansın,
Əylənsin yol üstdə köçüm bir qırıx.
Sən kövrək şerimdə qəmli sətirim-
Başladım, - bilmədim necə bitirim...
Köhnə günahları yada gətirim,
Ərisin yanında suçum bir qırıx.
Dözsün, ağrıları Saldaşa verək,
Yaşatsın, bu eşqi yaddaşa verək.
Bir xəlvət guşədə başbaşa verək
Sənli günlərimə köçüm bir qırıx.
YOLUMU GÖZLƏ
İndi öz-özümlə dalaşan vaxtım,
İndi əl-ayağım dolaşan vaxtım....
Getdi o sən görən dağ aşan vaxtım,
Düzlə gələcəyəm, yolumu gözlə!
Bir də görərsən ki, çatmışam sənə,
Duyğu gülşənində batmışam yenə.
Nəğmədən bir böğça tutmuşam sənə,
Sözlə gələcəyəm, yolumu gözlə!
Bu üzülmüş bədən, yorulmüş ürək
Təzədən sözümə baxarmı görək.
Azca odum qalıb, qoruyam gərək,
Közlə gələcəyəm, yolumu gözlə!
Olurmu mənimtək elə dolduğun,
Dönüb payız vaxtı gülə, solduğun...
O vaxt baxışından dəli olduğun
Gözlə gələcəyəm, yolumu gözlə!
Tufana tuş gəldi, sellər apardı,
Aylar yağmaladı, illər apardı.
Gözlədik, gözlədik ömür qutardı,
Gözlə, gələcəyəm, yolumu gözlə!
Azıb çən dumanda itdiyin yolla,
Gedib yad ünvanda bitdiyin yolla,
Əlövsəti qoyub getdiyin yolla -
İzlə gələcəyəm, yolumu gözlə!
VƏDƏSİYDİ
Kirpiklər elə bil şimşək çaxırdı,
Baxışlar yandırıb, məni yaxırdı.
Sular önümüzdən duru axırdı,
Onda ömrümüzün Yaz vədəsiydi.
Nə mən yerimdəyəm, nə sən yerində,
Qaçıbdır ləzzəti həmən yerin də.
Bayılıb qalmışdıq çəmən yerində,
Gülün bülbülünə naz vədəsiydi.
Çəkdi girdabına haralar bizi,
Tapdı səksəkələr, qaralar bizi.
Onda əyməmişdi yaralar bizi,
Onda keyfimizin saz vədəsiydi.
Onda ümidlərin solmayan vaxtı,
Gözlərin həsrətdən dolmayan vaxtı,
Onda ağrıların olmayan vaxtı,
Onda qayğıların az vədəsiydi.
GƏLSİN
Bağrımım başında yeri eylədiyim-
Bağrıma tökülsün qadası, gəlsin!
Həmənki şövq ilə çəkim nazını,
Qoy öldürsün məni ədası, gəlsin!
Tər-təzə güllərdən tutaram dəstə,
Çinar tək bitərəm yolları üstdə.
İntizar çəkirəm, qulağım səsdə,
Yetsin biz tərəfə, sədası, gəlsin!
Günüm gün olmadı getdiyi gündən,
Bir ucdan saralıb tökülləm dən-dən.
Alsın bu cavabsız sualı məndən,
Qoyulsun cümləmin nidası, gəlsin!
Bəlakeş doğubdur anam, gedirəm,
Doğub ki, alışam-yanam, gedirəm...
Mən elə getməli canam, gedirəm,
Olum gözlərinin fədası, gəlsin!
Yollara baxmaqdan düşüb göz əldən,
Əl gözdən gileyli, lələ, göz əldən.
Könlümün quşuna odur gözəl dən,
Gəlsin, Əlövsətin qidası, gəlsin!
CİNASLI QOŞMA
Bildim, qoparacaq köhnə qaysağı,
Naşı əl uzatdı yarama sarı.
Şəfa dilədiyim, harda qalmısan,
Di gəl, o məlhəmi yarama sarı.
Mən elə dünyanın qəm ortağıyam,
Ağrı zirvəsiyəm, həsrət dağıyam.
Kəsilib doğranmış tut budağıyam,
Götür yarpağımdan barama sarı.
Çoxdandı təzanəm sim sarı gəlmir,
Dillənmir sazımda sim - sarı, gəlmir...
Gəlmir ürəyimin simsarı gəlmir,
Bu təlaşım dönə arama sarı.
Dilim sözə baxmır ha, lal gəzirəm,
Bax mənim halıma, hal al, gəzirəm...
Mən halal adamam, halal gəzirəm,
Yollarım bağlıdır harama sarı.
Ruzigar amansız əsir, görürəm,
Əlövsət, qılınc tək kəsir, görürəm...
Ehtiyac görürəm, kəsir görürəm,
Boylanıb baxıram harama sarı.
ÖZÜMƏ
Sinədən oxlayır, kürəkdən çıxır,
Necə sovuşduraq bu çəri, Adam?
Bağrı parçalayır, ürəkdən çıxır,
Qaldır bu həsrəti iç, əri, Adam!
O bizə göylərdən Tanrı payıdır,
Nə olsun, duyanı barmaq sayıdır..
Deyirik, divara dəyir, qayıdır,
Azalıbdı sözün keçəri, Adam.
Köhnədən qalmışam uçuq barıyam,
Hələ ümidvaram işə yarayam.
Mən bir az özümnən çölə sarıyam,
Bir az da özümnən içəri adam.
Gəlış də, gediş də müəmma, sirdi,
Bələkdi, kəfəndi, - donluğu birdi..
Əlövsət, hamının sonluğu birdi,-
Bu yurddan O yurda köçəri adam...
GETSİN
Hər yetən yanında açıb-ağartma,
Sirrini nadannan daldala, getsin.
Tən gələ bimirsə yolda yoldaşın
Ayağını sürü, qal dala, getsin.
Sözümün şəkki yox, bəlkəsi yoxdu,
Şeytanın "vətəni", "ölkəsi" yoxdu.
Bəhrə cəhənnəmə, kölgəsi yoxdu,
Barsızı kökünnən baltala, getsin.
Paslı patron kimi birdən atılar,
Dəyər bir- birinə, aləm qatılar...
Gördün anlamadı, başın çatıla,
Qanmazı yedəklə, sal dala, getsin.
Biri xoş qılıqnan gələr üstünə,
Biri xəncər qapar, durar qəsdinə.
Birinə layiqdi, gül ver dəstinə,
Birini zəncirlə, xaltala, getsin.
Bu Saldaş adamın, ağır adamın
Qayğılar başından yağır adamın.
Yollarda yorulan fağır adamın
Götür şələsini, al dala, getsin.
MƏNİ
Əlövsət adında şair gəzməyin,
Qərib çağırırlar Vətəndə məni.
Nələr çəkdiyimi bir Allah bilir,
Nə mələk annamaz, nə bəndə məni.
Dərdimə bağlıdı sözümün başı,
Onunçun qurumur gözümün yaşı.
Yanıram - deyirəm, anlamır naşı,
Yüz yara göynədir bədəndə məni.
Yetənə dolaşan dolaq olmadım,
Calaq vuran oldum, calaq olmadım.
Tikan bitirmədım, alaq olmadım,
Əkən yaxşı əkib əkəndə məni.
Kimə xərcləmisən, hara vaxtını?!
Gəz canım, təzədən ara baxtını.
Görürdüm günümün qara vaxtını,
Həsrət qucaqlayıb öpəndə məni.
Görən yerindəmi bəndlər, bərələr,
Qayıdam, çəmənlər süfrə sərələr...
Baxarmı üzümə dağlar, dərələr,
Getsəm, qoyarlarmı o kəndə məni?!
“Ədəbiyyat və incəsənət”
(01.04.2025)